Logo
news content
User
Kateqoriyalar

Analitika

İki daş arasında seçim...
Hərbi rəhbərliyi dəyişmək, səfərbərlik məcburiyyəti, böyük qarşıdurma və hakimiyyəti itirmək ssenarisi

Rusiya güc strukturlarındakı “şahinlər” Vladimir Putindən sərt addımlar atmağı tələb edir. Nüfuzlu “Bloomberg” agentliyi Rusiyadakı vəziyyətlə tanış olan beş fərqli mənbəyə istinadla yazır ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkə başçısına ordu rəhbərliyini dəyişməyi, ölkədə hərbi vəziyyət elan etməyi və ümumi səfərbərlik barədə qərar verməyi təklif ediblər.

Agentliyin mənbələri bildirilər ki, Putinə Ukrayna cəbhəsində daha aqressiv addımlar atmaq və müdafiə naziri Sergey Şoyqunu istefaya göndərmək təklif olunub. Xüsusi xidmət orqanlarının bir sıra nümayəndələri Baş Qərargah rəisi Valeri Gerasimovun da vəzifədən uzaqlaşdırılmasının və “Vaqner“ qruplaşmasının rəhbəri Yevgeni Priqojinin tələblərinin dəstəklənməsinin tərəfdarı kimi çıxış edirlər. 

“Bloomberg” qeyd edir ki, hazırda Kreml rəhbərinin Şoyqu və Gerasimovu işdən azad etməyə hazırlaşdığının heç bir əlaməti yoxdur. Yeni qüvvələr isə Ukraynanın əks-hücumunun qarşısını almaq üçün lazımdır. Amerika kəşfiyyatının ən kobud hesablamasına görə, Rusiyanın Ukraynada ən azı 120 min hərbçisi öldürülüb. Yaralananlar da nəzərə alınsa, itkilərin sayı 300 mindən çoxdur.

Ötən payızda səfərbər edilənlər artıq generallara bəs etmir. Bəzi mənbələrə görə, avqust ayında Rusiya ordusunun ehtiyat qüvvələri tükənib. ABŞ Müharibə Araşdırmaları İnstitutu qeyd edir ki, Rusiya komandanlığının cəbhədəki “deşikləri” bağlamaq üçün qüvvələri bir yerdən digərinə göndərməsi də bunu sübut edir.

Amma Kreml bu addımı atmağa tələsmir. Ötən il səfərbərliyin ölkədə etirazlara səbəb olduğunu, müharibəyə dəstəyi azaltdığını və Putinin reytinqinə zərbə vurduğunu xatırlayan Rusiya rəhbərliyi yeni səfərbərlik qərarını bacardıqca təxirə salır. Martın sonunda regionlara kütləvi şəkildə könüllülər və müqavilə ilə xidmət edənləri toplamağı tapşıran Moskva konkret plan da qoyub – 400 min nəfər. Amma 5 aya yaxın müddətdə cəmi 231 min nəfəri müqavilə ilə orduya cəlb etmək mümkün olub. Rəqəmi Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev açıqlayıb. 

Düzdür, bu rəqəmi tam doğru saymaq olmaz. Çünki onların arasında məcburi şəkildə orduya cəlb edilərək, müqaviləyə qol çəkməyə məcbur edilənlər, həbsxanadan buraxılaraq, orduya cəlb olunanlar çoxluq təşkil edir. Hazırda gizli səfərbərlik də davam edir, Rusiya vətəndaşlığı almış miqrantlar kütləvi şəkildə müqavilə altında cəbhəyə göndərilir.

Amma Ukraynada duruş gətirmək üçün bu da azlıq edir. Bunun üçün də yeni kütləvi səfərbərlik tələb olunur və onun qanunverici bazası artıq hazırdır. Aprel ayında “elektron çağırış” barədə qanun qəbul edilib. Bu qanun görə, “Dövlət xidməti” portalı vasitəsilə çağırış göndərərək, çağırışçının ölkədən çıxışına qadağa qoyula bilər. İyunda isə çağırış yaşının 30 yaşa qədər artırılması barədə qanun qəbul edilib. Bu, orduya çağırıla biləcək şəxslərin sayını 2,3 milyona qədər artırıb.

“Qanun böyük müharibəni, ümumi səfərbərliyi nəzərdə tutaraq tərtib edilib. Və hazırda bu böyük müharibənin addım səsləri eşidilməkdədir”, - deyə Dövlət Dumasının Müdafiə komitəsinin rəhbəri Andrey Kartopolov hələ iyul ayında demişdi.

Beləliklə, ortaya nələr çıxır? Əvvəla, Rusiyanın güc strukturlarındakı daima mövcud olan gizli qarşıdurma açıq müstəviyə keçməyə başlayır. Və qarşıdurmada ölkənin daxili və xarici vəziyyətindən daha çox xəbərdar olan qurumla (FTX), ən güclü və sayca ən böyük qurum (Müdafiə Nazirliyi) iştirak edir. Ölkənin iki ən böyük güc strukturunun açıq qarşıdurmaya keçməsi isə vəziyyətin son dərəcə ciddi olduğunu və ölkə rəhbərinin təsir, qərar qəbul etmə mexanizminin zəifləməsinin göstəricisidir. FTX-nın ordunun birinci şəxslərinin istefasını tələb etməsi və bu zaman Priqojin qiyamının şərtlərini dəstəkləməsi barışıq məsələsini mümkünsüz edir. Eyni zamanda bu, özündə hansısa məqamda daxili qiyam və çevrilişi ehtiva edir. Çünki Rusiyanın ən güclü və ambisiyalı şəxslərindən biri olan FTX rəhbəri Nikolay Patruşevin (yeri gəlmişkən, onun oğlu Dmitriy Patruşev bəzi dairələr tərəfindən Putinin varisi adlandırılır) ölkənin fəlakətə sürükləndiyi bir zamanda seyrçi mövqeyində qalacağı az inandırıcıdır. 

Digər tərəfdən, xüsusi xidmət orqanlarının bütün yuxarıda göstərilən təhlükələrə baxmayaraq ümumi səfərbərlik elan edilməsini tələb etməsi, orduda və cəbhədə vəziyyətin hansı dərəcədə ağır olduğu ilə bağlı Qərb institutlarının xəbərlərini təsdiq edir. Analitiklər bildirilər ki, Ukraynanın cəbhədə tədricən üstünlüyü ələ alması fonunda Rusiyanın hazırkı qüvvələrlə müdafiə oluna biləcəyi inandırıcı deyil. Çünki müasir Qərb silahını əldə edən Ukrayna cəbhə xəttini hələ yara bilməsə də, Rusiya əsgərlərinə hissediləcək zərbələr endirir və canlı qüvvəsini sıradan çıxarır. Eyni zamanda, Kiyev də dayanmır və səfərbərlik davam edir. Yəni, canlı qüvvə baxımından Ukraynaya cavab vermək üçün Moskva mütləq yeni qüvvələr cəlb etməlidir.

Bəs bu, Rusiyaya nə vəd edir? Əvvəla, müharibəyə cəlb edilənlər Rusiyanın əmək qabiliyyəti olan orta yaşlı kişiləridir. Onların cəbhəyə aparılması onsuz da ağır vəziyyətdə olan Rusiya iqtisadiyyatını tamamilə bərbad duruma sala bilər. Digər tərəfdən, cəbhəyə aparılan hər bir kişini arxasında bir neçə nəfərdən ibarət ailəsi durur. Onları təmin etmək isə dövlətin boynuna düşəcək. İqtisadi cəhətdən gün-gündən zəifləyən Rusiyada isə bu təminatın həyata keçirilməsinin mümkünlüyü şübhəlidir. Deməli, ölkədə tədricən milyonları əhatə edən narazılıq baş qaldıracaq.

Onu da yaddan çıxartmaq lazım deyil ki, ötən il həyata keçirilən səfərbərlik zamanı ölkədə qarşıdurma yaranmış, bəzi bölgələr, məsələn Dağıstan əhalisi polislə qarşıdurmaya getmişdi. O zaman hələ çoxları müharibənin hansı dəhşətlərə səbəb olacağını bilmirdi. İndi isə Rusiya əhalisi Ukrayna müharibəsinin nə demək olduğunu çılpaqlığı ilə hiss edib. Və növbəti səfərbərlik daha böyük toqquşmalara və gözlənilməz nəticələrə səbəb ola bilər.

Putin hazırda iki daşın arasında qalıb. Bir tərəfdən ölkəni və hakimiyyətini xilas etmək üçün müharibədə qalib gəlməli, bunun üçün hərbi rəhbərliyi dəyişməli və səfərbərlik elan etməlidir.

Amma növbəti səfərbərlik və hərbi rəhbərliyin dəyişməsi eyni zamanda Putinin hakimiyyəti üçün böyük təhlükədir. Səfərbərlik istəməyən insanlar və dövlət başçısından narazı olan hərbi rəhbərlik dəyişiklik halında Putin üçün ciddi başağrısına çevrilə bilərlər.

Press Klub