Logo
news content
User
Kateqoriyalar

Analitika

İblisin qərarı, yaxud, ah Eçmiədzin… 
Kilsə yenə ənənəvi şəkildə separatçılığı və millətçiliyi dəstəkləyir

“Ermənistanın qeyri-konstruktiv addımları iki ölkə arasında normallaşma prosesinin ləngiməsinə səbəb olub”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbokla danışıqların yekunlarına dair brifinqdə deyib.

O vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti Ermənistanla münasibətlərin normallaşdırılmasının alternativi olmadığını hesab edir.

Bayramov eyni zamanda qeyd edib ki, Ermənistanla danışıqlar İrəvanın Bakının şərtlərini qəbul etməsindən sonra davam etdiriləcək.

Onun sözlərinə görə, Azərbaycan əvvəlki kimi Ermənistanla danışıqlara hazırdır. “Danışıqların formatı istənilən şəkildə ola bilər. Əsas odur ki, bu məsələnin Azərbaycan və Ermənistan arasında olduğu başa düşülsün. Sülh müqaviləsi ilə bağlı növbəti təkliflərimizi Ermənistan tərəfinə çatdırmışıq və indi onlardan cavab gözləyirik”, - deyə Bayramov əlavə edib.

Azərbaycan XİN rəhbəri bildirib ki, nazirlərin Tehranda (oktyabrın 23-də) “3+3” formatında görüşü zamanı erməni həmkarı Ararat Mirzoyanla münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib: “Mənim erməni həmkarımla görüşüm nəzərdə tutulmamışdı. Bununla belə, 40 dəqiqədən çox davam edən görüş keçirdik”.

Təbii ki, tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləmək üçün mümkün olan hər şeyi etməlidirlər. Çünki bu, Ermənistanla Azərbaycan arasında növbəti müharibə ehtimalını xeyli azalda bilər. Bəs kimsə buna zidd addımlar atmağa davam etdikdə nə etmək lazımdır?

Məsələn: Eçmiədzindəki erməni kilsəsinin Ali Ruhani Şurasının iclasında Qarabağ yeparxiyasının qorunub saxlanılması barədə qərar qəbul edilib.

Eçmiədzinin mətbuat xidmətinin məlumatına görə, bu qərarı katolikos II Qaregin verib. Mənbə qeyd edir ki, “yeparxiyanın bəzi funksiyaları dəyişdiriləcək”.

Qarabağ yeparxiyasının rəhbəri, yepiskop Vrtanes Abrahamyan isə öz növbəsində deyib: “Bu o deməkdir ki, ürəyimizdə yenidən Artsaxa qayıtmaq arzusu olacaq”.

Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına heç kim mane olmur - Bakının rəsmi mövqeyi budur. Və heç kim onların dini hüquqlarını poza bilməz. Təbii ki, onların öz kilsələri və ruhaniləri olmalıdır. Amma bu o demək deyil ki, erməni kilsəsinin Bakının iştirakı olmadan Qarabağı öz tabeliyində olan zona, ayrıca yeparxiya elan etmək hüququ var. Çətin ki, belə şeylər davam edən danışıqlarda sülhün əldə olunmasına töhfə versin.

Baş verənləri old.pressklub.az-a şərh edən beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə qeyd edib ki, erməni apostol kilsəsinin erməni millətçiliyinə və separatizminə kömək edən, onu alovlandıran, gizli və açıq şəkildə onu təşviq edən institutlardan biri olduğunu yaxın və uzaq tarixdən bilirik.

“Bunu hamı çox yaxşı bilir. Və Eçmiədzinin Qarabağ yeparxiyasını qorumaq istəyi regionda dini strukturlar vasitəsilə erməni separatizmi və millətçiliyini yaymaq istəyindən irəli gəlir. Bu, erməni kilsəsinin ənənəvi siyasəti olduğundan, buna heç bir şübhə yoxdur. Müvafiq nəticələr çıxarmaq üçün erməni keşişlərinin digər oxşar situasiyalarda verdiyi açıqlamalara baxmaq kifayətdir. Buna görə də, bu halda biz onların kilsəsinin faktiki olaraq bütün tarixi boyu, ən azından ötən əsrin tarixi boyu apardığı etnik millətçilik siyasətini davam etdirmək istəyini görürük”, - Vəlizadə qeyd edib.

O, deyir ki, Azərbaycan ərazisində erməni kilsələrinin fəaliyyət göstərməsi, onların bu və ya digər dərəcədə Eçmiədzinə tabe olması ilə bağlı məsələlərə siyasi-hüquqi müstəvidə baxılmalıdır: “Yəni mənim anladığım qədər, erməni kilsəsi bu məsələni Azərbaycan dövləti ilə həll etməlidir. Bakının isə onların bölmələrinin Azərbaycan ərazisində fəaliyyəti ilə bağlı şərtlər qoymaq hüququ var. Ona görə də, bu məsələ açıq qalır - erməni kilsəsi hələ belə müraciət etmədiyindən, Azərbaycan tərəfi ona baxa bilməz.

Digər tərəfdən, “Qarabağ yeparxiyası”nın Ermənistan ərazisində fəaliyyət göstərməsi onların öz qərarıdır. Və bu qərar kifayət qədər şübhəlidir. Çünki aydındır ki, Qarabağ yeparxiyası müvafiq ərazidən təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Yox, əgər onlar hesab edirlər ki, Qarabağ ermənilərinə Ermənistan ərazisində ayrıca yeparxiya rəhbərlik edə bilərsə, bu da onların seçimidir. Yeri gəlmişkən, bu məsələni də yerli hakimiyyət orqanları ilə razılaşdırmaq lazımdır. Çünki belə bir vəziyyət İrəvan üçün qəbuledilməz ola bilər. Amma bunlar artıq bizim problemimiz deyil”, - deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov