Logo
news content
User
Kateqoriyalar

Analitika

Gözlənilməz demarş, yoxsa qeyri-adekvatlıq?
Rusiya Azərbaycana qarşı dost olmayan addım ataraq, eyni zamanda onu müttəfiqliyə çağırır

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində keçirilən seçkiləri tanınmaması ilə bağlı Azərbaycan XİN-in bəyanatına görə rəsmi Bakıya “diplomatik demarş” ifadə edib.

“Biz bu cür qiymətləndirmələri qəbul edə bilmərik, bu qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun gəlmir. Buna görə də, diplomatik xətlə Azərbaycan tərəfi qarşısında demarş həyata keçirilib. Biz bu məsələ ilə bağlı hər şeyi ifadə etmişik”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələlərində tərəfdaşlarımızın Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində bizdən gözlədiyi hörmətlə yanaşmalıdır”, - o deyib.

Xatırladaq ki, sentyabrın 9-da Azərbaycan Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabında “Ukraynanın müəyyən ərazilərində qondarma “seçkilər” haqqında” bəyanat yayıb.

“Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan buna əsaslanaraq bəyan edir ki, Ukrayna ərazisində istənilən seçkilər ancaq o zaman legitim ola bilər ki, bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun keçirilsin.

Azərbaycanın bu prinsipial mövqeyi dövlətlərin suverenliyinə, hüquqlarına hörmətlə bağlı beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə əsaslanır.

Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər” bu meyarlara cavab vermir və buna görə də heç bir hüquqi qüvvəyə malik ola bilməz”, - bəyanatda deyilir.

Məsələ ondadır ki, sentyabrın 10-u Rusiyanın müxtəlif regionlarında Vahid səsvermə günü elan edilib. Və ilk dəfə olaraq Ukraynanın işğal olunmuş torpaqları - Xerson və Zaporojye vilayətləri, həmçinin "Donetsk və Luqansk Xalq Respublikaları""seçkilərdə" iştirak edib. Orada   "qubernatorlar" və "parlament deputatları" "seçilib".

Ümumiyyətlə götürdükdə, bu, Mariya Zaxarova tərəfindən çox qəribə reaksiyadır. Əgər o, həqiqətən də özünü diplomat hesab edirsə, o zaman Azərbaycanın təkcə Rusiyanın deyil, planetin bütün dövlətlərinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyini bilməlidir. Bu mövqe isə çoxdan məlumdur - dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri toxunulmazdır. Rusiya isə qonşu ölkəyə silahlı təcavüz edib, onun ərazisini zəbt edib işğal altında saxlayırsa, rəsmi Bakı bunu qəbul edə bilməz. Ən azı, belə bir faktı qınamalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də saxta “seçkilərlə” bağlı yuxarıda qeyd etdiyimiz bəyanatında bunu dolayısı ilə edib.

Və ümumiyyətlə, hələ heç bir normal ölkə Rusiyanın işğal etdiyi ərazilərin Ukraynanın tərkib hissəsi olmadığını qəbul etməyib. Nə Rusiyanın Aİİ, Gömrük İttifaqı, KTMT-dəki postsovet ölkələrindən olan müttəfiqləri, nə də hətta Şimali Koreya bu addımı atmayıb.

Bundan əlavə, Zaxarova Azərbaycanla Ukrayna arasında münasibətlərin hansı səviyyədə olduğunu bilməlidir (və yenə də - əgər o, həqiqətən də diplomatdırsa) - onilliklər ərzində bu iki dövləti bir-birinə strateji tərəfdaşlıq bağlayır. Bu isə zarafat ediləcək məsələ deyil. Dövlətlərdən birinə qarşı haqsızlıq edildiyi zaman ən yaxın tərəfdaşlardan başqa onlara kim dəstək olmalıdır? Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələdə çox düzgün hərəkət edib. Yeri gəlmişkən, bu yaxınlarda Ukrayna da “Artsaxda keçirilən prezident seçkiləri” ilə bağlı bəyanat verdi - açıq şəkildə onları qanunsuz adlandırdı. Ukraynanın müvəqqəti işğal olunmuş torpaqlarında da təxminən eyni biabırçılıq həyata keçirildiyi bir zamanda Azərbaycan sussaydı, qəribə olardı.

Yəni, bu məsələdə hər şey normaldır. Əgər Zaxarova özü Bakıdan başqa nəsə gözləyirsə, demək, onun özündə nəsə normal deyil. Onun, “biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq, indi də Bakıdan Ukraynanın işğal olunmuş torpaqlarını Rusiya torpaqları kimi tanımasını gözləyirik” kimi işarələrinə gəlincə, belə bir yanaşma, yumşaq desək, ümumiyyətlə qeyri-adekvatlıqdan xəbər verir. 

Bəs həqiqətən də, Moskva ümumiyyətlə  burada nə edə bilər? Birdən-birə “DQR”in müstəqilliyini tanıyacaq? Bu mümkün deyil. Rusiya burada zorla nəsə etmək iqtidarında olsaydı belə, buna cəsarət etməzdi. Niyə? Çünki ortada Türkiyə faktoru, Şuşa bəyannaməsi var. Rusiya qarşı tərəfdən cavab almağı o qədər də istəməzdi. Və demək olar ki, sivil dünyaya yeganə çıxışının Türkiyə üzərindən olduğu indiki reallıqları da nəzərə alsaq, bu cür düşünülməmiş qəfil hərəkətlər onun marağında deyil.

Yəni, belə görünür ki, Rusiyanın atdığı addımlar həmin anlaşılmaz demarşdan o yana getməyəcək.

Rauf Orucov