Logo
news content
User
Kateqoriyalar

Analitika

Hərbi uğur düşmənə şərtlərimizi qəbul etdirməyə imkan verəcək

Sentyabrın 27-də Azərbaycan Ordusu işğal altındakı ərazilərin azad olunması üçün əks-hücum əməliyyatlarına başlayıb. Rəsmi məlumata görə, əməliyyatların ilk günündə Füzuli və Cəbrayıl rayonlarının 7 kəndi, Murovdağ silsiləsindəki Murov zirvəsi və Talış kəndi (Ağdərə) istiqamətində yerləşən yüksəkliklər azad edilib.

2016-cı ilin aprelində baş verənləri nəzərə alaraq, bir çoxlarında budəfəki döyüşlərin əvvəlkilər kimi bir neçə günlük, yoxsa davamlı olacağı haqda suallar yaranıb. Eyni zamanda, son vaxtlar Türkiyənin Azərbaycana ciddi dəstəyi cəmiyyətdə ümid yaradıb.

Vəziyyəti “Press Klub”a şərh edən ekspertlər də Türkiyənin son hadisələrdə roluna diqqət çəkirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bundan əvvəlki hərbi əməliyyatlardan fərqli olaraq, indi Türkiyə açıq şəkildə Azərbaycanın yanındadır:

“Bundan əvvəl hər dəfə əməliyyat başlayırdı, Rusiyadan təzyiqlə üzləşirdik, məsələ yarımçıq qalırdı. 2016-cı ilin aprelində də belə oldu, bu ilin iyulunda da. Məncə, bu dəfə artıq qəti qərar verilib. Prezident də deyir ki, məsələni yarımçıq yox, birdəfəlik həll etmək lazımdır. Bunun üçün də elə bir təzyiq olmalıdır ki, qarşı tərəf mərhələli həll planını qəbul etsin, qoşunları işğal olunmuş torpaqlardan çıxarsın və Qarabağa Azərbaycanın tərkibində status verilməsi ilə razılaşsın. Buna da onlar indiki vəziyyətdə razılaşmayacaqlar. Ona görə də, yəqin ki, döyüşlər bir neçə gün də davam edəcək. Artıq Türkiyə-Azərbaycan ittifaqı formalaşıb. Rusiya bizə təzyiq edərsə, Türkiyə bu təzyiqləri neytrallaşdıra bilər. Türkiyə göstərir ki, Qafqazda o da var. Buna misal olaraq, Türkiyə və Rusiyanın xarici işlər nazirləri arasındakı telefon söhbətini göstərmək olar”.

Ekspertin fikrincə, Ermənistan Türkiyənin bu prosesdə iştirakından çəkinir. Baş nazir Nikol Paşinyanın “dünya dövlətləri Türkiyəni durdursun” çağırışı da təsadüf deyil.

E.Şahinoğlu hesab edir ki, Ermənistan mərhələli həll planı barədə Azərbaycanın təklifini qəbul edənə qədər əməliyyatlar dayanmamalıdır. Çünki qarşı tərəf öz istəyi ilə bu təklifə razılıq verməyəcək, buna məcbur olmalıdır: “Strateji məntəqələr var ki, onların azad edilməsi də gündəmdədir - Murovdağ, Sərsəng su anbarı və s. Məncə, apreldəki kimi 4 gün çəkməyəcək. Daha böyük hədəflərə çatmaq üçün həftələrlə davam edə bilər”.

E.Şahinoğlu Rusiyanın prosesə birbaşa, açıq müdaxiləsini gözləmir. Amma Ermənistana silah-sursat göndərməkdə davam edəcəyini düşünür: “Çünki Rusiya birbaşa müdaxilə edəcəyi halda, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri gərginləşə bilər. Bu da Rusiyanın maraqlarına cavab vermir. Rusiya heç vaxt istəməyib ki, Azərbaycan Ermənistan üzərində qələbə qazansın. Amma indi bölgədə şərtlər dəyişib, Azərbaycan bölgənin açar dövlətidir, bütün boru xətləri buradan keçir və s.”

Beş ətraf rayonun (Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam) qaytarılması ilə bağlı son günlər intensivləşən müzakirələri E.Şahinoğlu “hiylə” adlandırır. Onun sözlərinə görə, Azərbaycan Şuşa, Laçın və Kəlbəcər qaytarılmadan bu məsələnin həllinə razılaşa bilməz:

“Ruslar istəyir ki, Dağlıq Qarabağa “müstəqillik” verilsin. Bu da bizim maraqlarımıza cavab vermir. Amma özümüz 5 rayonu hərbi yolla azad etsək, bəlkə ondan sonra güzəştə razı olarlar. Çünki danışıqlar yoluyla həll olunası məsələ deyil. Lavrovun dediyi bizim maraqlarımıza ziddir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da 5 rayonla bağlı müzakirələri “tələ” hesab edir. Onun fikrincə, beş rayonun qaytarılması və əraziyə sülhməramlı qoşunların yerləşdirilməsi Azərbaycanın Dağlıq Qarabağdan əlini üzməsi deməkdir:

“Bununla da Qarabağ məsələsi bitər. Bizə sərf eləmir, çünki Qarabağı yarımçıq yox, tam istəyirik. Azərbaycan hökuməti buna getməyəcək. Bu, elə Madrid prinsipləri deməkdir. Madrid prinsiplərindən də biz imtina eləmişik...”

Sentyabrın 27-dən başlanan əməliyyatların Azərbaycan üçün uğurlu olduğunu vurğulayan İ.İsmayıl cəmiyyətdəki əhval-ruhiyyənin də buna təsiri olduğunu bildirib. Ekspert hesab edir ki, əməliyyatların davamlı olub-olmaması Azərbaycanın özündən yox, beynəlxalq təzyiqin səviyyəsindən və buradakı qlobal güclərin münasibətindən asılı olacaq:

“Biz artıq tək deyilik, Türkiyə də yanımızdadır. Demirəm ki, Qarabağ problemi bu gün başlayan proseslə birdən-birə həll olunacaq. Amma indidən o qələbəni hiss edirik, sadəcə, əlimizdə saxlayıb, davam etməliyik. Təbii ki, Rusiya həmişə müdaxilə edib və yenə müdaxiləsi gözləniləndir. Amma əvvəlki qədər güclü müdaxilə gözləmirəm. Çünki Paşinyan hökumətinin cəzalanması da Rusiyanın marağındadır. Bizim də böyük uğurumuzu istəmirlər. Amma müəyyən həddə qədər ciddi müdaxilə etməyə bilər”.

İ.İsmayılın fikrincə, Azərbaycan sentyabrın 27-də başlayan prosesdə ciddi uğur əldə etsə, erməniləri masa arxasına əyləşib, şərtləri qəbul etməyə də məcbur edə bilər:

“Onilliklərdir davam edən münaqişənin iki günə həll olunmasına bir sıra faktorlar imkan vermir. Amma qarşı tərəf narahat olanda ona şərtləri qəbul etdirmək daha asan olur”.

Gülər