Logo
news content
User
Kateqoriyalar

Analitika

İkinci dərəcəli təhlükə: Ermənistan deyirik, ağlımızda isə...
Ekspert prezidentin parlamentdəki çıxışının gizli hədəfini açır

Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı hərbi qüdrətin artırılmasının ölkənin prioritet vəzifəsi olduğunu bəyan edib.

Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. 

Biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”, - Əliyev deyib.

Onun fikrincə, Ermənistanda revanşist qüvvələr baş qaldırmağa başlayıblar. “Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır”, - prezident davam edib.

Əliyev qeyd edib ki, Azərbaycanın bütün hərbi zavodlarında geniş miqyaslı yenidənqurma işləri aparılır.

O, qeyd edib ki, Azərbaycan bu gün hərbi-sənaye kompleksinin məhsullarını onlarla ölkəyə ixrac edir və bu coğrafiya ildən ilə genişlənir.

Əliyev Ermənistanla şərti sərhəddəki Azərbaycan ordusunun gücləndirildiyini də açıqlayıb.

Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir”, - qeyd edib.

Onun sözlərinə görə, Ermənistanı Azərbaycana qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır.

Bu zaman o, Azərbaycanın “müstəqil, prinsipial xarici siyasət yürütməkdə davam edəcəyini” vurğulayıb.

Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - dövlət başçısı qeyd edib.

Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”, - prezident vurğulayıb. 

O, Ermənistanı sülh prosesi ilə bağlı danışıqları uzatmaqda ittiham edib.

Bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. Aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan son 4 ildə olduğu kimi hansısa yarımhərbi rejimdə yaşamaqda davam edəcək? Ermənistan tərəfindən hansısa təcavüzü gözləyəcəyik? Bakı və İrəvanın guya sülh razılaşması bağlamaq üçün danışıqları davam etdirdikləri bir zamanda, belə yanaşma nə dərəcədə doğrudur? Axı burada bir məsələ digərini təkzib edir.

Müstəqil politoloq Xəqani Cəfərli bununla bağlı fikirlərini Prezzklub.az-la bölüşüb.

O, Ermənistanın yaxın onillikdə Azərbaycana təhlükə yaradacaq güc səviyyəsinə çata biləcəyini güman etmir.

Ermənistanın müəyyən miqdarda silahla təmin edilməsi onun müharibə aparmağa qadir olması demək deyil. Müharibə böyük iqtisadi və insan resursları tələb edir. Ermənistan İkinci Qarabağ müharibəsində verdiyi itkiləri hələ də kompensasiya edə bilməyib. Və mən düşünmürəm ki, yaxın on ildə buna nail ola bilsin. Nüfuzlu ekspertlər hesab edirlər ki, Ermənistan ən azı yaxın 50 il ərzində Azərbaycan üçün təhlükə yarada bilməyəcək. Amma təbii ki, bu, Azərbaycanın bütün təhlükələrdən sığorta olunduğu demək deyil.

Eyni zamanda, Azərbaycanın Ermənistandan bəzi istəkləri var və bu istəklər yerinə yetirməlidir. Və belə çıxışlar da bu istəklərə çatmaq üçün edilə bilər”, - ekspert güman edir.

Lakin onun fikrincə, hazırda Azərbaycana ən böyük təhlükə həm şimaldan - Rusiyadan, həm də radikal dini qruplardan gəlir. “Və Ermənistanın adının çəkilməsi, əslində bu real təhlükələrə hazırlaşmaq üçün bəhanə ola bilər - belə siyasət kifayət qədər ağlabatandır. Mənə elə gəlir ki, dövlət başçısının çıxışını məhz bu baxımdan qəbul etmək lazımdır. Bəzən rəsmi ritorikada hansısa ikinci dərəcəli təhlükə bilərəkdən şişirdilir. Çünki real təhlükənin açıq şəkildə adının çəkilməsi ölkə üçün daha böyük təhlükə yarada bilər. Dünya siyasətində bunun onlarla misalı var. Prezident İlham Əliyev beynəlxalq münasibətləri öyrənib və belə incəliklərə yaxşı bələddir”, - deyə X.Cəfərli vurğulayıb.

Rauf Orucov