
Gərginlik artır: Şoyqu Bakıya nə gətirmişdi?
Putin Təhlükəszilik Şurasının katibi ilə səfər barədə ayrıca hesabat alıb
07 Avqust 2024
Dünya İranın İsrailə cavab zərbələrini nə vaxt, haradan və hansı miqyasda endirəcəyini müzakirə edir. Belə bir ərəfədə Rusiya Təhülkəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Tehrana səfər edərək, bu ölkənin hərbi-iyasi rəhbərliyi ilə qapalı görüş keçirdi. Prezident Vladimir Putinin bu gün Təhlükəsizlik Şurasının toplantısından sonra Şoyqudan bu səfərlə bağlı ayrıca məlumat alacağını deməsi onun xüsusi əhəmiyyət daşımasına dəlalət edir…
Qərb mediası yazır ki, bu səfər İran rəhbərliyinin xahişi əsasında baş tutub, mühüm qərarlar ərəfəsində olan Tehran atacağı addımları regiondakı əsas müttəfiqi ilə müzakirə edib. Bəzi diplomatik və kəşfiyyat mənbələri isə İran rəsmilərinin Rusiyadan ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri tələb etdiyini açıqlayıb.
Məlumdur ki, İran uzun illərdir nüvə silahı əldə etmək üçün uranın zənginləşdirilməsi proqramını həyata keçirir və Rusiya bu işdə ona maddi-texniki dəstək verir. İranın bir sıra bölgələrində (İsfahan, Tehran, Məşhəd və s. şəhərlərdə) Rusiyanın texnoloji, xammal və s. dəstəyi ilə qapalı müəssisələr tikilib. Onların mühafizəsi Tehran rejimi üçün həyatı əhəmiyyət kəsb edir.
Qərb mediasının yazdığına görə, Şoyqunun gəlişindən əvvəl və sonra Rusiyadan İrana hərbi nəqliyyat təyyarələri enməyə başlayıb. İddia olunur ki, Ukrayna müharibəsində İrandan kifayət qədər dəstək alan Rusiya müttəfiqinə borclu qalmayıb, onun bəzi xahişlərini dərhal yerinə yetirib. Ümumilikdə Yaxın Şərqdə eskalasiyanın böyüyərək irimiqyaslı müharibəyə çevrilməsi Ukrayna cəbhəsində düşdüyü ağır vəziyyətə görə Moskvanın marağındadır.
Sergey Şoyqunun Tehrandan Bakıya uçması və burada Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməsi də xüsusi diqqət çəkdi. Bu səfərin İran-İsrail gərginliyi ilə əlaqədər olması, İran rəhbərliyinin Rusiya rəsmisi vasitəsi ilə Bakıya bəzi mesajlar çatdırması barədə ehtimallara yol açıb. Əlbəttə, vəziyyət kifayət qədər gərgindir, İranın əsas düşməni olan İsraillə Azərbaycan xüsusi münasibətlərə malikdir, iki ölkə arasında hərbi-siyasi əlaqələr getdikcə dərinləşir. Tehran rejiminin indiki həsas və təhlükəli dönəmdə yüz kilometrlərlə quru sərhədi olan Azərbaycandan İsraillə əlaqələrdən dolayı narahatlığı ola bilər. Odur ki, Şoyqunun missiyası Rusiyanın bir müttəfiqinin narahatlığını digər müttəfiqi ilə müzakirə etməsi kimi yanaşsaq, təbii qarşılana bilər. Amma rəsmi məlumatda regional mövzular üzərindən ümumi müzakirələrin aparılmasından bəhs olunur.
Bakıda Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd edib.
Dövlət başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla vurğulayıb.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.
Sergey Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini deyib.
Bakıda ələ alınan mövzular göstərir ki, Rusiyanın Cənubi Qafqazda gedən proseslərdən dolayı digər qayğıları da var. Ermənistan-ABŞ- Avropa Briliyi münasibətləri yeni məhələyə qədəm qoyub. Bu günlərdə "Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından "Boinq C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanından çıxarılması ilə paralel olaraq sərhəd nəzarətinin lazımi şəkildə həyata keçirilməsi üçün əlavə qüvvələr cəlb edib.
Habelə Azərbaycanla müzakirə olunan sülh danışıqlarında yeni situasiya yaranıb. Yayılan məlumatlara görə, mübadilədəki 10-cu sülh paketində tərəflər müəyyən irəliləyişlər əldə ediblər. Qərb mediasının yazdığına görə, Bakı COP-20-a qədər əsas müddəaların yer aldığı aralıq sazişin imzalanmasına tərəfdar olduğunu, İrəvan isə yekun sülh üçün heç bir problem qalmadığını bəyan edir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Pressklub.az-a şərhində bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana və ardınca Azərbaycana səfəri geosiyasi baxımdan kifayət dərəcədə maraq oyadıb.

“Əlbəttə, səfər əsasən İranla bağlıdır və HAMAS liderinin öldürülməsindən sonra İsrail-İran münasibətlərinin savaş həddinə çatması bu səfərin əsas hədəfi idi”, - o əlavə edib. Ekspert xatırladır ki, Ukrayna müharibəsində İranın Rusiyaya vedriyi “ Şahed” dronları cəbhədə önəmli rol oynadı və bu, indi də davam edir:
“İndiki situasiyada Rusiya da İrana dəstək nümayiş etdirdi və Şoyqu ilə bərabər bir neçə Rusiya hərbi təyyarələri Tehrana eniş etdi. İranın əsas xahişi Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Eyni zamanda Rusiya kəşfiyyatı əldə etdiyi məlumatları İran rəhbərliyinə çatdırıb. İsrail və ABŞ-nin İranın hücumlarına cavablarının daha sərt olacağı barədə məlumatlar şəxsən Putinin adından rəsmi Tehrana çatdırıldı. Adı da belə oldu ki, Putin İranın mülki obyektləri hədəfə almamağını xahiş edib, çünki cavabın İran üçün dağıdıcı olacağı və ölkədə qarışıqlıq yaranacağı istisna deyil”.
Şoyqunun Azərbaycana səfərinə gəldikdə, İ.İsmayıl qeyd edib ki, bu səfərin mahiyyətində görünən tərəflərdən çox, görünməyən tərəflər var və deyəcəklərimiz yalnız ehtimal ola bilər:
“Rəsmi və qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsaslansaq, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən təxribatlara Azərbaycanın sərt cavab verməsinin mümkünlüyünü nəzərə alaraq, Yaxın Şərqdə yaranmış son situasiya ilə əlaqədar silahlı qarşıdurmanın məqsədəuyğun olmadığı barədə tərəflərin müzakirələr aparması da bu səfəri şərtləndirən amillərdən ola bilər. Ona görə ki, indiki vəziyyətdə başqa bir cəbhənin yaranması nə regional qüvvələrin, nə də qlobal güclərin marağında deyil. Məsələ burasındadır ki, Ermənistan mediası da bu səfəri elə bu istiqamətdə şərh edir və guya İsrailin təhriki ilə Azərbaycan indiki dönəmdə Ermənistana hücum edib, diqqəti İran-İsrail qarşıdurmasından ayıracaqmış”.
Təhlükəsizlik eksperti bildirir ki, hər halda Rusiya Cənubi Qafqaz respublikaları içərisində yalnız Azərbaycanla problem yaşamır və normal münasibətlər hər iki tərəfin marağına uyğundur. “Rusiya Ermənistanla hərbi, iqtisadi təşkilatlarda bir təmsil olunmasına baxmayaraq, münasibətlərdə soyuqluq, hətta gərginlik o həddədir ki, TŞ-nin-yeni katibi müttəfiq ölkəyə səfər etməyi belə məqbul saymır”, - o vurğulayıb.
Turqut