Logo
news content
User
Kateqoriyalar

Analitika

Hökumət manatı qoruya biləcəkmi? 

Birjalarda bu həftə neftin kəskin ucuzlaşmasından sonra Azərbaycanda əhali arasında yaranan narahatlıq artır. Rəsmi şəxslər arxayınlaşdırıcı açıqlamalar versələr də, cəmiyyətdə ajiotaj səngimir, insanlar banklarda növbə gözləyərək manat vəsaitlərini ABŞ dollarına dəyişirlər. İndi hər kəsi bir sual maraqlandırır ki, hökumət manatı qoruya biləcəkmi? 

İqtisadçı Azər Mehtiyev bildirdi ki, dollar ajiotajının səbəbinin neftin qiymətinin ciddi şəkildə aşağı düşməsi ilə birbaşa əlaqəli olduğu hamıya məlumdur: 

“İnsanların əllərində olan vəsaitin dəyərsizləşməsi təhlükəsi ilə üzləşib. Çünki onlar artıq bu təcrübəyə şahid olublar. 2015-ci ildə neftin ucuzlaşması nəticəsində manatın iki dəfə devalvasiyası baş verdi və faktiki olaraq, əhalinin əlindəki ehtiyatlar öz dəyərini itirdi. İndi də camaat bundan narahatdır. Digər tərəfdən, banklarda olan manat əmanətlərinin sığortalanma müddəti martın 4-də başa çatıb. İnsanlar da müddəti bitmiş müqavilələrə uyğun olaraq əmanətlərini geri istəyirlər. Eyni zamanda, əllərində olan manatı dollara çevirmək istəyirlər ki, özlərini risklərdən qorusunlar. Bunun da nəticəsi olaraq ciddi bir ajiotaj yaranıb. Düzdür, hökumət kifayət qədər valyuta ehtiyatlarına malik olduğunu və tələbatın tam ödəniləcəyini söyləyir. Ona görə də, dünəndən qərar verilib ki, hər gün dollar satışı həyata keçirilsin və heç bir məhdudiyyət olmasın. Amma hələ ki panikanın qarşısını almaq mümkün olmur.”

Devalvasiya riskinin nə dərəcədə yüksək olması və hökumətin manatı qoruya bilib-bilməyəcəyi ilə bağlı suala ekspert belə cavab verdi: 

“Bu, təbii ki, neftin qiymətinin hansı müddətdə aşağı qalacağından asılıdır. Bilirik ki, indiki halda dünya neft bazarında vəziyyətin gərginləşməsinin iki səbəbi var: bir tərəfdən koronavirusun sürətlə yayılması və iqtisadiyyata vurduğu çox ciddi zərbə nəticəsində neftə, enerji resurslarına olan tələbatın kəskin azalması baş verir. Ancaq bunun fonunda OPEC ölkələri ilə neft ixrac edən digər ölkələr, xüsusən Rusiya arasında hasilatın azadılması ilə bağlı növbəti razılaşma əldə olunmadı. Artıq Rusiya, Səudiyyə Ərəbistanı və bəzi başqa ölkələr hasilatı artırmaq qərarına gəliblər. Bu prosesin nə qədər davam edəcəyini qiymətləndirmək xeyli çətindir. Təkcə qiymətlə bağlı problem olsaydı, hansısa formada istehsalçılar arasında razılaşmanın əldə edilməsi ehtimalından danışmaq mümkün ola bilərdi. Ancaq indiki halda koronavirus pandemiyasının nə qədər yayılacağı və bunun nə zaman bitəcəyi barədə dəqiq məlumat olmadığına görə, enerji bazarındakı mövcud vəziyyətin də nə qədər davam edəcəyi haqda konkret fikir söyləmək çətindir. Azərbaycan bəlkə də manatın məzənnəsini qoruyub saxlaya bilər, lakin hazırkı mərhələ uzanarsa, o zaman devalvasiya qaçılmaz ola bilər. Əgər qiymətlər qısa müddətdə 40 dolları ötməzsə, təbii ki, bu ilin sonuna qədər devalvasiya mümkündür.”

Əhalinin banklardan manat əmanətlərini götürüb, dollara çevirməyə çalışmasının bank sektoruna necə təsir edəcəyi barədə sualı cavablandıran Azər Mehtiyevin sözlərinə görə, Azərbaycanın bank sektoru 2015-ci ildəki böhrandan bəri hələ tam özünə gələ bilməyib: “Düzdür, bəzi banklar inzibati və digər yardımlar hesabına bir qədər vəziyyətini yaxşılaşdırıb, amma hələ də böhran tam olaraq aradan qalxmayıb. İndi də əmanətlərin kütləvi şəkildə geri çəkilməsi bank sektorunu ciddi sınaq qarşısında qoya bilər. Əgər bu proses uzunmüddətli olarsa, daha bir neçə bankın çökmə riski ilə üzləşəcəyi gözlənilir.”

Ülviyyə Şahin