Logo
news content
User
Kateqoriyalar

Analitika

HƏMAS xaosu... 
Təhlükəli ikihakimiyyətlilik və ya dünyəvi-millətçi üsyan necə iflasa uğradıldı

Saffet Akkaya

(Ehtiyatda olan ordu polkovniki, Çağ Universitetində Beynəlxalq Əlaqələr üzrə müəllimi xüsusi olaraq old.pressklub.az üçün)

Fələstin problemi bir əsrə yaxındır, bütün dünyanın diqqət mərkəzindədir. Nədir bu problem deyə soruşsaq, bunu ən sadə şəkildə belə izah edə bilərik - bu, eyni irqdən olan iki qardaş xalq, yəni yəhudilər və ərəblər arasında tarixdən qalma və Fələstin torpaqlarını bölüşdürmək uğrunda olan mübarizədir.

Osmanlı İmperiyasının süqutundan, yəni 1918-ci ildən bu yana bölgədəki yəhudilər davamlı olaraq dəstəkləndiyi və qorunduğu halda, Fələstin ərəbləri hər zaman tək qalıblar. 1895-ci ildə İsveçrədə keçirilən ilk Yəhudi Konqresində İsrail dövlətinin əsası qoyulub və yəhudilər yarım əsr sonrası üçün planlı və proqramlı siyasət yürütməyə başlayıblar. Bu müddət ərzində fələstinli ərəblər plansız və məqsədsiz idilər, eyni zamanda onların liderləri də yox idi. Onlar belə bir vəziyyətdə zərər gördükləri zaman kütləvi etirazlardan savayı reaksiya verə bilmirdilər. Yəhudilər Fələstində öz dövlətlərini qurarkən, təəssüf ki, fələstinlilər ya öz ölkələrində, ya da qonşu ölkələrdə qaçqın kimi yaşamağa məcbur edilirdilər.

İsrail dövləti 1948-ci ildə qurulana qədər, 1918-1948-ci illər ərzində İngiltərə dövlətinin himayəsi altında gücləndi, böyüdü və zənginləşdi. Qurulduqdan sonra isə İsraili qorumaq missiyasını Amerika Birləşmiş Ştatları öz üzərinə götürdü. Hazırda da İsrail dövlətinin təhlükəsizliyi və mövcudluğu ABŞ-ın Yaxın Şərq siyasətinin əsasını təşkil edir. Bu gün ABŞ Amerika Yəhudi Lobbisinin dəstəyi ilə İsrailə hər cür texnoloji, hərbi və iqtisadi yardımlar edir.

Fələstinlilərin bu mübarizədəki ən böyük səhvlərindən biri “Müsəlman Qardaşlar” ideologiyası ilə qurulan HƏMAS təşkilatının yaratdığı ikihakimiyyətlilikdir. Misirdə 1920-ci illərdə ortaya çıxan “Müsəlman Qardaşlar” ideologiyası Birinci Dünya Müharibəsindən sonra dünyəvi-millətçi xarakterlə üsyana qalxan Yaxın Şərq dövlətlərinin müstəqillik mübarizəsini dinci bir ideologiyaya çevirərək, geriliyə istinad edir. Din həmişə gələcəyə işarə etsə də, “Müsəlman Qardaşlar” təşkilatı İslam dinini geriyə aparan, anaxronist bir ideologiyaya dayanan, qadınlara zülmdən başqa bir şey deyildi. Bu ideologiyanın əsas məqsədi İslamın Məhəmməd peyğəmbərin prinsiplərinə qayıtmasını təmin etmək idi. Bu gün Qəzza zolağından İsrailə hücum edən HƏMAS-ın əsas fəlsəfəsi də bu anlayışa dayanır. HƏMAS 1987-ci ildə Fələstin milli müqavimətini məhv edəcək bir ideya ilə qurulub. HƏMAS yarandıqdan sonra ilk olaraq Yasir Ərəfatın millətçi Fəth (FAT) təşkilatı ilə silahlı toqquşmaya girdi və Qəzzanı ələ keçirdi, orada dini hakimiyyət qurdu. Güman edirəm ki, bu gün İsrail dövləti və dünya yəhudiləri HƏMAS-ı yaradan və Fələstin davasını iki yerə parçalayanlara minnətdardırlar.

HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarına da nəzər yetirək. Bunlar briqada adlandırılsa da, hərbi təşkilatla heç bir əlaqələri yoxdur. Onların müasir briqadalar kimi, tankı, zirehli maşını, artilleriyası yoxdur. Təşkilatın sadəcə 15 minə yaxın silahlı üzvü var. Əl-Qəssam Briqadalarının adı isə İzzəddin Əl Qəssam adlı fələstinli məscid imamından götürülüb. Misirdə böyüyən imam Əl-Qəssam elə həmin dövrdə “Müsəlman Qardaşlar” ideologiyasını qəbul edib. Din xadimi olduğu üçün Fələstin cəmiyyətində böyük nüfuz və hörmətə sahib olub. O, 1930-cu illərdə Fələstin milli müharibəsinə rəhbərlik edən Hacı Əmin əl-Hüseynin “gəl birlikdə mübarizə aparaq” təklifini rədd edib. Osmanlı Hərbi Akademiyasını bitirən, Gelibolu döyüşlərində iştirak edən, Qüds müftisi vəzifəsində çalışan Hacı Əmin əl-Hüseyninin millətçi və dünyəvi düşüncələri əsasında və Yasir Ərəfatın rəhbərliyi altında 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) qurulub. Bu təşkilatın qurulmasından 23 il sonra yəni 1987-ci ildə Şeyx Əhməd Yasinin rəhbərliyi ilə İzzəddin əl-Qəssamın ideya müəllifi olduğu HƏMAS yaradılıb. Nəticədə, ikibaşlı Fələstin davası monolit şəkildə çıxış edən İsrail dövləti qarşısında həmişə məğlub olub və təəssüf ki, bu formada davam etsə hər zaman məğlub olmağa məhkumdur. Belə söyləyə bilərik ki, Fələstin olayları dinci siyasətin milli prosesi necə sarsıtdığının əsl nümunəsidir.

Türk cümhuriyyətləri hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq Fələstin nümunəsinin minlərlə nüsxəsini çıxarıb, hər məktəbin, hər məscidin, hər hərbi binanın qapısından asmalıdırlar. Ona görə asmalıdırlar ki, müəllimlər, imamlar və hərbi rütbəlilər tabeliyində olan insanlara dini siyasətə qarışdırmağın nəticələrini izah etsinlər, öyrətsinlər və milli vicdan hissini onlara aşılasınlar.

Fələstində Türkiyənin səhvi nədir?

Təəssüf ki, Türkiyə son 20 ildə Fələstin məsələsində heç bir uğur əldə edə bilməyib. Türkiyənin Fələstin siyasətinin əsas məqsədi 1987-ci ildə Fələstində ortaya çıxan bu ikihakimiyyətliliyi aradan qaldırmaq olmalı idi. Başqa sözlə desək, FAT lideri ilə HƏMAS lideri vahid təşkilatda bir araya gətirilməli idilər. Türkiyənin xarici siyasəti təəssüf ki, bunu edə bilmədi. 1987-ci ildə HƏMAS-ın yaradılması ilə aşağıdakılar baş verdi:

  1. 1987-1990-cı illərdə ilk vətəndaş üsyanı başladı;
  2. 1996-2000-ci illər arasında Oslo sülh danışıqları pozuldu;
  3. 2000-2004-cü illərdə ikinci vətəndaş üsyanı başladı;
  4. FAT-ın təsiri zəiflədi və diplomatiyanın yerini terror-zorakılıq aktları aldı;
  5. FAT və Yasir Ərəfatın 40 illik nailiyyətləri itirildi;
Fələstin davasında Türkiyədən gözlənilən diplomatiya və beynəlxalq ictimai rəyi hərəkətə gətirmək olsa da, biz təəssüf ki, “Mavi Mərmərə” qalmaqalıyla, siyasi-islamçı Mursinin fətvalarıyla, Misir Prezidenti Sisi ilə və heç ehtiyac olmadığı halda Suriya dövləti ilə yaşanan münaqişə ilə məşğul idik. Halbuki Türkiyə regionun lider ölkəsi olaraq həm Yaxın Şərq ölkələrini, həm Orta Asiya türk dövlətlərini, həm AB üzvlərini, həm də ictimai rəyi səfərbər etməklə bütün dünyanın arzuladığı ortaq həllə nail ola bilərdi. Onu da xatırladım ki, 2000-ci illərdə Oslo Sülh Danışıqlarında həm İsrail, həm də Fələstin üçün belə bir sülh fürsəti yaranmışdı. Təəssüf ki, sülh danışıqları davam edərkən HƏMAS İsrailə hücum etdi və bu anlaşma pozuldu.

Qeyd etməliyik ki, dövlətlərin xarici siyasəti üç prinsip üzərində aparılır:

  1. Sərt güc (ordu);
  2. Yumşaq güc (iqtisadiyyat); 
  3. Ağıllı güc (diplomatiya);
Qısası, bu gün anladıq ki, adi sözlərlə təşkilat terroru törədən HƏMAS ilə dövlət terroru törədən İsrail arasında uzlaşma qurmaq, barışıq əldə etmək mümkün deyil. Bu gün ən savadsız insan da bilir ki, dövlət hakimiyyətini təşkilati güclə məğlub edə bilməzsən, sən hər dəfə hücuma keçəndə varlığın bir az da zəifləyəcək, torpağın bir az da kiçiləcək, xalqın bir az da məhv olacaq.

Nəhayət, düşünülməmiş siyasətlə əldə edəcəyin nəticə bugünkü məzlum Qəzzanın hazırkı durumudur. Bundan sonra ediləcək yeganə şey İsrail dövlətinin sabah və ya qarşıdakı günlərdə edəcəklərini izləmək olacaq. Yəni bu gün fələstinlilərin taleyi İsrail hökumətinin vicdanına buraxılıb.

Azərbaycana ən səmimi salamlarımla...