Logo
news content
User
Kateqoriyalar

Analitika

Gömrükdən şikayətlər artır

Son vaxtlar Dövlət Gömrük Komitəsinin fəaliyyətindən şikayətlər ciddi şəkildə artıb. İdxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarların şikayətləri hamıya az-çox məlumdur və bu şikayətlər uzun illərdir davam edir. Hər hansı biznes fəaliyyəti olmayan, xaricdən gündəlik tələbat malları, xüsusən geyim sifariş verib gətizdirən sadə vətəndaşlar isə son aylar elektron ticarətə yaradılan maneələrdən şikayətçidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  Vahid Əhmədov “Press Klub”a açıqlamasında qeyd etdi ki, gömrüklə bağlı bir çox məsələlər qanuni qaydada tənzimlənir:

“Bununla bağlı müəyyən qərarlar da qəbul etmişik. Hətta bu yaxınlarda 15 adda məhsulu siyahıya əlavə etdik ki, Türkiyə ilə ticarət əlaqələri genişləndirilsin, bu məhsullar Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana gətirilən zaman heç bir vergi tutulmasın. Bu sahədə müəyyən işlər görülür. Bəzi anlaşılmazlıqlar da olur, amma bu, o demək deyil ki, gömrük rüsumları yüksəkdir, ödəniş zamanı hansısa problemlər yaşanır”.

Deputat gömrük sahəsində yalnız ƏDV problemini önə çəkdi:

“Biz bütün məhsullarda 18% ƏDV-nin olması ilə razı deyilik. Məsələn, avtomobil, mebel və sair məhsullar insanlara təxminən 5 ildən bir lazım olur. Biz bunlara da, gündəlik tələbat mallarına da 18% vergi qoyuruq. Buna görə təkliflərimiz var. Amma qalan məsələlərdə gömrüklə əlaqədar bizə müraciətlər daxil olanda həllini tapıb”.

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə Gömrük Komitəsinin fəaliyyətinin

fəlsəfəsində və yanaşmasında problem olduğunu vurğuladı:

“Gömrük Komitəsi hansı işlə məşğul olduğunu hələ dərk etməyib. İstehsal varsa, dünyada gömrük orqanları da ona görə yaranır ki, daxili istehsalçılara kömək etsinlər, onların inkişafına yardımçı olsunlar, xaricdən analoji mal gələndə onlara gömrük rüsumu daha artıq olsun ki, daxili istehsalçı daha tez inkişaf etsin, rəqabətə davamalılığı artsın. Amma bizdə bunların tam əksi baş verir. Bizdə gömrük orqanları müxtəlif üsullarla vətəndaşlardan və biznesdən pul toplamağa köklənmiş bir orqandır. Bunun özü yanlışdır. Xaricdən onlayn gətirilən məhsullarla bağlı Azərbaycan məhz elə gömrük qaydalarına görə Qafqazda ən geridə qalmış ölkədir. Azərbaycan Türkmənistanı çıxmaq şərti ilə keçmiş MDB məkanında digər ölkələrdən geridədir. Çünki bizdə bu sahənin inkişafına mane olan qaydalardan biri Gömrük Komitəsinin tez-tez oyun qaydalarını dəyişməsi, müəyyən maneçiliklərin olması, eləcə də yaratdıqları portalın normal çalışmamasıdır. Gömrük Komitəsinə yaxın olan karqo şirkətləri rahat şəkildə işləyə bilirlər, özəl şirkətlərlə isə problemlər yaradılır. Yəni, Azərbaycanda bu sahədə kifayət qədər problemlər var, həlli yolları ilə bağlı isə heç bir addım atılmır”.

Ekspert bildirdi ki, əslində problemlərin həlli yolları çox sadədir:

“Gömrük Komitəsinin səlahiyyətləri azaldılmalıdır, daha şəffaf bir sistem qurulmalıdır. Gömrük Komitəsi daxili qaydalarında qanunda nəzərdə tutulmayan bəzi məsələləri də tətbiq edir. Məsələn, avtomobil gətirənləri incidir ki, sizin qaimə qiymətlərinizlə razı deyilik, biz özümüz qiymətləndirmə aparmalıyıq. İstənilən məhsulu gətirənlərlə eyni cür davranırlar. Güya rəsmi qaiməyə inanmırlar, özləri qiymətqoyma siyasəti aparırlar və bunun üçün xüsusi komissiya da qurublar. Halbuki bu, qeyri-qanunidir. Bütün bu məsələlər, Gömrük Komitəsinin yaratdığı əngəllər bir çox sahələrdə - onlayn ticarətə və sifarişlərə, kiçik və orta sahibkarlığın fəaliyyətinə ciddi maneələr yaradır”.

Ülviyyə Şahin