Logo
news content
User
Kateqoriyalar

Analitika

Hərbi vəziyyət nə üçündür və nə qədər davam edəcək? 

Cəbhədə hərbi əməliyyatların başlanması ilə əlaqədar ölkə ərazisində hərbi vəziyyət rejimi elan edilib. Bu rejim “Hərbi vəziyyət haqqında” qanunla tənzimlənir.

Qanunda hərbi vəziyyətin elan edilməsinin əsasları konkret göstərilib: ölkə ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlətlər Azərbaycana müharibə elan etdikdə; ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda; respublikanın ərazisi blokadaya alındıqda, yaxud blokada təhlükəsi yarandıqda.

Qanunda yazılıb ki, hərbi vəziyyət elan edilməsində məqsəd mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır. Qanun hərbi rejim zamanı bir sıra hüquq və azadlıqların məhdudlaşdırılmasına da imkan verir. Bura media üzərində senzuradan tutmuş, mülkiyyətin alınması, komendant saatının tətbiqinə qədər çoxsaylı addımlar daxildir. Həmin tədbirlər “Hərbi vəziyyət haqqında” qanunun 10-cu maddəsində nəzərdə tutulub.

Qanunu “Press Klub”a şərh edən hüquqşünas Fərhad Mehdiyev bildirdi ki, hərbi vəziyyət dövlətə ən geniş müdaxilə səlahiyyəti verən bir rejimdir. Bu mənada, fövqəladə vəziyyət rejimindən də fərqlənir və onunla müqayisədə daha çox səlahiyyət tanıyır. Hüquqşünas qeyd etdi ki, dövlət bu səlahiyyətlərdən legitim məqsədlər üçün istifadə etməlidir, yəni sui-istifadə hallarına yol verilməməlidir:

“Məsələn, hərbi vəziyyətdə media üzərində senzura ona görədir ki, dövlətin təhlükəsizliyi, müdafiə və döyüş qabiliyyətinə təsir göstərən məlumatlar yayılmasın. Bu baxımdan senzura da bu kateqoriyadan olan məlumatlara aid edilməlidir. Yoxsa hava, su haqqında məlumatlar üzərində senzuraya nə ehtiyac var? Yaxud hərbi vəziyyət rejimində fiziki və hüquqi şəxslərin həm daşınar, həm də daşınmaz əmlakının əvəzi ödənilməklə, hərbi məqsədlərlə istifadə üçün alınması mümkündür. Dövlət mülkiyyətində olan əmlakların alınmasında əvəzi ödənilmir. Özəl mülkiyyət olanda mütləq ödənilməlidir. O əmlakların alınması da mütləq aktlaşdırılmalıdır. Məsələn, hərbi hissəyə qida çatdırılmalıdır. Yaxınlıqdakı fermanın ət və süd məhsullarından istifadə oluna bilər. Amma bu, mütləq aktlaşdırılmalı və əvəzi ödənilməlidir. Bu cür məsələlərdə sui-istifadə halları olmamalıdır”.

F.Mehdiyev fövqəladə vəziyyət rejimi ilə hərbi vəziyyət rejimi arasındakı fərqi də izah etdi. Onun sözlərinə görə, epidemiya yayılması, ölkə daxilində sabitliyin pozulması, hətta müharibə dövründə də fövqəladə vəziyyət elan edilə bilər. Amma hərbi vəziyyət yalnız ölkənin ərazi bütövlüyü, müharibə ilə bağlı olur: 

“Biz, sadə vətəndaşlar olaraq, təhlükəsizliklə bağlı bütün məlumatlara sahib deyilik. Ona görə də dövlət vətəndaşlarını müharibə dövründə mümkün təhlükələrdən qorumaq, təxribatların qarşısını almaq üçün müəyyən tədbirlər görməyə məcburdur”.

F.Mehdiyev xatırlatdı ki, İnsan Haqları üzrə Avropa Konvensiyasının 15-ci maddəsi fövqəladə vəziyyətlərdə insan hüquqlarının məhdudlaşdırılmasına icazə verir: “Amma Konvensiyada vurğulanır ki, məhdudiyyətlər vəziyyət tələb etdiyi ölçüdə olmalıdır. Yəni sui-istifadə olmamalıdır”.

Bu vəziyyətin nə qədər davam edəcəyinə gəlincə, hüquqşünas bildirdi ki, onun qüvvədə olma dövrü prezidentin bu haqda fərmanında əks olunmalıdır. Əgər fərmanda müddət göstərilməyibsə, bu halda, məsələ “Hərbi vəziyyət haqqında” qanunun 8.2 maddəsi ilə tənzimlənir. Bu maddədə isə göstərilib ki, hərbi vəziyyətin elan edilməsinə səbəb olan hallar aradan qalxdıqda, bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir.

“Düşünürəm ki, hərbi əməliyyatlar çox uzun çəkməyəcək”, - deyə F.Mehdiyev əlavə etdi.

Gülər