Logo
news content
User
Kateqoriyalar

Analitika

Həbsdəki cəbhəçilərlə bağlı işgəncə iddiaları

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) orduya dəstək yürüşünə görə həbs olunan fəallarının işgəncəyə məruz qalması barədə iddialar səslənir. Xüsusən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı, partiyanın gənc üzvlərindən Seymur Əhmədzadə, Ramid Nağıyev və digərlərinin adları çəkilir.

F.Qəhrəmanlı və bir sıra başqa cəbhəçilərin ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması, onlara hətta bu günə qədər vəkilləri ilə də görüşməyə imkan verilməməsi işgəncə barədə şübhələri artırır.

“Müdafiə Xətti” insan haqları təşkilatı Seymur Əhmədzadənin işgəncəyə məruz qalması barədə məktubunu yayıb. Orada cəbhəçi gənc bildirir ki, özünü sanki əsirlikdə hiss edir: “Saxlanıldıqdan bəri hər gün işgəncə altındayam”.

S.Əhmədzadənin xanımı Firuzə Oruc “Press Klub”a bildirdi ki, həyat yoldaşının ailə üzvləri ilə telefon əlaqəsi saxlamasına imkan verilmir: “Bəzi hökumətyönlü saytlar yazıblar ki, Seymur Əhmədzadə həbs ediləndən sonra ailəsi ilə danışır. Yalandır. Seymuru 14 iyul yürüşündən sonra aparıblar, saxta ittihamlarla cinayət işi açıblar. İndiyə qədər də onunla əlaqə yaradıb, vəziyyəti, hansı şəraitdə saxlanması, nəyə ehtiyacı olması haqda məlumat ala bilmirik. Hələ mən onun ağır işgəncələrə məruz qaldığını demirəm...”

F.Qəhrəmanlının yaxınları da onunla danışa bilmədiklərini deyirlər. Vəkili Bəhruz Bayramov 10 gündən çoxdur əlində order olduğu halda, F.Qəhrəmanlı ilə görüşə bilmədiyini söyləyib. Bununla əlaqədar o, müxtəlif dövlət orqanlarına, o cümlədən Ombudsman Aparatına şikayət edib.

Avqustun 1-də sosial mediada F.Qəhrəmanlının işgəncəyə məruz qalması, vəziyyətinin ağır olması barədə məlumatlar yayılandan bir gün sonra Ombudsman Aparatı bu haqda açıqlama verdi. Aparatdan bildirildi ki, avqustun 2-də bu qurumun nümayəndələri Bakı İstintaq Təcridxanasında F.Qəhrəmanlı, S.Əhmədzadə və digərləri ilə görüşüblər. Onlar saxlanma şəraitindən şikayətlənməyiblər.

“Fuad Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı Fuad Qəhrəmanlı və Seymur Əhmədov saxlanıldıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər”, - Ombudsman Aparatının açıqlamasında belə deyilir.

Ardınca Baş Prokurorluq da açıqlama yayaraq, həbs olunan AXCP üzvlərinin işgəncəyə məruz qalması haqda deyilənləri təkzib edib. Baş Prokurorluq işgəncə haqda yayılan məlumatlar uydurma adlandırıb: “Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olub. İstintaq hərəkətləri müdafiəçinin iştirakıyla həyata keçirilməklə, təqsirləndirilən şəxslərin hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqları tam təmin olunub”.

AXCP mətbuat xidmətindən isə “Press Klub”a bildirilib ki, F.Qəhrəmanlı və həbsdə olan bir sıra başqa cəbhəçilərin ilk gündən öz vəkilləri olsa da, onları istintaq prosesinə buraxmayıblar. Əvəzində dindirmə protokollarına dövlət hesabına cəlb edilmiş vəkillər imza atıb: “Fuad Qəhrəmanlının, eləcə də həbs olunan əksər cəbhəçilərin öz vəkilləri olduğu halda, onları məhkəmə qarşısına dövlət hesabına vəkillərin iştirakıyla çıxarıblar. Öz vəkillərini isə istintaq prosesinə buraxmayıblar. Baş Prokurorluq “müdafiəçinin iştirakı təmin edilib” deyəndə həmin dövlət hesabına cəlb olunmuş vəkilləri nəzərdə tutur. Dövlət hesabına cəlb edilən vəkillərin əksəriyyətinin necə işlədiyini hər kəs yaxşı bilir. Ən əsası, adamın özünün vəkili ola-ola niyə dövlət hesabına vəkil cəlb olunur? Öz vəkilləri isə günlərdir onlarla görüşə bilmir. Görünür, ya işgəncə izləri qalır, ya da başqa səbəblərdən bu adamları gizlədirlər”.

AXCP-dən qeyd olunub ki, F.Qəhrəmanlının vəkili Bəhruz Bayramovdan başqa, Ramid Nağıyevin vəkili Aqil Layıc da 15 gündür müvəkkili ilə görüşə bilmir.

F.Qəhrəmanlı iyulun 15-də Qarabağa dəstək yürüşündə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. olaylarla əlaqədar başlanmış cinayət işi üzrə həbs olunub. Ona qarşı CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlamağa yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü - Məmməd İbrahim də eyni maddələrlə ittiham olunur. Bu cinayət işi üzrə həbs olunan daha 15 AXCP fəalına isə 278-ci maddə istisna olmaqla, digər üç maddə ilə ittiham irəli sürülüb.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. 18 nəfərə karantin rejimini pozmaq ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

Gülər