Logo
news content
User
Kateqoriyalar

Analitika

“Go home, İvan”?
İlham Əliyev: “Rusiya sülhməramlıları çıxıb gedəndən sonra…”  

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews” kanalına müsahibə veriblər. Müsahibə kanalın efirində avqustun 1-də yayımlanıb. Maraqlıdır ki, “Euronews” bu dəfə “ənənədən” kənara çıxıb. İrəvanda Paşinyan, Şuşada isə Əliyevlə görüşən kanalın müxbiri Anneliz Borjes hər iki liderə təxminən eyni suallar ünvanlayaraq, ayrı-seçkiliyə yol verməməyə çalışıb.

İlham Əliyev müsahibəsi zamanı Qarabağda quruculuq işləri, danışıqlar, son zamanlar yaranan gərginlik, 44 günlük müharibə və sair məsələlərə toxunub. Sülh prosesi barədə danışan prezident nikbin olduğunu, xarici işlər nazirləri səviyyəsində fəal danışıqlar aparıldığını, hər şeyin rəvan getmədiyinə rəğmən, sülh müqaviləsinin hətta bu ilin sonuna qədər imzalanmasına ümid etdiyini bildirib.

Əliyev bu məqamda, ABŞ və Avropa Birliyinin danışıqlar prosesində rolunun dəfələrlə artdığını qeyd edib və bunu çox müsbət dəyərləndirib. İlk danışıqların ancaq Moskvanın iştirakı və vasitəçiliyi ilə keçdiyini deyən dövlət başçısı, Vaşinqton və Brüssel görüşlərinin rəqabəti artırdığını vurğulayıb. Bununla da, ilkin dövrdə Rusiyanın inhisarında olan danışıqlar prosesinin dəyişməsini alqışladığını qeyd edib: “Müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq”.

Azərbaycan prezidenti müsahibə zamanı Rusiyanın vasitəçiliyi ilə bağlı daha bir məqama da toxunub. O, jurnalistin təklifi ilə ermənilərə müraciət edərkən, həm Ermənistan ermənilərinə, həm də Qarabağ ermənilərinə üz tutaraq, dinc yaşamağım mümkün olduğunu bildirib. Əliyev yeni Laçın yolunun tikintisi zamanı ermənilərlə azərbaycanlılar arasında təmas faktlarının olduğunu bildirib: Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Əliyevin Rusiya sülhməramlıları çıxıb gedəndən sonra ermənilər və azərbaycanlılar asanlıqla ünsiyyət qururdular cümləsini işlətməsi təsadüfi deyil. Bütün dünyaya yayılacaq bir müsahibədə ermənilər və azərbaycanlıların kənar təsir, vasitəçi olmadığı bir məqamda dinc yaşadığını, təmas qura bildiyini qeyd edən dövlət başçısı bununla da bir növ 2025-ci ilə mesaj vermiş oldu. Dəfələrlə Rusiya hərbi kontingentinin bu ərazidə müvəqqəti yerləşdiyini bildirən dövlət başçısı, “Euronews” kanalına müsahibəsində də bu məqamı yenidən qeyd edib.

Beləliklə, Azərbaycan növbəti dəfə Rusiya çətirinin altından tamamilə çıxmaq niyyətini nümayiş etdirir. Prezidentin vasitəçilərlə bağlı müsbət fikirlərini, ilk növbədə isə Rusiya sülhməramlıları olmayanda sadə insanların kifayət qədər asanlıqla ünsiyyət qurmalarını bildirməsini də dolayısı ilə ortadakı problemin elə Rusiyanın bölgədəki mövcudiyyətindən qaynaqlandığı kimi qəbul etmək olar. Yəni, üstündən təxminən 2 il keçəndən sonra – 2025-ci ilin mayın 10-da Azərbaycanın Rusiyaya “çox sağ olun, artıq sizə ehtiyac yoxdur” söyləyəcəyini gözləyə bilərik. 

Bu məqamda, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da sözlərini xatırlamaq yerinə düşər. Azərbaycanın bu məsələdə Türkiyə ilə tandemdə çıxış etdiyini və məsləhətləşdiyini nəzərə alsaq, Ərdoğanın “Rusiya sülhməramlıları 2025-ci ildə bölgəni tərk edəcəklər. Qardaşım İlham Əliyev də bu məsələyə xüsusi diqqət verir” mesajının təsadüfən səslənmədiyi aydın olur. 

Bölgədə çıxılmaz vəziyyətə düşdüyünü və tezliklə “Go home” mesajını ala biləcəyini Rusiya da başa düşüb. Bir müddət əvvəl özündən başqa heç bir vasitəçini, heç bir danışıqlar prosesini qəbul etməyən Kreml, artıq reallığı qəbul etməkdədir. Cəmi iki həftə əvvəl XİN-in bəyanatında Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını açıq şəkildə pisləyən, sülh müqaviləsinin tez bir zamanda imzalanmasının qəbuledilməz olduğunu bildirən Moskva, bu gün mövqeyini dəyişib. Yola düşən qatardan kənarda qaldığını anlayan rəsmi Kreml artıq öz şərtləri daxilində olsa da, sülh müqaviləsinin imzalanmasına razılaşıb. Rusiya hakimiyyəti hətta Bakı və Xankəndi arasında birbaşa dialoqun (!) da tərəfdarı kimi çıxış etməyə başlayıb və Mariya Zaxarova bununla bağlı bəyanat verib. 

Rusiyanın 2025-ci ilə hazırlaşdığını daha bir məqam da göstərir. XİN-in MDB ölkələri üzrə birinci departamentinin rəhbəri Mikael Ağasandyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının qurulması məsələsinin müzakirəsinə başlaya biləcəyini və bunun üçün rəsmi İrəvanın cavabını gözlədiyini bildirib. Yəni, Rusiya tezliklə bölgəni tərk etmək təhlükəsi ilə üz-üzə qalacağını anlayıb və burada qalmaq üçün bütün addımlara hazırdır.

Rusiya heç olmasa, KTMT-nin müşahidəçi missiyası adı altında, heç olmasa, sərhəddə qalmaq üçün çalışır.

Bölgəni Avropa müşahidəçilərinə buraxıb getmək olmaz axı.

Press Klub