Hərbi xidmətdə əlil olanlara mənzil veriləcəkmi?
24 Aprel 2021
"Mən 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunmuşam. 2013-cü ildə təlim vaxtı başımdan və belimdən ağır zədə aldım. Bir müddət hospitalda müalicə olunduqdan sonra xidmətimi davam etdirdim. Amma zədələr ciddi olduğuna görə səhhətim imkan vermədi. Ona görə hərbi həkim komissiyasının qərarı ilə ordudan tərxis edildim. Mənə ikinci qrup əlillik təyin edildi..."
Bunu "Press Klub"un əməkdaşı ilə söhbətində 1998-ci ildən 2017-ci ilə qədər silahlı qüvvələrdə müddətdən artıq xidmət etmiş gizir Sərdar Verdiyev (ad şərtidir) bildirib. O qeyd edir ki, tərxis olunduqdan sonra səhhətinin bərpası ilə məşğuldur: "Aldığım pensiyanın əsas hissəsi dərmanlarıma və müalicəmə gedir. Əmək nazirliyinin rebilitasiya mərkəzlərində də kurs keçmişəm, amma səhhətimdə irəliləyiş yoxdur".
- Verdiyev deyir ki, əsas problemi evsizlikdir, hazırda 5 nəfər ailə üzvü ilə birə kirayədə qalır. Ərazi üzrə icra hakimiyyətində ev növbəsində durub, amma 5 ildir, heç bir xəbər yoxdur: "Əmək nazirliyi bildirir ki, biz ancaq əlillərin və şəhid ailələrinin mənzil problemini həll edirik, icra hakimiyyəti də deyir ki, onların nə mənzil fondu, nə də vəsaitləri var. Beləcə, ümidsiz vəziyyətdə qalmışıq..."
İcra hakimiyyətlərinin mənzil növbəsində hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş keçmiş hərbçilərin də uzun siyahıları var. Onların başqa hüquq və imtiyazları müharibə əlillərinə bərabər tutulsa da, mənzil təminatı ilə bağlı dövlət proqramı onlara şamil edilməyib.
"Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinə görə, hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ var. Həmin maddənin 2-ci hissəsində yazılıb:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ var. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər".
Beləliklə, qanunda hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən vətəndaşların pulsuz mənzil hüququ göstərilsə də, bu istiqamətdə heç bir tədbir görülməyib. Onların mütləq əksəriyyəti icra hakimiyyətlərində qeydiyyata götürülblər. Yəni hazır siyahıları, əhatə dairəsi mövcuddur.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənov "Press Klub"a bildirdi ki, bu məsələ müraciətlər əsasında bir neçə dəfə müzakirə olunsa da, nəticələnməyib. Çünki bu kateqoriyadan çoxlu sayda keçmiş hərbçi var: "Hazırda dövlətin imkanları Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatına yönəlib. Prezidentin təsdiq etdiyi dövlət proqramına uyğun olaraq 2025-ci ilə qədər onlar mütləq şəkildə mənzillə təmin olunacaqlar. Bundan sonra hərbi xidmət zamanı əlil olmuş vətəndaşların məsələsinə baxıla bilər".
- Həsənovun sözlərinə görə, bu məsələnin həlli resurslara bağlıdır: "Əvvəlcə bu kateqoriyadan olan vətəndaşların siyahısı dəqiqləşdirilməlidir, yalnız ondan sonra müvafiq dövlət proqramının qəbul edilib-edilməməsini müəyyən etmək olar".
- Kərimoğlu onu da qeyd edtdi ki, hərbi xidmət dövrünü qaydasında keçmiş və əlil olmuş şəxslər Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunur.
Turqut