Logo
news content
User
Kateqoriyalar

Analitika

Gələndə qalmaqalla, gedəndə gülə-gülə…
Ştaynmayerin çox arzuladığı sülhə iki addım qalıb

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində Ermənistandan Azərbaycana gəlib. Əvvəllər Almaniya rəhbərlərinin ziyarətləri bölgədə Berlinlə daha sıx əməkdaşlıq münasibətlərinə malik olan Gürcüstandan başlayardı. Gürcü Arzusu Partiyasının avrointeqrasiya siyasətini dəyişərək Avropa İttifaqı ilə məsafə saxlaması, ötən ilin payızında parlament seçkilərindən sonra ölkədə baş verən kütləvi etirazlar Almaniya-Gürcüstan münasibətlərinə ciddi təsir edib. 

Frank-Valter Ştaynmayer Ermənistanda yüksək səviyyədə qarşılandı; indi Nikol Paşinyan hökumətinin Avropadan belə yüksək səviyyəli səfərlərə, dəstək bəyanatlarına çox ehtiyacı var... 

İrəvanda o, prezident Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşüb. Sülh prosesindən danışan Almaniya Prezidenti bildirib ki, sülhün bərqərar olması üçün son addımlar atılmalıdır.

Ştaynmayer həmçinin Eçmiədzin Ana taxtına baş çəkib. Qurumun informasiya sistemindən verilən məlumata görə, Almaniya Prezidentindən Bakıda mühakimə olunan erməni məhbusların azad edilməsinə dəstək xahiş ediblər. Ştaynmayer onları əmin edib ki, regionda yekun sülhün bərqərar olması üçün vasitəçilik səylərindən istifadə edəcək.

Prezidentin regiona gəlişi ilə “Alman dalğası” ictimai kanalında Qarabağa dair Azərbaycana qarşı təhrif olunmuş, qərəzli və yalan məlumatlarla zəngin materialın dərc olunması, daha sonra Ştaynmayerin İnstaqram səhifəsində “Artsax” bayrağının fotosunu yerləşdirərək "münaqişə Dağlıq Qarabağ ərazisinə aiddir. Region qanuni olaraq Azərbaycana məxsusdur. Orada əsasən ermənilər yaşayır. Son bir neçə onillikdə çoxlu toqquşmalar olub” yazması rəsmi Bakının kəskin etirazına səbəb oldu.

Almaniyanın Azərbaycandakı səfiri dünən Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Baş verənlərin ölkənin ərazi bütövlüyünə qəsd olduğunu vurğulayan XİN Almaniya Prezidentinin postunu açıq-aşkar siyasi təxribat kimi qiymətləndirərək, bunun regiona səfəri zamanı edildiyinə diqqət çəkdi. Nazirliyin etiraz notasında Ştaynmayerin bəyanatının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də davam edən sülh prosesinə dəstək bəyanatlarına zidd olduğunu qeyd olunub. Bundan başqa, bəyanatda Almaniyaya 30 illik münaqişənin artıq keçmişdə qaldığını, artıq hərbi-siyasi vasitələrlə həll etdiklərini xatırladıb.

Bakı Almaniya tərəfindən bu yazıya görə açıq şəkildə üzr istəməsini tələb edib və qısa müddət sonra bu tələb qəbul edilib. Almaniya Prezident Administrasiyasının rəhbəri, dövlət katibi Dörte Dingerin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanladığı məktubu dərc edib, orada dövlət katibi posta görə üzr istəyib və bunun texniki səhvin nəticəsi olduğunu qeyd edib.

Dinqer yazıb: "Azərbaycan regionu ilə bağlı səhv bayraq və onu müşayiət edən mətnin təsviri çox qısa müddət ərzində prezidentin sosial şəbəkədəki səhifəsində olub. Səhv aşkar edilən zaman yazı silinib. Səhvə görə çox təəssüflənirəm və bu postun Azərbaycanda bəzi insanlar arasında yaratdığı yanlış təəssürat üçün səmimi qəlbdən üzr istəyirəm".

Dövlət katibi onu da qeyd edib ki, Ştaynmayerin Bakıya gözlənilən səfəri iki ölkə arasında tərəfdaşlığı gücləndirmək və regionda davam edən sülh prosesinə dəstək olmaq məqsədi daşıyır.

Səfər ərəfəsində yaranan qalmaqala baxmayaraq Frank-Valter Ştaynmayer Bakıda da yaxşı qarşılanıb. O, Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra Prezident İlham Əliyevlə görüş keçirib. Onun şərəfinə rəsmi ziyafət verilib. 

Mətbuata birgə bəyanatda Azərbaycan Prezidenti bildirib ki, bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. “Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”, - dövlət başçısı qeyd edib.

Ermənistanla sülh prosesinə diqqət çəkən İ.Əliyev vurğulayıb ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb.

Frank-Valter Ştaynmayer isə mətbuata bəyanatında həm ikitərəfli münasibətlərə, həm də Azərbaycan-Ermənistan sülh prosesinə toxunub. Prezident vurğulayıb ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. “Bizi birləşdirən həm də odur ki, beynəlxalq qayda-qanunun qorunmasına, dünyanın qaydalar əsasında işlənməsinə maraq göstəririk və gələcək nəsillərə də qaydasız dünya miras qoymaq istəmirik”, - o qeyd edib.

Ştaynmayer daha sonra Rusiya qazının Almaniyaya tranzitinin dayandırılmasından sonra Azərbaycanın dəstəyini yüksək qiymətləndirib, ölkədən keçən yolların, Orta Dəhlizin rolunu alman iqtisadiyyatı üçün də vacib, yaxşı perspektivli sayıb.

Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh münasibətləri barədə bunları qeyd edib: “Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Mən kənardan bunu müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizi çox mütəəssir edir. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Ümid edirəm ki, bu anlaşma ilə önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, bu vəziyyət saxlanacaq və bundan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid edirəm və buna çağırıram ki, bu anı itirməmək lazımdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin. Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik”. 

Jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Prezidenti alman həmkarının Ermənistanla sülh prosesi barədə dediklərini belə dəyərləndirib və mövqeyini açıqlayıb: "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Beləliklə, Azərbaycanın sülh sazişi ilə bağlı şərtləri dəyişilməz olaraq qalır və bu mövqe cənab Ştaynmayerin nəzərinə çatdırılıb. Görünür, Almaniyanın Avropa İttifaqındakı müttəfiqləri ilə bu məsələni yenidən dəyərləndirməsinə, nəticədə Brüsselin Ermənistan rəhbərliyi ilə açıq danışmasına ehtiyac var. Çünki Ştaynmayerin və digər avropalı liderlərin vurğuladığı sülhə cəmi iki addım qalıb və bu addımlar Ermənistan rəhbərliyi tərəfindən atılmalıdır.

Bütövlükdə Almaniya prezidentinin regiona səfərini uğursuz saymaq olmaz. Onun həm İrəvanda, həm də Bakıda apardığı vizual müşahidələr, danışıqlar həm ikitərəfli, həm də regional mövzularda irəliləyişlərə töhfə verə bilər.

Turqut