
Harris və Tramp: Cənubi Qafqazı nə gözləyir?
Ekspert: “Əslində Amerikanın xarici siyasət prioritetlərini isteblişment müəyyən edir”
25 İyul 2024
Hazırda dünyanın bütün dövlətləri Co Baydenin prezidentlik uğrunda mübarizədən çıxmasının mümkün nəticələrini təhlil edərkən, hər şeyi ilk növbədə öz maraqları baxımından hesablayır. Maraqlıdır, ABŞ-da seçki yarışında bu gözlənilməz və sürətli dəyişiklik Cənubi Qafqaz ölkələrinin xarici siyasət balansına necə təsir edəcək?
Hazırda çoxları Trampın Ağ Evə qayıtmasının artıq həll olunmuş məsələ olduğunu düşünürlər. Bəs Baydenin yarışdan geri çəkilməsi bölgəmiz üçün nə vəd edir?
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında ilk növbədə onu qeyd edib ki, Trampın Ağ Evə qayıtmasını həll olunmuş məsələ hesab etməyə tələsmir.

“Məncə, bu belə deyil. Əksinə, düşünürəm ki, Trampın hakimiyyətə qayıdış imkanı Baydenin onun rəqibi olduğu vaxtla müqayisədə qat-qat aşağı düşüb. Baydenin seçkilərə getməyəcəyi və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcəyi açıqlamasından (Demokratlar Partiyası hələ rəsmi olaraq onun namizədliyini irəli sürməyib, qərar yalnız avqustda veriləcək) sonrakı bir gün ərzində Harrisə dəstək kimi rekord 81 milyon dollar vəsait toplandı. Düşünürəm ki, Harris bu mənada Co Baydendən daha çox birləşdirici fiqurdur. Yəni, mənim fikrimcə, dəyişən şərait Donald Trampın Ağ Evə qayıtması ehtimalını kəskin şəkildə azaldır”, - ekspert hesab edir.
Onun sözlərinə görə, hansı dəyişikliklərin gözlənilməsinə gəlincə, Tramp prezident olacağı təqdirdə Amerika Trampın əvvəlki 4 illik prezidentlik dönəmində olduğu kimi, xarici siyasətdə özünütəcrid vəziyyətinə qayıdacaq. “Bu halda regionumuz tamamilə Rusiya, Çin, qismən də Türkiyə və İranın təsiri altına düşəcək. ABŞ bu oyundan, Cənubi Qafqazda təsir mübarizəsindən geri çəkiləcək.
Amma o da ola bilər ki, Tramp prezident olarsa, ABŞ-ın xarici siyasətinin geosiyasi konturları dəyişməyəcək. Onlar əvvəlki kimi qalacaqlar, lakin təbii ki, bu vəzifələrin yerinə yetirilməsi üsulları və yolları dəyişəcək. Məsələn, respublikaçılar Ermənistanı dəstəkləməyəcək və Gürcüstanda nəyisə dəyişməyə cəhd etməyəcəklər.
Əgər Tramp həqiqətən də indi hamının düşündüyü kimi davransa, yəni Rusiyaya loyallıq nümayiş etdirməyə başlasa və geosiyasi baxımdan Moskva ilə rəqabət aparmasa, bu halda bizim region da daxil olmaqla, Kremlin təsiri artacaq”, - deyə politoloq qeyd edib.
Amma o, hesab edir ki, Amerikanın prioritetləri dəyişməz qalsa və məsələn, Kamalə Harris Trampı məğlub etsə, Birləşmiş Ştatlar Ermənistanla münasibətlərini davam etdirəcək, Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışacaq, Gürcüstanla münasibətlərdə isə çətinliklər olacaq. “Yəni, yenə də görürük ki, ABŞ-ın Cənubi Qafqazla bağlı xarici siyasət prioritetlərində çox böyük ehtimalla heç bir dəyişiklik olmayacaq. Yeni prezidentin Tramp və ya Harris olmasından asılı olmayaraq hər şey əvvəlki kimi olacaq.
Bu siyasətin hansısa korreksiyaya məruz qalması ehtimalı yalnız Trampın seçiləcəyi təqdirdə mümkündür. Beləliklə, burada nəyisə proqnozlaşdırmaq çətindir. Amma mən bir şeyi bilirəm: təbii ki, ABŞ-da xarici siyasət prioritetlərinin qurulması və müəyyən edilməsində prezident (formal olaraq) çox mühüm rol oynayır. Amma əslində isə hər şeyi Amerika isteblişmenti müəyyənləşdirir. Bu, Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsidir. Və bu dövlət qurumları o qədər çoxdur ki, prezident onların hamısına müqavimət göstərə bilməz.
Yekun olaraq deyə bilərəm ki, kimin seçilməsindən asılı olmayaraq, regionumuzla bağlı xarici siyasət prioritetləri dəyişməyəcək. Çox güman ki, Tramp prezident olarsa, regionda əsas tərəfdaşlarla - Azərbaycan və Gürcüstanla münasibətlər qurmağa çalışacaq, demokratlar isə Ağ Evdə qalsalar Ermənistana arxalanmağa davam edəcəklər”, - deyə Oruclu yekunlaşdırıb.
Rauf Orucov