
Gərginlik davam edir: Türkiyə böhrandan necə çıxacaq?
Hakim partiya nüfuz itkisi yaşayır, ümid növbədənkənar seçkilərədir
25 Mart 2025
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya etiraz aksiyalarında 123 polis məmuru xəsarət aldığını, 1200-ə yaxın aksiya iştirakçısının saxlandıldığını bildirib. Nazir vurğulayıb ki, onların içində müxtəlif terror təşkilatlarının üzvləri də var...
Türkiyə müxalifəti İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğluna qarşı ittihamlara 5 gündür etiraz edir. Bələdiyyə binasının yerləşdiyi Sarachane meydanına yüz minlərlə insan toplaşır, müxalifət liderləri, nüfuzlu ictimaiyyət nümayəndələri onların qarşısında çıxışlar edir, hüquq mühafizə orqanlarına, siyasi hakimiyyətə qarşı tələblərini səsləndirilər. Bu cür etirazlar Türkiyənin 14 böyük şəhərində, eləcə də kiçik rayonlarda da keçirilir.
Martın 23-də Cümhuriyyət Xalq Partiyası (CHP) ilkin seçki keçirərək, Əkrəm İmamoğlunu özünün prezidentliyə namizədi elan edib. Partiya lideri Özgür Özəlin verdiyi məlumata görə, səsvermədə 1.7 milyon CHP üzvünün 1.653 milyon nəfəri iştirak edərək, İmamoğlunun namizədliyini dəstəkləyib. Partiya üzvləri ilə yanaşı, bütün vətəndaşların İmamoğluna “dayanışma oyu” verməsi üçün də qutular qoyulub. Özəl deyib ki, qutulara 14.9 milyon nəfərə yaxın vətəndaş gəlib və CHP-nin namizədinə həmrəylik səsi verib.
Qeyd edək ki, Türkiyənin əksər partiyalarının liderləri, deputatlar, vəkillər, jurnalistlər, tələbələr, elm adamları, sənətçilər İmamoğluna qarşı təzyiqləri pisləyib, hökuməti qınayıb, onu ədaləti bərqərar etməyə dəvət edib. Onların sırasında Ərdoğanın keçmiş silahdaşı, eks-prezident Abdullah Gül də var.
Beləliklə, Türkiyədə siyasi böhran dərinləşir: müxalifət cəmiyyətdən ciddi dəstək alır, məsələni təkcə müxalif prezidentliyə namizədin hüquqlarının pozulması kimi qoymur. Vurğulanır ki, prezident Ərdoğan ölkənin demokratik sistemini zəiflədir, məhkəmə və prokurorluğu nəzarət altına alıb, medianı susdurub, hakimiyyətlə hesablaşmayanları həbs etdirib. Bu, ölkəni avtoritar rejimlərin cərgəsinə sürükləyir və artıq Türkiyədə seçkilərlə dəyişikliklər mümkün olmayacaq.
Ərdoğan isə müxalifəti İmamoğluna qarşı hüquq mühafizə orqanları tərəfindən aparılan istintaqı və həbsləri siyasiləşdirməkdə, dövlətə qarşı təxribatlarda ittiham edir. Türkiyədə hüquqi dövlətin mövcud olduğunu hər çıxışında vurğulayan Prezident geri çəkilməyəcəyini, hökumətin daha sərt addımlar atacağını bildirib.
Böhranı yumşaltmaq üçün cəmiyyətdə üçüncü qüvvələr yoxdur, qütbləşmə çox dərindir, qarşılıqlı nifrət, inamsızlıq düşmənçiliyi körükləyir. Bu atmosfer də Türkiyəni ciddi kataklizmlərlə üz-üzə qoyur. Artıq onsuz da böhran içində olan iqtisadiyyat, maliyyə sistemi siyasi toqquşmalara dərhal mənfi reaksiya verib, ölkə iqtisadiyyatı 34 milyard dollar itirib, iri şirkətlərin səhmləri kəskin ucuzlaşıb, milli valyuta dollar, avro qarşısında 12 faiz dəyər itirib.
Hökumət dövlət üçün yaranmış təhlükələri nəzərə almır və etirazları yatıraraq sərt rejim qurmaqda qərarlıdır. Buna nail olub-ola bilməyəcəyi sual doğurur. Çünki hakimiyyətin reytini aşağıdır, bütün rəy sorğularında ana müxalifət CHP-dən geridə gəlir. Ötən ilin martında keçirilən bələdiyyə seçkilərində hakim AKP-nin müxalifətə uduzması da onun resurslarını məhdudlaşdırıb. Sosial vəziyyətin pisləşməsi, milli valyutanın dəyərsizləşməsi, korrupsiya və rüşvətxorluğun geniş yayılması, siyasi hakimiyyətin media, məhkəmə və hüquq mühafizə orqanlarının üzərində sərt nəzarət formalaşdırması ictimai narazılığı kəskin artırıb.
Müxalifət dağınıq və qarşılıqlı ittihamlar içərisində olmasına rəğmən hökumətdən daha çox ictimai dəstəyə malikdir, resurslar da kifayət qədərdir. Hazırda Böyük Millət Məclisinin təxminən yarısı müxalif partiyaların deputatlarından ibarətdir, sosial mediada, eləcə də internet üzərindən yayılan informasiya resurslarında da müxalifət birmənalı üstünlüyə malikdir. Hakimiyyətin qısa müddətdə bu gücü zəiflədib sərt avtoritar rejim yaradacağı inandırıcı görünmür. Amma əlində dövlətin legitim zor aparatı olan Ərdoğan hakimiyyətinin bütün resurslardan istifadə edəcəyi artıq şübhə doğurmur. Beləliklə, yaxın perspektiv Türkiyə üçün yaxşı görünmür: dərinləşən siyasi böhran, iqtisadiyyatın çöküşü, repressiyaların şiddətlənməsi.
Təcrübə göstərir ki, daxili qarşıdurmalar siyasi hakimiyyətin çökməsinə və növbədənkənar seçkilərin keçirilməsinə aparıb çıxarır. Bu dəfə də belə olacaqmı, bu, tərəflərin öz resurslarından nə qədər səmərəli istifadə edəcəyindən asılıdır. Amma bütün hallarda, AKP hakimiyyətinin ciddi nüfuz itkisinə məruz qaldığı, növbəti seçkilərdən uğurla çıxmaq şansını azaltdığını söyləmək mümkündür.
Türkiyədə baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Rəsmi Bakı hələlik heç bir reaksiya verməyib, amma hökumətə yaxın media, ekspertlər, deputatlar Ərdoğana dəstək nümayiş etdirirlər. Müxalifət də Türkiyədə siyasi basqıları pisləsə də daha çox gözləmə mövqeyindədir, hakim rejimə qarşı kəskin bəyanatlardan istifadə etmir. Müxalifət tərəfdarları da Ərdoğana və İmamoğluna münasibətdə bölünmüş durumdadırlar, hər ikisinin dəstəkləyənlər, haqlı sayanlar var. Sosial mediada zaman-zaman onlar arasında polemikalar yaşanır.
İqtidar və müxalifətin bu yanaşması təqdiredici haldır, əvvəla ona görə ki, Türkiyə Azərbaycan üçün sıradan bir ölkə deyil, təbii müttəfiqdir, onun daxili problemlərinə baş vurmaq, tərəf tutmaq milli maraqlara ziddir. Çünki növbəti mərhələdə onların biri ilə qarşılaşmaq, münasibətləri böhrana sürükləmək perspektivi var.
Bütün hallarda, Türkiyə regionda inkişaf etmiş demokratiyaya sahib yeganə ölkədir, zaman-zaman problemlər olsa da cəmiyyət, dövlət bir yol tapıb uzlaşmaya gedə bilir. Bu dəfə cəmiyyətin qütbləşməsi problemləri artırsa da siyasi böhranın bir şəkildə sonuclanacağına, Türkiyənin öz yoluna davam edəcəyinə inam böyükdür.
Seçki böhrandan ən yaxşı çıxış yoludur, çünki daşlar yerinə oturur, qüvvələr nisbəti aydınlaşır. Türkiyənin növbədənkənar seçkilərə getməsi mümkündür, ümid etmək olar ki, müxalifət və iqtidar bu məsələdə konsensusa gələ biləcəklər.
Turqut