Logo
news content
User
Kateqoriyalar

Analitika

İkinci mübadilə

Erməni hərbçiləri ilə işğaldan azad edilmiş torpaqların minalanmış xəritələrinin növbəti mübadiləsi Rusiyanın vasitəçiliyi ilə baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, iyulun 3-də Moskvanın təşəbbüsü ilə işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış təxminən 92 min tank və piyada əleyhinə minalara dair xəritələr Azərbaycana təqdim edilib. 

Nazirlik hesab edir ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək, işğaldan azad edilmiş ərazilərdə tikinti, yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək: "Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib".

Ermənistana qaytarılan ermənilər 10 noyabr razılaşmasından sonra Hadrut meşələrində Azərbaycan ordusuna qarşı diversiya aktları həyata keçirdikdən sonra ələ keçirilib. Ermənistan onları hərbi əsir sayır və bu səbəbdən 10 noyabr sənədinə uyğun olaraq geri qaytarılmalarını tələb edirdi. Avropa Parlamenti, Avropa Birliyi, ABŞ, Fransa və digər ölkələr də əsirlərin qaytarılması üçün Bakıya çağırış edirdi. Azərbaycan rəsmiləri isə bildirirdilər ki, onlar 10 noyabr razılaşmasından sonra tutulduqları üçün hərbi əsir sayila bilməzlər.

Saxlanılan ermənilər ayrı-ayrı qruplar halında mühakimə edilirlər. İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qruplardan biri üzrə mühakimə olunanlara hökm oxunub. 14 nəfərdən ikisi 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib. İstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib, basqınlar törətmə)318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar irəli sürülüb. Lakin dövlət ittihamçısı çıxış edərək digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız 318-ci maddə ilə təqsirli bilinib, cəzalandırılmasını təklif edib. Hakim də buna uyğun hökm elan edib. Altı aylıq cəza müddəti bitən erməni əsgərləri ölkələrinə göndərilib. 

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində eyni ittihamlarla ümumilikdə 30-a qədər Ermənistan hərbçisininin məhkəməsi davam edir. Güman ki, onlar da digər ərazilərin mina xəritələrinin müqabilində təhvil veriləcəklər. 

Xatırladaq ki, əsirlərin və mina xəritələrinin ilk mübadiləsi iyunun 12-də ABŞ-ın təşəbbüsü və Gürcüstanın vasitəçiliyi ilə baş tutub. Ermənistan Ağdam rayonu ərazisində basdırılmış təxminən 97 min minanın xəritəsini Azərbaycana təqdim edib, əvəzində 15 erməni hərbçisi qarşı tərəfə verilib. Xəritələrin doğruluğuna ABŞ tərəfindən zəmanət verilib. Bu mübadilədən sonra minalanmış başqa ərazilərin xəritələri ilə qalan hərbi əsirlərin mübadiləsinin baş tutacağına inam yaranmışdı. Çünki əvvəla, hər iki tərəf bunda maraqlıdır, ikincisi, məntiqlə Qərbin Gürcüstan vasitəsilə ilk addımı atması Rusiyanı da hərəkətə gətirməli idi. Rusiya rəhbərliyi Qərbin təşəbbüskarlığının davam etməsinin qarşısını almaq və bölgədə azacıq zədələnmiş sülhyaradıcı imicini bərpa etmək üçün növbəti mübadilənin təşkilatçısı olub. Azərbaycan XİN-in bəyanatında bu barədə ayrıca bənd var, eyni zamanda sülhməramlıların komandanı Rüstəm Muradova minnətdarlıq ifadə edilib. Amma bu dəfə Füzuli və Zəngilanın mina xəritələrinin doğruluğuna Moskvanın zəmanət verib-verməməsi barədə rəsmi açıqlamada heç nə deyilmir. 

Növbəti mübadiləyə Azərbaycan ictimaiyyətinin reaksiyası çox da müsbət olmadı. Bunun səbəbi mühakimə olunan erməni dversantları haqqında yalnız 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddə ilə ittiham irəli sürülərək onların azadlığa buraxılmasıdır. Ermənilərə bir neçə ağır cinayət maddələri ilə ittiham irəli sürülsə də, sonda dövlət ittihamçısı onları yüngül cəza ilə cəzalandırılmasını tələb edib. Aydındır ki, bu barədə təlimat ən yuxarıdan gəlib. 

Xatırladaq ki, bundan iki həftə əvvəl ötən il iyulun 14-də Bakıda keçirilən Qarabağ mitinqində iştirak etmiş müxalifət fəalları 4-5 il müddətinə şərti cəzaya məhkum edilib. Bu paradoks haqlı olaraq cəmiyyətdə suallar doğurur və atılan addımların əhməiyyətini aşağı salır.

Turqut