Logo
news content
User
Kateqoriyalar

Analitika

Həmsədrlər və Ermənistan atəşkəs istəyir

Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağda atəşin dayandırılması üçün danışıqlara hazır olduğunu bildirib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi rəsmi açıqlama ilə çıxış edib. “Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini davam etdirir. Biz 1994-1995-ci illərdə əldə olunmuş razılaşmaların əsasında atəşkəs rejimini bərpa etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə qoşulmağa hazırıq”, - deyə açıqlamada bildirilir.

1994-95-ci illərdə əldə olunmuş razılaşmalar deyərkən 2 sənəd nəzərdə tutulur:

- 1994-cü il mayın 12-dən atəşin dayandırılması haqqında saziş;

- Atəşkəs rejiminin möhkəmləndiriməsi haqqında 4 fevral, 1995-ci il tarixli saziş. 

Bunlar 5 may 1994-cü il tarixində Bişkekdə imzalanmış razılaşmadan sonra atəşkəs rejiminin tətbiqi üçün hazırlanaraq imzalanan texniki sənədlərdir. Sənədlərin imzalanmasında niyyət və məntiq bu idi ki, atəşkəs rejimi müddətində sülh danışıqları aparılacaq və münaqişənin həllinə nail olunacaq. Hətta Azərbaycanda birmənalı qarşlanmayan və mübahisə doğuran Bişkek Protokolunda belə, “ələ keçirilmiş ərazilərdən qoşunların çıxarılması” əksini tapmışdı. Lakin uzun illər sülh danışıqları aparılmasına baxmayaraq, Ermənistan istər Bişkek Protokolunu, istərsə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini, başqa beynəlxalq qurumların sənədlərini və çağırışlarını yerinə yetirmədi. Destruktiv mövqedə israr edən Ermənistan özünü müharibənin qalibi hesab edərək sülh üçün faktiki, Azərbaycanın kapitulyasiyası mənasına gələn ağır şərtlər irəli sürməyə başladı. Azərbaycan təbii olaraq bu şərtləri rədd etdi.

Problemin həllinə yol açmaq, işğalçını sülhə məcbur etmək üçün Azərbaycanın hərbi gücə əl atmaqdan başqa çarəsi qalmamışdı. Əlverişli beynəlxalq şəraitin yetişdiyini hiss edən rəsmi Bakı bu qərarı verməli oldu.

Hazırda həm vasitəçi dövlətlərdən (Rusiya, Fransa, ABŞ), həm də ayrı-ayrı beynəlxalq təşkilatlardan və ölkələrdən hərbi əməliyyatların dərhal dayandırılması, atəşkəsin bərpası və danışıqlar üçün masaya oturulması yönündə çağırışlar gəlir. İlk baxışdan bunlar humanist çağırışlar kimi görünür. Lakin atəş dayandırıldıqdan sonra nə baş verəcək? Önəmli olan budur. Yenə sonu görünməyən perspektivsiz danışıqlar? Sülh prosesinin növbəti imitasiyası? Azərbaycanın bütün bunlara, necə deyərlər, “qarnı toxdur”.

Atəşkəsə o vaxt razılaşmaq məntiqli olar ki, işğalçı Ermənistan real güzəştlərə hazır olduğuna dair rəsmi səviyyədə yazılı vəd versin və bu barədə üzərinə öhdəlik götürsün. Yaxud həmsədr ölkələr – Rusiya, ABŞ və Fransa münaqişənin ədalətli həllinin prinsiplərini və gələcək sülhün çərçivəsini rəsmi şəkildə Bakıya təqdim etsinlər ki, Azərbaycan atəşkəsə razılıq versin. Bu prinsiplər və çərçivə təkcə ətraf rayonların azad olunmasını deyil, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenlik hüquqlarının bərpasını da ehtiva etməlidir. Belə olan halda, əlbəttə ki, atəşkəsə razılaşmaq olar.

Hazırkı mərhələdə qeyd-şərtsiz atəşkəs Azərbaycanın maraqlarına ziddir.

Müəllif: Şahin Cəfərli