Logo
news content
User
Kateqoriyalar

Analitika

İkinci mərhələ: Rusiyadan təxribatlar, Qərbdən təzyiqlər gözlənilir
Azərbaycan Qarabağda suverenliyini addım-addım təmin etmək üçün nələr edə bilər?

Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla dövlət sərhədinin bu günə qədər bağlı olmayan yeganə hissəsində - Laçın yolunun girişində nəzarət buraxılış məntəqəsini qurdu. Dünən keçirilən təntənəli mərasimdə Azərbaycanın dövlət bayrağı məntəqənin üzərində qaldırıldı və Ali Baş Komandana məruzə olundu. Bu, 44 günlük müharibədən sonra ölkə ictimaiyyətinin əsas gözləntilərindən biri idi və dövlət onu təmin edə bildi. 

Bəs bundan sonra nələr ola bilər? Azərbaycanın qarşısında hansı vəzifələr durur? Qarabağda suverenliyin təmin edilməsi üçün yol xəritəsində nələr əskini tapmalıdır? 

Əvvəlcə mövcud vəziyyət haqqında:

Əvvəla, sərhədə nəzarəti təmin edilməsi Qarabağda mövcud olan separatçı rejimin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına düşməsi deməkdir. Rusiyanın himayə etdiyi bu qurum reallıqla barışmaq niyyətində deyil, Rusiyaya və dünyaya ardıcıl müraciətlər edərək, Azərbaycanı dayandırmağa çağırır. Separatçı rejim 10 mindən artıq silahlı qüvvəyə, habelə ağır silahlara malikdir. 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan ordusunun bir hissəsi Xankəndində və ətraf ərazilərdə yenidən komplektləşdirilib və silah-sursatla təmin olunub. Hazırda separatçıların təminat yolu bağlanıb, bundan sonra əraziyə hərbi təyinatlı yüklərin daşınması mümkün deyil. 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, yola Rusiya sülhməramlıları ilə birgə nəzarət olunacaq, habelə oradan əhalinin rahat gəliş-gedişinin təmin edilməsində heç bir problem olmayacaq. Amma Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinə nəzarətini təmin etməsini pisləyib və birgə nəzarətin həyata keçiriləcəyi barədə Bakının bəyanatını təsdiqləməyib. Bununla yanaşı, Qarabağdakı sülhməramlılar adlandırılan hərbi qüvvələrin komandanı, general Volkovu geri çağırılıb, onun əvəzinə Rusiya Hərbi Hava Qüvvələri komandanının keçmiş müavini, general-polkovnik Aleksandır Lentsovu təyin edib.  

Aleksandr Lentsov Birinci Çeçenistan, İkinci Çeçenistan müharibələrində, Bosniya, Cənubi Osetiya, Donbas və Suriyada hərbi əməliyyatlarda iştirak edib.

66 yaşlı Lentsov hazırda Rusiya müdafiə nazirinin müşaviridir. O artıq Qarabağa gəlib, erməni mediası iddia edir ki, Azərbaycanın qurduğu sərhəd-keçid məntəqəsinin sökülməsi ilə bağlı Azərbaycan nümayəndələri ilə danışıqlar aparmaq niyyətindədir.

 

Beləliklə, Kreml bundan sonra separatçılara hərbi-siyasi dəstəyi dayandırmaq niyyətində deyil. O zaman necə olacaq - Azərbaycanla qarşıdurmaya gedəcək, yoxsa, uzlaşma mümkün olacaq? Bakı kompromis addım kimi birgə nəzarət təklif edib, amma separatçı rejimin sərbəst fəaliyyəti, Qarabağda silahlı qüvvələrin saxlamaqda davam etməsi, onların təminatı, rotasiyası, habelə separatçı liderlərin bölgəyə giriş-çıxışı kimi prinspial məsələlər var ki, onlarla bağlı uzlaşma əldə etmək çətindir. Rusiya müharibədən sonra bölgədə tam sərbəst olan fəaliyyətini Azərbaycanla bölüşmək istəməyəcək. Əlbəttə, yaxın dövrdə “sülhməramlıların” avtomobilləri yoxlamaya məruz qalmaya bilər, amma buna davamlı təminat yoxdur. Üstəlik, Azərbaycan onlara Qarabağdakı silahlıların təminatını həyata keçirməyə imkan verməyəcək. Moskva qısa müddətdə Xankəndində himayə etdiyi qüvvələrə optimal şərait yarada bilməsə, ona qarşı narazılıqlar artacaq, artıq indidən sülhməramlıların BMT qüvvələri ilə əvəzlənməsi barədə çağırışlar dövriyyəyə buraxılıb. Ona görə də Rusiyadan Azərbaycana qarşı ciddi təzyiqlərin olacağı, bölgədə silsilə təxribatların baş verməsi gözləniləndir. 

Qərbin mövqeyi də Azərbaycana qarşı ritorikada sərtdir, amma Rusiyadan fərqli olaraq onun yerdə hansısa fəaliyyət göstərmək imkanları yoxdur. Vaşinqton və Brüssel, eləcə də ayrıca olaraq Fransa Azərbaycanın Qarabağa tam nəzarətini zəiflətmək üçün siyasi-diplomatik müstəvidə Bakıya ciddi təzyiq göstərə bilər. Bura ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə bloklanmalardan tutmuş sanksiyalara qədər müxtəlif tədbirlər daxildir. Təbii ki, bunlar danışıqlar mərhələsinin tam uğursuzluğa düçar olmasından sonra gündəmə gələ bilər. Bu zaman kəsiyində Azərbaycanın da əlində geniş alətlər var, həm yerdə, həm də siyasi-diplomatik müstəvidə addımlar atıla bilər ki, özünə qarşı təzyiqləri neytrallaşdıra bilsin. Söhbət ilk növbədə Qarabağ ermənilərinin reinteqrasiyası planının erməni icmasına və beynəlxalq ictimaiyyətə təqdim olunmasından gedir. Bu proqramda erməni icmasının Azərbaycan qanunları və onun tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində bütün hüquqlarının həyata keçirilməsinə təminat veriləcək. 

İkincisi, Qarabağın silahsızlaşdırılması şərti qarşılığında əhalinin kommunal xidmətlərlə fasiləsiz təminatına, sərhəddə qeydiyyata düşməklə Ermənistana və geri təhlükəsiz gəliş-gedişinə şərait yaradıla, eyni zamanda iqtisadi fəaliyyətlər üçün dövlət səviyyəsində müxtəlif dəstəklər göstərilə bilər. Bununla bərabər, Laçında Azərbaycan valyutası ilə ticarətin aparıldığı, topdan və pərakəndə satış mərkəzlərinin, pul dəyişmə məntəqələrinin yaradılması mümkündür. Azərbaycan vətəndaşlığını qəbul edənlər üçün veriləcək xüsusi imtiyazlar da onlara təqdim edilə bilər. 

Bu siyahını xeyli uzatmaq mümkündür. Rəsmi Bakı reinteqrasiya proqramının icrasının beynəlxalq monitorinqinə şərait yaramaqla, habelə beynəlxalq qeyri-hökumət təşkilatlarını prosesə cəlb etməklə erməni icmasını, eləcə də onun taleyindən narahat olan qüvvələri normal, təhlükəsiz birgəyaşayışın mümkün olduğuna inandıra bilər.  

Paralel olaraq, Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh danışıqlarını intensivləşdirmək və Rusiyanın təxribatlarına baxmadan sülh müqaviləsini imzalamaq da gərginliyi xeyli səngidə bilər. Hazırda tərəflər arasında əsas ziddiyyətli məqam Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin müqavilədə yer almasıdır. Azərbaycan bundan qəti şəkildə imtina edərək, problemi daxili məsələ adlandırır. Sərhədə nəzarətin təmin edilməsi Bakının mövqelərini gücləndirir, Ermənistanın reallığı qəbul edib kompromisə getməsinə şərait yaradır. Doğrudur, Qərb də Azərbaycanın bu addımını sülh prosesinə zərbə sayır, amma Bakının yuxarıda qeyd olunan reinteqrasiya proqramını elan etməsi, üstəlik vəziyyətin beynəlxalq  monitorinqinə şərait yaratması sərt ritorikanı yumşalda bilər. Hər halda, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, Bakı öz sərhədinə nəzarəti təmin etməklə hər hansı cinayət törətməyib.

Bu planın işləməsinə ən böyük maneə Rusiyadır. Ermənistanın, Qərbin prosesə ciddi müdaxilə etmək imkanları yoxdur. Belə demək mümkündürsə, Vaşinqton, Brüssel, eləcə də Paşinyan hökuməti Azərbaycanla dirəşmək istəmirlər. Moskva isə Qarabağın öz nəzarətindən çıxmasına həyati maraqlarına təhdid kimi baxır. Ona görə, Azərbaycan hakimiyyəti enerjisinin böyük bir hissəsini də Kremlin təzyiqlərinin neytrallaşmasına sərf etməlidir. Bu istiqamətdə Türkiyənin də dəstəyi çox önəmlidir, çünki bir qayda olaraq, Kremldə güc faktoru ilə hesablaşırlar. 

Turqut