Logo
news content
User
Kateqoriyalar

Analitika

İçimizdəki Göygöz Kosanı necə öldürək? 
Azərbaycan su qıtlığı fəlakətinin bir addımlığındadır...

Təbiət Azərbaycana müxtəlif iqlim qurşaqları bəxş etsə də, ərazinin su ilə təmin edilməsi məsələsində xəsislik edib. Azərbaycan ərazisi həmişə su sarıdan korluq çəkən ərazi olub. Son vaxtlar isə su qıtlığı, su çatışmazlığı özünü xüsusilə göstərir. 

Keçmişdə insanlar su qıtlığına görə ondan daha qənaətlə istifadə edər, hətta ehtiyatda su yığıb saxlayırmışlar. Elə indi də suya qənaət edənlər (daha çox maddi baxımdan) var, çoxumuz evimizin içində, binaların damında su çənləri də quraşdırmışıq. Amma eyni zamanda, suyun israf edilməsini də müşahidə edirik. Evdə, işdə, məktəbdə, parkda, məkan fərqi olmadan hər yerdə yüzlərlə litr suyu boşa axıdıb, israf edirik. 

Təəssüf ki, biz suyun qədrini yalnız susuzluqda bilirik. Sudan istifadə etdikdən sonra kranı bağlamağı “unudan” insanlar, su bir neçə saatlıq kəsiləndə dəliyə dönürlər. Bəs görəsən, əlimizdə olanın qiymətini niyə bilmirik? Axı, ərazimizin susuzluqdan “ilan mələyən çöllərə” çevrilməsinə az qalıb...

Bakı şəhərinin 2040-ci ilədək inkişafına dair təqdim olunan baş plana görə, Azərbaycanda təbii mənbələrdən əldə edilən suyun 28 %-i itkiyə gedir. Yəni, təbii mənbələrdən ildə 12,78 milyard kubmetr su əldə olunur ki, bunun da 3,63 milyard kubmetri suyun nəqli və paylanması zamanı itkiyə gedir.

Adambaşına düşən illik suyun həcminə əsasən (1000 kubmetr) Azərbaycan ən çox su problemi yaşayan ölkələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23%-dən çox azalacağı ehtimal edilir. 

Üstəlik Baş Planda qeyd edilib ki, 2040-cı ilə qədər Abşeron yarımadasının su qıtlığı riski daha da artacaq. Yəni, iqlim dəyişikliyinin qlobal təsirləri fonunda Azərbaycanın da təsirə məruz qalacağı qaçılmazdır. Proqnozlara görə, 2040-cı ilə qədər illik istiliyin 1.5oC, 2100-cü ilədək isə 4 oC yüksələcəyi gözlənilir: “2040-cı ilə qədər illik yağıntı miqdarının 5%-ə, 2100-cu ilə qədər isə 10%-ə qədər azalacağı proqnozlaşdırılır. Abşeron yarımadasını içməli və suvarma suyu ilə təmin edən Azərbaycanın dağlıq bölgəsində yağıntı miqdarının daha ciddi dərəcədə azalması gözlənilir (20%-ə qədər azalma) ki, bu da gələcək su qıtlığı riskini daha da artırır”.

Ekoloq, professor Çingiz İsmayılov old.pressklub.az-a açıqlamasında bildirib ki, Azərbaycan, xüsusən də Bakı üçün su qıtlığı ciddi problemdir: “Çünki Bakı yarımquraq iqlim zonasındadır. Bu, dağlıq, dağətəyi yerlər üçün kəskin problem olmasa da, Bakı üçün problemdir. Ona görə də, Bakıdakı su çatışmazlığı problemi özünü daha kəskin büruzə verir”. 

Ekoloq hesab edir ki, bizim əsas problemimiz suya münasibətimizdir. Çünki sudan çox qənaətsiz istifadə edirik. Bundan əlavə, su mənbəyi istehlakçıya çatana qədər borulardan suyun 20, 30 və hətta 40 faizi sızaraq israf olur. Digər problem isə su anbarlarında suyun mexaniki təmizlənməməsidir. Yeni tikilmiş binalara gələn sular çox qumlu olur. Nəticədə borular, filtrlər tutulur. Yaxud da su böyük su anbarlarından yüksək təzyiq altında verildiyi və tam təmizlənmədiyi üçün qumlu gəlir. Bu da avadanlıqların tez xarab olmasına, boruların partlamasına gətirib çıxarır: “Suya münasibətimiz dəyişməlidir. Biz hər damla üçün mübarizə aparmalıyıq. Küçələrdə suyun axması, yerdən suyun partlayıb çıxması, evlərə qumlu suyun ötürülməsi qəbuledilməzdir”. 

Professorun sözlərinə görə, düşüncəmizdə dönüş yaratmasaq, bizə heç vaxt su çatmayacaq: “Bu problemi qırağa qoyub, su anbarları yaratmağı düşünürük. Biz mövcud su ehtiyatlarımızla artıqlaması ilə özümüzü təmin edə bilərik. Amma etmirik, ona görə nə qədər su anbarı yaratsaq da xeyri yoxdur”. 

Müsahibimiz iddia edir ki, boru partlayan yerlərə heç kim nəzarət etmir. Deyir ki, yollarda borular partlayır, su axır, asfalt dağılır. Amma gəlib baxılmır, su israf olunur. 

İsmayılov qeyd edir ki, suyun təkrar emalı və istifadəsi vacibdir: “Xəzər dənizinin suyu istifadə üçün təmizlənmir. Bu çox mürəkkəb məsələdir. Fars körfəzi ölkələri - Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və sair kimi ölkələrdə təmizlənmiş dəniz suyunun istifadəsi geniş tətbiq olunur. Bizdə bu proses daha mürəkkəbdir, yəni, dənizin vəziyyəti acınacaqlıdır. Çünki Xəzər dənizi yalnız duzlu yox, həm də kiflənmiş sudur. Neft məhsullarından, məişət tullantılarından kirlənir. Məsələ onu duzdan təmizləyib, içməli su halına salmaqda deyil. Eyni zamanda çirkab maddələrdən təmizləmək lazımdır. Təmizlənmiş suyun maya dəyəri baha başa gəlir. Ona görə indiki mərhələdə bu bizdə aktual deyil”.

Yeri gəlmişkən, Baş Planda bildirilib ki, Abşeronda suyun təkrar istifadəsi sistemi qurulacaq. Burada əsas məqsəd nəql olunan və içməli su standartlarına uyğun təmizlənən suyun daha səmərəli istifadəsinin təmin edilməsidir. Planda qeyd olunub ki, Abşeron yarımadasında suyun təkrar istifadəsi sisteminin qurulması gələcək su qıtlığı ilə mübarizə baxımından, habelə Bakının 2040-cı ilədək davamlı inkişafının dəstəklənməsi üçün vacib olan təbii su dövriyyəsinin bərpası baxımından çox mühümdür.

Ekspertin sözlərinə görə, Azərbaycanda ekoloji vəziyyət ağırdır. Ona görə də, dünya təcrübəsi öyrənilməlidir. Məsələn, İsraildə su qıtlığı bizdən dəfələrlə çoxdur. Biz yarımquraq zonayıqsa, İsrail tam quraq zonadır: “Amma orada problem yoxdur. Əhali sayı da bizə yaxındır - təxmini 8 milyondur. Çünki orada suya münasibət yaxşıdır. Onlar yağan yağışı da dərhal toplayırlar. Bizdə 1 ay öncə leysan oldu. Amma heç nə yığmadıq, hamısı axıb getdi. Planda qeyd olunanlar da vacibdir, amma problemi həll etməyəcək. Su qıtlığı probleminin həlli üçün israfçılıqdan çəkinməli və dünya təcrübəsini öyrənib, tətbiq etməliyik”. 

Yeri gəlmişkən, hazırda bunun üçün şərait olmasa da, Baş Planda qeyd olunub ki, 2040-cı ilədək Bakıda yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarlar tikiləcək.

Su qıtlığının qarşısını almaq üçün müxtəlif üsullar var. Onların bir hissəsi də Baş Planda öz əksini tapıb. Digər üsullardan biri də dünya təcrübəsində göstərilən yeni damcı suvarma sistemidir. Azərbaycanda isə bu sistemin tətbiqi haqqında hələ ki, məlumat yoxdur. Lakin əlaqədar şəxslər bu üsula keçidin suya qənaət prosesində faydalı olacağını düşünür. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı da old.pressklub.az-a açıqlamasında suvarma üçün yeni texnologiyalardan istifadəyə keçmək lazım olduğunu bildirib.

“Abşeron yarımadasında şirin su mənbələri məhduddur. Böyük ərazilərin suvarılması da içməli su ilə aparılır. Ona görə də, tövsiyə edirik ki, suvarma üçün yeni texnologiyalardan istifadə olunsun. Məsələn, rezin boru yerinə damcı, çiləmə suvarma üsulundan istifadə edilsə, su ehtiyatlarına xeyli qənaət etmək olar. Sudan qeyri-qanuni istifadə hallarının qarşısının alınması üçün bütün abonentləri sayğacla təmin etməyi hədəfləyirik. Azərsu abonentlərinin təxminən 90 faizi sayğacla təmin olunub. Təhlillərimiz də göstərir ki, sayğacsız abonentlər suyu daha çox israf edir. Amma su sayğacdan keçəndə, onun dəyəri ödəniləndə insanlar qənaət edirlər”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın şirin su ehtiyatlarının təxminən 2,2 faizi içməli su məqsədilə istifadə olunur. Böyük əksəriyyəti isə suvarma məqsədilə kənd təsərrüfatına yönəldilir. Ona görə də, həm kənd təsərrüfatında, həm də məişətdə sudan qənaətlə istifadə məsələsi aktualdır.

A. Cəbrayıllı Baş Planda qeyd olunan suyun təkrar istifadəsi məsələsinə də toxunub. O, deyir ki, Hövsanda təmizlənmiş suların təkrar istifadə məsələsinin pilot layihəsi həyata keçirilib. Gələcəkdə bu təcrübənin digər ərazilərdə tətbiq edilməsi istiqamətində işlər genişləndiriləcək. Həmçinin işğaldan azad olunmuş ərazilərdə hazırlanan layihələrdə tullantı sularının təmizlənməsindən sonra təkrar istifadəsi həm texniki, həm də suvarma məqsədləri üçün Ağdam, Cəbrayıl və Füzulidə nəzərə alınacaq.

Əlbəttə, su qıtlığı Azərbaycan üçün çox aktual problemdir. Onun həlli Azərbaycanın gələcək inkişafına böyük təsir göstərəcək. Təəssüf ki, Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələr qrupuna daxildir. Və qlobal istiləşmə prosesi su qıtlığından əziyyət çəkən ölkələrə mənfi təsir göstərir. Əhali artdıqca tələbat, istehsal, istehlak artır. Ona görə də, suyun istifadəsi xüsusi nəzarət altında olmalı, su ehtiyatlarından səmərəli istifadə edilməlidir.

Görəsən, hazırda Azərbaycanın su ehtiyatlarında azalmalar müşahidə olunurmu? 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə old.pressklub.az-a açıqlamasında deyib ki, Azərbaycana daxil olan su ehtiyatlarında son illərdə müəyyən azalmalar müşahidə olunur: "Qlobal iqlim dəyişikliklərinin təsirləri, bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə olunur. Azərbaycan bu baxımdan riskli ölkələr qrupunda yerləşir. Ölkənin su ehtiyatlarının təxminən 70 faizi ölkə xaricində formalaşır. Su ehtiyatlarında azalma müşahidə olunsa da, hazırda su qıtlığının yaranması proqnozlaşdırılmır”. 

Gələcəkdə su qıtlığının yaranması təhlükəsi elə bu gün də özünü göstərir. Məsələn, məşhur İsa bulağından su gəlmir, Daşbulaq quruyub,  Xəzər dənizi sürətlə geri çəkilir. Bunlar yaxınlaşmaqda olan su qıtlığının, ekoloji fəlakətin bir göstəricisidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müşaviri Rasim Səttarzadə old.pressklub.az-a açıqlamasında bildirib ki, qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsinin düşməsi təbii haldır və illərdir bu hadisə baş verir: "1977-ci ildə dənizin səviyyəsi 20-ci əsrin ən aşağı səviyyəsinə düşüb. 1977-1995-ci illərdə səviyyə 2.5 metr artmışdı. 1995-ci ildən başlayaraq, yenə azalma müşahidə olunurdu, amma 2000-ci ilin əvvəllərində artmağa başladı. 2005-ci ildən sonra dənizin səviyyəsi, 2015-2017-ci illərdə nisbətən stabil qalmaqla, daim aşağı düşür. Amma deyək ki, indiki səviyyə 1977-ci ildəki aşağı səviyyəyə çatmayıb. Bunun da əsas səbəbi, dənizin su hövzəsinin iqlimi və hidroloji şərait, dənizi qidalandıran çayların sululuğudur. İqlim dəyişmələri nəticəsində yağıntıların azalması, temperatur artımı, buxarlanmanın artması və s. səviyyənin düşməsinə səbəb olan amillərdir".

Məşhur “Bir qalanın sirri” filmindəki olayla üz-üzə qalmışıq. “Əjdaha” suyun qabağını kəsib, hamı su axtarır. Əslində, əjdaha da yoxdur, onu Simnar xanla, Göygöz Kosa uydurub.

Bu dəfə “əjdaha” təbiətin özüdür, biz özümüzük, suyu kəsib, oturub baxırıq. O “əjdahaya” qalib gəlib, suyun qabağını açmaq lazımdır. 

İçimizdəki “Göygöz Kosanı” öldürmək yetər.

Günay Elşən