Logo
news content
User
Kateqoriyalar

Analitika

Hökumət “səxavət kisəsi”nin ağzını niyə açmır? 

Koronavirus səbəbi ilə bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi çətinliklər artıb. Bir çox iş yeri bağlanıb, insanlar işini itirib, hökumətin qərarı ilə karantin rejimi tətbiq olunub, vətəndaşların sərbəst hərəkəti məhdudlaşdırılıb. 

Cəmiyyətdə ciddi gözləntilər var idi ki, hökumət işsiz və köməksiz qalmış vətəndaşları darda qoymayacaq və onlara lazımi miqdarda kompensasiya ödəyəcək. Nəhayət ki, Nazirlər Kabineti tərəfindən bu məqsədlə Tədbirlər Planı hazırlandı. Plana əsasən işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Lakin bu qərar sosial şəbəkələrdə həm etiraz, həm də rişxəndlə qarşılandı. Problem təkcə məbləğdə deyil. Məsələ burasındadır ki, birdəfəlik ödənişi almağa haqq qazanmaq üçün e-sosial portalına daxil olub, işsiz kimi qeydiyyatdan keçmək müşkülə çevrilib. Digər tərəfdən, birdəfəlik yardım alacaq şəxslərin çərçivəsi də xeyli daraldılıb. Qaydalara görə, aşağıdakı şəxslərə birdəfəlik yardım verilməyəcək:

  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə,
  • əmək pensiyaçılarına,
  • aylıq müavinət alanlara,
  • aylıq təqaüd alanlara,
  • özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə,
  • işsizlikdən sığorta ödənişi alanlara,
  • peşə hazırlığına görə təqaüd alanlara,
  • 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə,
  • əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara,
  • əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə.

 

İqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli bildird ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı kifayət qədər yüksəkdir və 6 milyona çatır: 

“Bunların 1,6 milyonu muzdla çalışır. Muzdla çalışanların 915 mini dövlətdən maaş alır deyə, onlarda problem yoxdur, maaşları ödəniləcək. Amma muzdla çalışan digər 700 mindən yuxarı vətəndaşın cəmi 300 mininə dövlət tərəfindən maaş ödənməsi nəzərdə tutulur. İki ay müddətində cəmi 256 manat ödənilməsi düşünülüb. Məncə, bu da yetərli deyil. Çünki yerdə qalan, əmək müqaviləsi olan insanların ödənişləri verilmir, o məntiqlə ki, həmin sahələr qapadılmayıb. Məsələn, ərzaq satılan supermarketlər, apteklər bağlanmayıb. Bəli, onlarda da bir problem olmayacaq, maaşları veriləcək. Amma rəsmən qapadılmasa da, indi pandemiya və karantin rejiminə görə dövriyyələri, gəlirləri olmayan sahələr də var. Məsələn, kimyəvi təmizləmə, avtomobil təmiri və s. tipli müəssisələrin işləməsinə icazə verilib. Halbuki müştəri yoxdur, insanların evdən çıxması məhdudlaşdırılıb. Onların dövriyyəsi yoxdur, dövriyyəsi yoxdursa, gəlirləri və ödəniləcək maaş da olmayacaq. Ona görə, bu sahələrə də müəyyən güzəştlər vacibdir. İşsizliklə bağlı problem isə daha böyükdür. 200 min işsizə cəmi iki aylıq, 190 manat səviyyəsində  ödəniş edilməsi qərara alınıb. Bu, qeydiyyatdan keçmiş işsizlərə aiddir. Amma bizdə qeydiyyat problemi də var. Həmin prosedurdan xəbəri olmayan insanların da sayı yüz minlərlədir. Və indiki dövrdə 200 min işsizin iki ay müddətinə minimum müavinət alması problemdən çıxış yolu deyil. Çünki Azərbaycanda ən optimist hesablamalara görə, 1 - 1,5 milyona yaxın günəmuzd və müqaviləsiz çalşan insanlar da var idi ki, əsasən ictimai iaşə, turizm və digər sahələrdə çalışırdılar. Onlar tamamilə işsiz qalıb.”

Ekspertin fikrincə, tamamilə işsiz qalan insanların qeydiyyatı problem olacaq: “Məlumat verildi ki, online qeydiyyata imkan yaradılıb, amma müraciət edənlərin sayı o qədər çox idi ki, sayt çökdü. Deməli, bu, problemdən çıxış yolu deyil. Ona görə də, bir çox ölkələrin aldığı qərar kimi, vətəndaşların tamamına birbaşa maddi yardım edilməsi daha məntiqli və daha effektiv olardı.”

Milli Məclisin üzvü Məlahət İbrahimqızı isə hesab edir ki, dövlət hər bir vətəndaşının vəziyyətini düşünüb:

"Koronavirusun vurduğu ziyanlardan biri də işsiz olub, heç bir yerdə qeydiyyatda olmayan vətəndaşlardır. Hər dəfə özümüz də vurğulayırıq ki, ölkə hüquqi dövlətdir, qanuna əməl olunmalı, işsiz insanlar Məşğulluq Mərkəzində qeydiyyatdan keçməlidir. Birinci paketdə istər iqtisadi, istərsə də sosial müdafiəyə yönələn çox ciddi məsələlər öz əksini tapıb. Hökumətin növbəti paketi işsiz vətəndaşlara şamil olunub. Hansı ki, onlar günəmuzd işləyib və heç bir yerdə qeydiyyatda olmayıblar. Onların sayı dövlətə məlum deyil. Bu saat hökümətin bütün qurumları bunun üzərində işləyirlər. Bu vətəndaşlar bir az səbirli olmalıdırlar. İqtisadi çətinliklər var, həmin insanlar gündəlik işləyib, evlərinə çörək qazanırdılar. İndi onlar "evdə qal" çağrışına qoşulub və elan olunan karantinlə bağlı evdən çıxa bilmirlər. Bu üzdən onların ciddi problemləri yaranır. Yaxın günlərdə qeyri-rəsmi işsizlərə də kompensasiya ödəniləcək, buna əminəm. Prezidentimiz də, hökümətimiz də bunu gözəl bilir və hamı bu istiqamətdə səfərbər olub. Qısa vaxt ərzində problem həllini tapacaq və həmin vətəndaşların ailələri də sevinəcək."

Məlahət İbrahimqızının fikirincə, əhalinin ən hassas hissəsi də elə qeyri-rəsmi işsizlərdir: "Rəsmi qeydiyyatda olanlar müavinət alır. Amma bu insanlar ən həssas və müdafiəsizdir. Ola bilməz ki, dövlətimiz və onun başçısı günəmuzd çalışan qeyri-rəsmi işsizləri sevindirməsin.”

Ülviyyə Şahin