İctimai nəzarət və debatlar üzrə müsabiqə (sual-cavab)
18 Noyabr 2019
Mətbuat Klubunun müsabiqə elanına jurnalistlərdən ilk təkliflər alınıb. Ancaq suallar daha çox səslənir. Müsabiqəyə qatılmaq istəyənlərə kömək üçün həmin sualları konkurs komissiyasının rəhbərinə ünvanladıq (məlum səbəblərdən onun adını göstərmirik).
- Press Klub 15 ildən sonra ilk müsabiqəsini elan etdi. Məncə o, bayramlara həsr olunmuş, yaxud icra hakimiyyətləri ilə birgə keçirilən digər müsabiqələrdən mahiyyət etibarı ilə fərqlənir. Niyə “məncə” deyirəm, çünki elanı oxuduqdan sonra da suallar qalır...
- Elan yığcam tərtib olunub. Adətən, müsabiqə elanlarından sonra informasiya sessiyaları təşkil edilir. Bax, o sessiyanı indi sizin müsahibə əvəz edəcək. Daha konkret sualı olanlar isə Press Kluba zəng edə, yaxud yaza bilərlər.
- Öndan başlayaq ki, müsabiqə mövzuları çox maraqlı, müəyyən mənada orijinaldır, buna görə onların izahına ehtiyac duyulur.
- Azərbaycan mediasının problemləri sırasında ictimai marağın yetərincə müdafiə edilməməsi, ictimai nəzarətin həyata keçirilməsində KİV-nin iştirakının zəifliyi dərhal nəzərə çarpır. İctimai nəzarət o deməkdir ki, cəmiyyət öz fəalları, yaxud qabaqcıl institutları vasitəsi ilə dövlət orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə göz qoymalıdır, qanunlar pozulanda, mühüm tələblər yerinə yetirilmədikdə müdaxilə etməlidir, ən azı həyəcan siqnalı verməlidir. Prezidentin cəmiyyətdəki dəyişikliklərə həsr olunmuş bütün çıxışlarında da bunun vacibliyi qeyd edilir. Sizə bəri başdan deyim: ictimai nəzarət işə düşməsə, islahatlara nail ola bilməyəcəyik. Amma “ictimai nəzarət” sözlə hərəkətə gəlmir, onu işə salmaq üçün də mexanizm, stimul lazımdır. Ölkədə belə mexanizm və stimullar yoxdur: QHT-lərin fəaliyyət imkanları məhdudlaşdırılıb, media siyasi mübarizə alətinə çevrilib, insanlar öz hüquqlarından istifadə edə bilmirlər və s. Biz yeni layıhəmizlə bu yolsuzluqda çığır açmaq istəyirik.
- Məsələn, necə? Mövzu hansı şəkildə qoyulmalıdır?
- İlk aldığımız təkliflərdən birini misal çəkim. Ölkənin məhkəmə-hüquq sistemində islahatlar barədə mühüm dövlət sənədi var. Gözəl proqramdır, amma icrası pis vəziyyətdədir. İslahatların bir bəndi məhkəmə proseslərinin lentə alınması qaydasının mütləq tətbiqinə aiddir. Xırda məsələ görünə bilər, amma arxasında vacib məqamlar dayanır. Jurnalist bu tələbin necə yerinə yetirildiyini (daha doğrusu, yetirilmədiyini) izləməyi, səbəbləri müvafiq QHT ilə birgə ictimai nəzarət formasında araşdırmağı, günahkarları göstərməklə sonda material hazırlamağı təklif edir.
- Bəs ikinci mövzu – debatlar?
- Bu, mediada, cəmiyyətdə plüralizmin, tolerantlığın, diskussiya mədəniyyətinin inkişafına xidmət edir. Jurnalist hansı mövzuda və sual ətrafında debat keçirmək, kimləri dəvət etmək istədiyini göstərir.
- Təhvil verilməli son məhsul nə olacaq?
- Bu, bir məqalə də, silsilə yazılar da ola bilər. Yaxud jurnalist videomaterial, bir neçə veriliş hazırlamaq istədiyini göstərə bilər.
- Təkliflər hansı formada, hara göndərilməlidir?
- İstənilən jurnalist, yaxud jurnalistika fakultəsinin tələbəsi müsabiqədə iştirak edə bilər. Komanda şəklində də müraciət mümkündür. Formanı izah etmişdik, bir daha təkrarlayıram. Noyabr ayının 30-dək [email protected] saytına iki kompüter səhifəsindən ibarət təklif göndərirsiniz. Mətn 3 hissədən ibarət olur: “Təklifin məzmunu” (yəni, konkret nə iş görmək istəyirsiniz?); “İcra planı və müddəti (yəni, bu işi hansı ardıcıllıqla, nə vaxta görməyi planlaşdırırsınız?); “İcraçıları və onların iş təcrübələri” – bunun da izaha ehtiyacı yoxdur.
- Bəs sonra?
- Sonra müraciətinizə baxılacaq, seçilmiş layıhələrin müəllifləri dəvət olunacaq. Onlarla birlikdə icra planı və büdcə məsələləri dəqiqləşdiriləcək, lazımdırsa, məsləhətçilər təyin olunacaq. İşə başlayacaqsınız. Hazırlanmış məqalələr, videomateriallar isə Press Klub və onun yerli və xarici partnyorları tərəfindən yayılacaq. Bir daha söyləyirəm ki, təklifi olan, lakin onu hazırlamaqda çətinlik çəkənlər şəxsən Klubun direktoru ilə əlaqə saxlayıb (tel.: 0503632000) məsləhətləşə bilərlər.