Logo
news content
User
Kateqoriyalar

Analitika

"Hər şey hələ indi başlayır"
Ermənistan və Azərbaycan arasında sülhə doğru hərəkat niyə gecikir?

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Bakı ilə sülhün əldə edilməsi və münasibətlərin normallaşdırılması üçün bəzi prinsiplər razılaşdırılıb. Onun sözlərinə görə, bunlar sülh sazişinin üç əsas prinsipidir.

Birinci prinsip ondan ibarətdir ki, Bakı və İrəvan Azərbaycanın 86,600 kv. km., Ermənistanın isə 29 min 800 kv. km. ərazisinin olduğunu qarşılıqlı olaraq tanımalıdırlar. 

İkinci prinsip - plana görə, Alma-Ata bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas kimi götürülməlidir.

Üçüncü prinsip ölkələrin suverenliyi, yurisdiksiyası və qanunlarına qarşılıqlı hörmət əsasında bütün regional kommunikasiyaların açılmasıdır.

Baş nazirin sözlərinə görə, “əgər tərəflər artıq razılaşdırılmış bu prinsiplərə əməl etsələr, o zaman sülh müqaviləsinin imzalanması reallaşacaq”.

İlk baxışdan elə gəlir ki, hər şey aydındır və reallığa uyğundur. Bəs problem nədədir? Niyə tərəflər artıq razılaşdırılmış sülh sazişi layihəsini hazırlamaq üçün bu prinsiplər üzrə məhsuldar danışıqlar prosesinə başlamırlar? Axı hətta İrəvan da buna hazır olduğunu açıq şəkildə bəyan edir. Əgər belədirsə, buna kim və ya nə mane olur? Niyə Bakı və İrəvan sadəcə olaraq bu prosesə başlaya bilmirlər?

old.pressklub.az-ın suallarını Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze cavablandırıb.

Onun sözlərinə görə, fakt budur ki, hər şeyin öz ritmi var və beynəlxalq münasibətlər də istisna deyil.

Sülh müqaviləsinə doğru hərəkətə başlamağın (məhz başlamağın, çünki bu günə qədər hər şey yalnız imitasiya olub) vaxtı hələ gəlib çatmayıb. Ermənistan cəmiyyəti məyusluq içərisindədir və hazırda sülh müqaviləsinin bağlanması faktını sadəcə olaraq qəbul etməyəcək. Bu, həddən artıq böyük siyasi risklərlə bağlıdır. Bundan başqa, ortada həm də diaspor faktoru da var”, - Vasadze qeyd edib.

O, bildirir ki, bundan əlavə, Paşinyanın qarşısında əsas müttəfiqi olan Rusiya və yeni müttəfiqlər - ilk növbədə Fransa və hətta İranla münasibətləri həll etmək vəzifəsi dayanır. “Bütün bu problemlər həll olunana qədər sülh müqaviləsinin perspektivləri çox zəif görünür. Ancaq bu, məsələnin yalnız bir hissəsidir. Axı, sülh müqaviləsinin bağlanması real sülhə doğru atılan ilk addımdır. Zəruri addımdır, lakin ilk addımdır. Beləliklə, hər şey hələ indi başlayır”, - deyə ekspert fikrini tamamlayıb.

Rauf Orucov