Logo
news content
User
Kateqoriyalar

Analitika

Hepimiz azeriyiz...
Bizim Əfruz “xalamız”, Məzahir “dayımız” var, siz ki özünüz seçirsiniz!

Qabil Abbasoğlu

Hər şey Türkiyədə prezident seçkilərinə start veriləndən sonra başladı.

...Hələ 2020-ci ildə Vətən Müharibəsində Azərbaycan Türkiyənin və onun mövcud hakimiyyətinin timsalında ciddi, hətta deyərdim ki, pozitiv mənada təəccübləndirəcək qədər ardıcıl dəstək gördü. Rəsmi Ankara həm Ermənistanla savaşda diplomatik mövqelərimizi bizimlə çiyin-çiyinə qorudu, həm xalqımıza və ordumuza mənəvi-siyasi yardımını əsirgəmədi, həm də qlobal planda, ələlxüsus Rusiyanın prosesə müdaxiləsinin neytrallaşdırılmasında fövqəladə addımlar atdı.

Bu addımlar təkcə tarixi-mədəni zərurətdən doğmurdu. Burada müxtəlif amillər, o cümlədən iki ölkə lideri arasındakı konstruktiv və bir az da dəqiq desək, praqmatik münasibətlər rol oynayırdı. Hərə öz marağından, insafsızlıq etməyək, həm də mənəvi borcundan çıxış edirdi. Ölkəmiz 44 gün və ondan sonra ta indiyə qədər üçrəngli Azərbaycan və al qırmızı Türkiyə bayraqları ilə bəzəndi. Bayraqları qoşa öpür, başımız üstünə qaldırır, qoşa yelləyirdik. Bax, belə bir yaxınlıq, doğmalıq, birgəlik...

***

Dünən sosial şəbəkələrin Türkiyə seqmentində bir paylaşımı görəndə düşündüm ki, bu lap ağ oldu. Azərbaycan rəhbərinin Türkiyədəki prezident seçkilərində Ərdoğana dəstək verməsindən qəzəblənən bir arkadaş üçrəngli bayrağımızın şəklini “rezil ülke” başlığı ilə səhifəsində yerləşdirib.

Ümumiyyətlə, son günlər bu mövzu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentləri üçün xarakterikdir. Lakin bayrağı və ölkəni belə aşağılamaq həddinə çatmamışdı. Platformaların demək olar, hamısında, xüsusən də Tvitterdə Azərbaycan prezidentinin türkiyəli həmkarına dəstək verməsini başımıza qaxınc ediblər. Elə bil, Azərbaycan, onun rəhbəri, hansısa məmuru, jurnalisti, eksperti burdan səsini verib, Ərdoğanı Kılıçdaroğlundan qabağa keçirib!

Arkadaşlar, oyunuzu verdiniz, indi oyanın. Prezidentliyə namizəd Sinan Oğanın Ərdoğanı dəstəkləməsini bizim boynumuza yıxmaq nəyə lazım? Hətta Fatih Altaylı kimi populyar jurnalist bu məsələdə “Azərbaycan izi” axtardı.

Sinan Oğan Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşı və oranın prezidenti olmağa iddialı şəxsdir. Bir neçə həftə əvvəl seçkidə ona 5%-dən çox səsi verənlər də biz deyilik, Türkiyə vətəndaşlarıdır. İndi necə oldu ki, “kararında Azerbaycan etkisi” axtarası oldunuz?

İkincisi, lap tutaq ki, var. Belə çıxır, Atatürkün qurduğu Cümhuriyyət, arxa-dayaq bildiyimiz, bizə nisbətən irəli demokratiyası ilə öyündüyümüz Türkiyədə prezident seçkisinin taleyini İstanbulun yarısı qədər əhalisi olan Azərbaycan dəyişir?! Bu nə absurd iddiadır?!

Üçüncüsü, özünü “batı görüşlü”, “demokrasi yanlısı” sayan arkadaşlar, o bəyənmədiyiniz rəhbəriniz də Azərbaycanda prezident seçkilərində hər dəfə öz həmkarına dəstək verir, səsvermə bitən kimi də təbrikini göndərir.

 

Hər iki dövlətin rəhbərinin siyasətini öz ölkələrində bəyənən və bəyənməyən insanlar var. Bu iki lider, sizin təbirinizcə “diktatör” bir-birinə dəstək verirsə, burda xalqların, ölkələrin, bayraqların, nə günahı? İndi biz də bütün Türkiyəni və siz daxil türk xalqını suçlamalıyıq ki, niyə Ərdoğan İlham Əliyevi dəstəkləyir? Uğrunda Azərbaycan övladlarının da şəhid olduğu al rəngli ay-ulduzlu bayrağı o cür aşağılayıcı başlıqla paylaşmalıyıq?

 

Böyük Atatürkün irsinə sahib olmaqdan, Türkiyəni siyasi islama sürükləyən qüvvələrin əlindən almaqdan danışırsınız. Atatürkün düşmən ölkənin bayrağına göstərdiyi sayğını ən azı qardaş ölkənin bayrağına göstərməli deyilsinizmi? Budur “Atatürk ilkeleri”ne sadıqliyiniz?

 

Necə olur, Davosda Ərdoğanın iştirak etmədiyi toplantıda Türkiyə tənqid olunan zaman Əliyevin müdafiəyə qalxıb, “Türkiyə yoxdur, Azərbaycan burdadır” deməsini köksünüz qabara-qabara paylaşırsınız, sizin sevmədiyiniz namizədi o dəstəkləyəndə,  “Azerbaycan və Karabağ kırmızı çizgimiz” söyləyən Ərdoğana, bir növ, vəfa borcunu qaytarmağa çalışanda isə Əliyevdən az qala düşmən obrazı yaradırsınız? Hələ üstəlik, təkcə Əliyevdən deyil, bütöv bir ölkə, millət, bayraqdan!?

Mən bir Azərbaycan vətəndaşıyam. Türkiyədəki seçkilər mənimçün, əlbəttə, İsveçdəki seçkilərdən daha yaxındır, daha maraqlıdır. Lakin buna rəğmən, yenə də Türkiyə seçicisinin kimə səs verəcəyinə, kimi lider olaraq gördüyü barədə qərarına qarsımaq mənə düşməz. Mənim istəyim Azərbaycanda normal seçki sisteminin yaradılması, azad, ədalətli seçki keçirilməsidir. Bunun üçün bir vətəndaş və jurnalist olaraq əlimdən nə gəlirsə, edirəm. Hesab edirəm ki, siyasi idarəçilik müntəzəm dəyişikliklər, islahatlar, demokratik yanaşma, hüquqi fəaliyyət üzərində formalaşmalıdır. Ancaq təəssüf ki, hələ biz demokratik seçki təcrübəmizlə öyünə bilmirik. Müvafiq olaraq, siyasi isteblişmenti və idarə edən komandanı da, parlamenti də biz seçmişik deyə bilməyimizə hələ çox var.

Amma axı, canım kardeşim, Türkiyədə normala yaxın bir seçki sistemi, demokratiya təcrübəsi var və indiki hakimiyyəti düz 21 ildir iş başında saxlayan sizsiniz! Hakim Ədalət və İnkişaf Partiyası (AKP) qurulduğu ildən bəri bircə seçkini belə uduzmayıb!

Biz çətinə düşəndə məsuliyyəti Əfruz “xala”nın, yaxud Məzahir “dayı”nın üzərinə ata bilirik, siz ki xalq olaraq özünüz seçir, sandıqdan çıxarır, sonra da aşağıdan yuxarı balkon konuşmasına qulaq asırsınız. İstəmirsinizsə, etməyin! Ərdoğan hakimiyyətdə olduğu dönəmdə ən çox jurnalist həbs etdirən rəhbərdir? Seçməyin. Diktatordur? Səs verməyin. İradə sizin, ölkə sizin, bizim niyə boynumuzda qaldı Ərdoğan?!

Ərdoğanı 2003-cü ildən bu günədək hakimiyyət kürsüsündə saxlayan Azərbaycan seçicisi, ya İlham Əliyevdir? Türkiyə seçicisi nə zaman Kılıçdaroğluna, yaxud başqa bir liderə səs verdi, Azərbaycan onu qəbul etmədi? Olub belə bir hadisə? Olmayıb axı.

***

Bir də sosial şəbəkələrdə rastlaşdığım paylaşımlarda bir “azeri” sindromu hiss edirəm. (Bu arada deyim ki, “azeri” deyimini qəbul etmirəm, özümü və millətimi türk olaraq bilirəm). Türkiyəli qardaşlarımız bu incə məqamı unutmasınlar. Siz 21 il “diktatör” dediyiniz birini seçib (məhz SEÇİB!!!) başda saxlayarkən, biz 31 ildir düz-əməlli bir seçki sistemi yarada bilməmişik ki, özümüz kimisə seçib harasa oturdaq.

Odur ki, “azeri” deyib, çox da yuxarıdan aşağı baxmayın... Hepimiz azeriyiz...