Logo
news content
User
Kateqoriyalar

Analitika

İkinci və sonuncu qaçış?
Paşinyan qalmağa çağırır, ermənilərsə Ermənistanın özündən də qaçırlar 

Bu günə kimi “Dağlıq Qarabağ”dan olan 3000-dən çox “məcburi köçkün” artıq Ermənistan Respublikasını tərk edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 19-da hökumətin iclasında deyib.

“Mən bu mövzuda nəticə çıxarmağa tələsmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə gedirlər. Ümid edirəm ki, biz bu mesajı çox aydın şəkildə çatdırırıq və mən Dağlıq Qarabağdan olan məcburi köçkün bacı və qardaşlarımızı Ermənistanda qalmağa çağırıram. Bizim onları dəstəkləmək üçün hər şeyi edirik, siyasətimiz ondan ibarətdir ki, Dağlıq Qarabağa qayıtmaq üçün de-fakto imkanları və ya istəkləri olmadığı halda, onların Ermənistanda qalmaları üçün hər şeyi edək. Mən Dağlıq Qarabağdan olan məcburi köçkün qardaş və bacılarımızı Ermənistandan mühacirət etməyi qarşıdan gələn tədbirlər planı kimi qurmamağa çağırıram”, - Paşinyan deyib və əlavə edib ki, Ermənistan Respublikası hökuməti Dağlıq Qarabağdan olan “məcburi köçkünlərin” ehtiyaclarını ödəmək üçün artıq 100 milyon dollar ayırıb və müxtəlif proqramlar hazırlayıb.

Paşinyanın narahatlığını başa düşmək mümkündür - əgər Qarabağ erməniləri Ermənistanda qalmasa və onlar bütün dünyaya səpələnsələr, gələcəkdə ermənilərin Qarabağın dağlıq hissəsinə iddialarına haqq qazandıracaq heç nə olmayacaq.

Maraqlıdır ki, bu fonda Avropa Şurası Nazirlər Komitəsi və Aİ nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən iclasda Qarabağ ermənilərinin taleyi ilə bağlı bəyanat da qəbul ediblər.

Orada bildirilir ki, “Dağlıq Qarabağın 100,6 min nəfərdən çox əhalisinin demək olar ki, hamısı Ermənistanda sığınacaq tapıb”. 

“Qarabağda qalanlara və gedənlərə daimi və maneəsiz humanitar dəstəyin təmin edilməsi son dərəcə vacibdir. Avropa Komissiyası ötən həftə 2020-ci ildən bəri ayrılmış 20,8 milyon avroya əlavə olaraq 10,45 milyon avro dəyərində əlavə humanitar yardım paketi elan etdi.

Azərbaycan insan hüquqlarını, Qarabağ ermənilərinin fundamental azadlıqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində ləyaqətlə, heç bir qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnu təmin etməli, eləcə də, Dağlıq Qarabağdan olan qaçqınlar və məcburi köçkünlərin tarixlərinə, mədəniyyətlərinə və hüquqlarına lazımi hörmətlə, onların könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün şərait yaratmalıdır. Bundan əlavə, yerli əhalinin mədəni irsi və mülkiyyət hüquqları effektiv şəkildə qorunmalı və təmin edilməlidir.

Biz Prezident Əliyevin Qarabağ erməniləri ilə sülh şəraitində yaşamağa, onların hüquqlarını qorumağa hazır olması barədə ictimaiyyətə açıqlamalarını diqqətə almışıq. Azərbaycan bu əhalinin taleyi üçün birmənalı olaraq əsas məsuliyyət daşıyan tərəfdir. Maddi, konkret və şəffaf təminatlar təmin edilməlidir. Əhəmiyyətli etimad qurulması tədbiri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və bütün tərəflərin sərt ritorikadan çəkinməsini gözləyirik”, - bəyanatda deyilir.

Maraqlıdır, avropalıların nəsihətləri və Paşinyanın çağırışları əks prosesi başlamağa qadirdirmi? Yəni Ermənistana gedənlərdən kiminsə Azərbaycan ərazisindəki evlərinə qayıtmağa razılıq verəcəyini gözləmək olarmı? Paşinyan deyir ki, Qarabağ ermənilərinin 3 faizi cəmi bir ay sona Ermənistanın özünü tərk ediblər. Belə bir vəziyyətdə onların Qarabağa qayıdışı real görünürmü?

Müstəqil politoloq Xəqani Cəfərli old.pressklub.az-a açıqlamasında qeyd edir ki, 1994-cü ildən 2020-ci ilə qədər, yəni Birinci Qarabağ Müharibəsinə son qoyan Bişkek Protokolu imzalandığı andan İkinci Qarabağ müharibəsi başlayana kimi Ermənistan və Qarabağdan Rusiyaya 2 milyon erməninin köçdüyü barədə informasiya var.

“1994-2020-ci illərdə Ermənistandan və bütövlükdə Qarabağdan yüz minlərlə erməni Avropaya və digər postsovet ölkələrinə köçüb. Və bu dövr ona görə xüsusilə diqqətəlayiqdir ki, Birinci Qarabağ müharibəsi nəticəsində ermənilər qalib gələrək böyük əraziləri ələ keçirdilər. Amma ermənilər öz milli dövlətləri olmadan da kifayət qədər yaxşı yaşayan icma olduqları üçün işğal olunmuş nəhəng torpaqlar və müharibədəki qələbə onları bu torpaqlara bağlaya bilmədi”, - deyə politoloq qeyd edir.

“Əgər qələbə və işğal olunmuş geniş ərazilər erməniləri bu torpaqların daimi sakinləri etmədisə, indiki məğlubiyyətdən sonra onların diqqətini dünyanın başqa ölkələrinə yönəltmələri tamamilə təbidir”, - Cəfərli sözünə davam edir.

“Ermənilərin Qarabağdan zorla qovulması ətrafında yaradılan səs-küy onların geri qayıtmaq istəyi ilə bağlı deyil”, - politoloq əmindir. – “Onlar güzəştli şərtlər alıb dünyanın inkişaf etmiş ölkələrinə köçmək istəyirlər. Bu prosesdə yeganə acınacaqlı məqam odur ki, ermənilər öz məqsədlərinə çatmaq üçün Azərbaycanın adını ləkələyirlər. Fikrimcə, Azərbaycan 1994-2020-ci illərdə Ermənistandan və Qarabağdan ermənilərin xarici ölkələrə miqrasiyası ilə bağlı araşdırmalar aparıb dünya ictimaiyyətinə təqdim etməkdə maraqlı olmalıdır. Axı bu, ermənilərin məcburi köçü ilə bağlı iddiaların açıq-aşkar təkzibi ola bilər”.

Rauf Orucov