Logo
news content
User
Kateqoriyalar

Analitika

Humanitar… təxribat
Azərbaycanın mövqeyi qüvvədə olan razılaşmalara, beynəlxalq hüquqa və sülh danışıqlarında tutduğu mövqeyə uyğundur

Ermənistanın Qarabağa göndərdiyi humanitar yardımların Azərbaycanın dövlət sərhədində - Laçın Sərhəd-Keçid Məntəqəsində saxlanılması ətrafında yaranmış beynəlxalq hay-küy qüvvədə olan razılaşmalara, sülh danışıqlarına və elə beynəlxalq hüquqa qarşıdırmı? Azərbaycan Qarabağ erməniləri ilə istənilən əlaqənin öz əraziləri vasitəsi ilə həyata keçirilməsini tələb edir. Bəzi Qərb ölkələri və Rusiya, eləcə də Ermənistan Bakını humanitar böhran yaratmaqda ittiham edirlər. Problemin hüquqi, siyasi aspektləri barədə şərh edən ekspertlər isə tamamilə fərqli fikirdədirlər:

Millət vəkili, hüquqşünas Erkin Qədirli:

“…Hüquq nəyi deyir? Ermənilərin, eləcə də onları dəstəkləyənlərin iddiasına görə, Azərbaycan beynəlxalq hüququ, özəlliklə də Beynəlxalq Məhkəmənin aralıq tədbirləri haqqında qərarını pozur. Bu, elədirmi?

Beynəlxalq hüquqda sərbəst hərəkət etmək hüququ vardır. Bu hüquq Azərbaycanın Konstitusiyasında da təsbit edilib (maddə 28):

"Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər."

Burada açar söz birləşməsi budur - qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan. Beynəlxalq hüquqa görə də belədir. Sərbəst hərəkət etmək hüququ mütləq deyil, onu məhdudlaşdırmaq üçün hüququn özündə bir sıra əsaslar var. Onlardan biri və birincisi dövlətin ərazisində qanuni surətdə olmaqdır.

Aydındır ki, bir dövlətin öz vətəndaşları anlayışa görə hər zaman onun ərazisində qanuni olurlar. Başqa dövlətlərin vətəndaşları üçün qanuni surətdə ərazidə olmaq şərtinin bir sıra önşərti vardır. Onlardan da biri və birincisi dövlətin ərazisinə qanuni yolla girməkdir. 

Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları sayıldığına görə, onların sərbəst hərəkət etmək hüququ sorğulanmır. Hər bir Azərbaycan vətəndaşı kimi, onlar da Azərbaycandan gedə, Azərbaycana qayıda bilərlər. Onların bu hüququnu məhdudlaşdıran yoxdur. Laçında qurulmuş sərhəd-keçid məntəqəsi də onun üçündür ki, Azərbaycana gələnlərin və Azərbaycandan gedənlərin qanuniliyini yoxlasın. Yeri gəlmişkən, Beynəlxalq Məhkəmə Laçın Sərhəd-Keçid Məntəqəsinin beynəlxalq hüquqa zidd olmasıyla bağlı Ermənistanın müraciətini təmin etməyib. 

Beynəlxalq Məhkəmənin aralıq tədbirlərlə bağlı qərarında yazılıb ki, Azərbaycan Laçın yoluyla şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətə maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir. 

Birincisi, məhkəmənin bu qərarı bütün şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə aid olunmur. Bu hüquq ancaq Azərbaycan ərazisində qanuni surətdə olanlara aiddir. Buradan anlaşılır ki, Qarabağdakı ermənilər bu hüquqdan istifadə edə bilərlər və edirlər, amma başqa dövlətlərin vətəndaşlarında, özəlliklə hələ də düşmən olan Ermənistan vətəndaşlarında belə bir hüquq yoxdur, ola da bilməz. Başqa dövlətlərin vətəndaşları bu hüququ yalnız qanuni yolla ərazimizə girəndən sonra əldə edə bilərlər. Odur ki, Azərbaycandan icazə alınmadan hansısa şəxslərin, nəqliyyat vasitələrin, ya da yüklərin xaricdən gəlməsi və ya gətirilməsi hüquqa uyğun deyildir.

İkincisi, Laçın yoluyla hər iki istiqamətə sərbəst hərəkət etmək yalnız Qarabağdakı ermənilərin hüququ deyil, ola da bilməz. Bu hüquq Azərbaycanın bütün vətəndaşlarına məxsusdur. Bunu həm beynəlxalq hüquq, həm də Azərbaycan Konstitusiyası belə deyir. Bu, Beynəlxalq Məhkəmənin qərarından da anlaşılır. Bəs, gerçəklikdə necədir? Erməni olmayan Azərbaycan vətəndaşlarımız Laçın yoluyla Xankəndiyə gedə bilirmi? Yox. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər buna diqqət edirmi, bununla bağlı narahatlığını bildirirmi? Yox. Buradan onların ölkəmizə qərəzli yanaşması aydın görünür. Bu yanaşma beynəlxalq hüquqa görə də doğru deyildir. 

Üçüncüsü, Beynəlxalq Məhkəmənin qərarında yazılıb ki, Azərbaycan ancaq əlində olan bütün tədbirləri görməlidir. Azərbaycan əlində olan hər şeyi edir. Laçında qurulmuş sərhəd-buraxılış məntəqəsi də bunun üçündür.

Azərbaycanın əlində olmayan tədbirlərin görülməməsi Azərbaycan tərəfindən beynəlxalq hüququn pozulduğu anlamına gələ bilməz, çünki hüququn təməl prinsiplərindən biri budur - heç kəs mümkün olmayan bir nəyəsə görə borclu sayıla/məcbur edilə bilməz. Hamıya, o cümlədən Beynəlxalq Məhkəməyə, yaxşı məlumdur ki, Azərbaycan Qarabağın tamamına hələ nəzarət edə bilmir. Bu, çox önəmli bir kontekstdir, Azərbaycan dövlətinin öhdəliklərinin həcminə önəmli dərəcədə təsir edir. 

Politoloq Fərhad Məmmədov:

“Bakı danışıqların gedişatını Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması səviyyəsinə çatdırıb. Kağız üzərində və bəyanatlarda vasitəçilər də Azərbaycanın gündəmini qəbul edirlər, bəziləri Ermənistanın davranışına baş əyirlər, amma məsələ bu deyil. Razılaşmaların yerdə icrasına gələndə, bu qüvvələr yaxasını kənara çəkir, məlum olur ki, onlar bunu belə təsəvvür etmirdilər. Bu silsilədən Jozef Borrelin açıqlamasını qeyd etməyə dəyər. O, Şarl Mişelin bəyanatında göstərildiyi kimi Laçın yolundan yox, “dəhlizinə” vurğu salır. Əgər Borrell humanitar vəziyyətdən narahatdırsa, o zaman Azərbaycan hakimiyyətinin məqsədəuyğun hesab etdiyi istənilən marşrutlar üzrə humanitar yüklərin daşınmasına icazə verməyə çağırması məntiqli olardı. Bu, Avropa İttifaqı tərəfindən ardıcıl mövqe və hamıya ərazi bütövlüyünün qəbul edildiyi və mübahisələndirilmədiyi barədə aydın mesaj olardı. Avropa İttifaqının, ABŞ-ın və başqalarının bu bəyanatları “dünyada Qarabağı Azərbaycanın bir parçası olduğunu qəbul etməyən ölkə yoxdur” bəyanatını verən Paşinyana zərbədir. İndi İrvanda ona deyirlər ki, ABŞ səfiri Şuşaya getmir, Avropa Birliyinin rəsmi nümayəndəsi dəhliz tələb edir, sən isə Azərbaycana təslim olursan. Beləliklə, maraqlıdır, bəyanat verən, tələb edənlər üçün vacib olan nədir: “dəhliz”, yoxsa, Qarabağda humanitar vəziyyət.

Hüquqşünas, ekspert Ələsgər Məmmədli:

“Əslində Laçın yolunun Ermənistandan gələnlərə bağlı saxlanılmasının ciddi səbəbi var. Bu yolun istifadəsini nəzərdə tutan hüquqi əsas 10 noyabr Bəyanatıdır. Həmin sənədin icrası çoxsaylı fəaliyyətləri nəzərdə tuturdu. Bunlardan bir hissəsi ilk günlərdə və aylarda icra olundu. Ruslar bölgəyə zorakı gəlib yerləşdi, Kəlbəcər rayonu gecikməli olsa da boşaldıldı, Ağdam, Laçın rayonları əsasən boşaldıldı. 3 il olmadan Azərbaycan alternativ yol çəkib, ermənilərin istifadəsinə verdi və Laçın şəhərinin də kontrolunu əlinə aldı. 

İcra edilməyən və edilməsi üçün hər hansı cəhd edilməyən məqamlar açıq qalır. Onun sözlərinə görə, 3 ildir Azərbaycan müxtəlif platformalarda nə qədər cəhd etsə də əsasən Azərbaycanın mənafelərinə xidmət edən və ermənilər üçün öhdəlik yaradan (bəzi öhdəliklər BMT və Rusiya üçün də nəzərdə tutulur) məsələlər düyünə salınıb və zərrə qədər məsafə qət edilməyib. 

Bunlardan xüsusilə Laçın yolunun açıq tutulmasına bərabər sayılanı 10 noyabr Bəyanatının 9-cu maddəsindəki:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. 

Və:

“Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Göründüyü kimi “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası” üçün tərəflərin razılığı şərti olsa da, ilk abzasda yer alan Naxçıvanla kommunikasiyanın açılması müzakirə olunmadan icra olunmalı məsələdir. Amma Ermənistan bu məsələdə dirənir, Rusiya isə qarant olduğu məsələdə Ermənistana zəruri basqı qurmur və təmin etmir”. 

Digər bir öhdəlik 10 noyabr Bəyanatının 7-ci maddəsindədir:

“7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu bənddə də öhdəliyin tərəfi sadəcə Ermənistan deyil həm də BMT-dir. 

İndi Laçına girişinə cəhd edilən yüklərin monitorinqini aparan qərb dövlətləri yəqin ki, 10 noyabr Bəyanatının 6-cı maddəsini Azərbaycana xatırladıb, yüklərin girişinə təminat verməli olduğunu deyəcəklər. Çünki, Bəyanatda yazılıb ki: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. 

Amma Azərbaycanın da verməli olduğu cavab yenə 10 noyabr Bəyanatının 9-cu maddəsindədir. Orada da Naxçıvana gedən yüklər və kommunikasiya üçün Ermənistan zəmanət verib. 

Azərbaycan 3 ilə yaxındır zəmanətə uyğun olaraq həm hərəkətə imkan verib, həm də yeni yol, infrastruktur tikib, istifadəyə verib. Yəni xırda kəsintilər istisna olmaqla zəmanət verdiyi öhdəliyə əməl edir. Ermənistan isə heç bir əlavə razılaşma, danışıq şərti olmadan etməli olduğunun ən xırda addımını atmayıb. Odur ki, Azərbaycan tərəfi bu məsələdə tərəflərin öhdəliklərinə bərabər yanaşmanı tələb etməkdə dirənməli və Naxçıvanla olan yolun açılması qarşılığında Laçın yolunun yenidən istifdəsinə yaşıl içıq yandırmalıdır”.

Hazırladı: Turqut