Logo
news content
User
Kateqoriyalar

Analitika

Fuad Ağayev: “Seçkilərin vaxtı parlamentin nə zaman buraxılmasından asılıdır”

“Parlamentin buraxılması” mövzusu hazırda mediada və sosial şəbəkələrdə ən geniş müzakirə olunan mövzudur. Maraqlıdır ki, onun müdafiəsinə qalxanlara, “işini davam etdirsin” deyə dirənənlərə rast gəlməmişik. Təkcə az qala 30 ilin deputatı Arif Rəhimzadə “buraxılsın” sözünə etiraz bildirir, ifadənin mümkün qədər yumşaldılmasını təklif edir. Amma bu mövzu əhalinin deputat olmayan daha geniş təbəqələrində ruh yüksəkliyi ilə yanaşı, müəyyən suallar da doğurur. Əməkdaşımız Ülviyyə Şahin həmin suallarla təcrübəli mütəxəssis, tanınmış hüquqşünas Fuad Ağayevə müraciət edib.

- Fuad bəy, qanunla parlament hansı hallarda buraxıla bilər?

- 2016-cı ilə qədər Azərbaycan Respublikasının Konstitusiyasında “parlamentin buraxılması” termini yox idi. Konstitusiyaya sonuncu əlavə və dəyişikliklərdən sonra 98-1 maddəsi ortaya çıxdı. Bu maddəyə əsasən, dövlət başçısı müəyyən şərtlər daxilində Milli Məclisi buraxa bilər. Həmin şərtlər bunlardır: 1) parlament bir ildə iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə; 2) Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin Prezident tərəfindən təqdim olunmuş üzvlərini ardıcıl iki dəfə qanunda göstərilmiş müddətdə təyin etməzsə; 3) Konstitusiyanın 94-97-ci maddələrində nəzərdə tutulmuş vəzifələri icra etmək imkanını itirərsə. Hazırkı konkret vəziyyətdən söhbət açırıqsa, bu şərtlər mövcud deyil və parlamentin buraxılması üçün hüquqi əsas görmürəm.

- Axı deputatlar məhz Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərini artıq icra edə bilmədiklərini yazıblar, parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe bildiriblər. Onlar parlamentin islahatlardan geri qalmaması məqsədi ilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün prezidentə müraciət ediblər.

- Bunlar hüquqi əsas yaratmır. Yəni, bir tərəfdən Milli Məclis deyir ki, bu çağırış dövründə biz çox səmərəli işləmişik, 1600 qanun, qərar qəbul etmişik, digər tərəfdən isə prezidentə müraciət ünvanlayır ki, parlament dinamik islahatlarla ayaqlaşa bilmir. Hətta belə bir vəziyyətdə də Milli Məclis pis-yaxşı qərarlar çıxarmağa, gündəlik fəaliyyət göstərməyə davam edir. Dalbadal mühüm sənədləri səsə qoyur, növbəti ilin dövlət büdcəsini təsdiqləyir, Vergi Məcəlləsinə yüzdən artıq dəyişiklik edir, ombudsmanı təyin edir... Sual olunur, fəaliyyəti mümkünsüzdürsə, bu işləri necə görür? Büdcəni təsdiq edəndə, Vergi Məcəlləsini dəyişəndə, nəhayət, Prezidentə müraciət qəbul edəndə, o öz səlahiyyətlərini yerinə yetirirdi, ya yox? MM-in fəaliyyətinin, Konstitusiyada yazıldığı kimi, “aradan qaldırıla bilməyən səbəblər üzündən” mümkün olmadığını təsdiq edən nə var? Bəlkə, parlamentin fəaliyyətini iflic halına salan sayda deputatın statusuna xitam verilib? Sonuncu suala müsbət cavab yoxdursa, 94-95-ci maddələrə hansı əsasla istinad edilir?

- Konstitusiya Məhkəməsi bu ğün Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olub-olmaması barədə prezident İlham Əliyevin müraciətinə baxacaq.

- Əlbəttə mən istisna etmirəm ki, Konstitusiya Məhkəməsi qanunun hərfindən irəli gəlməyən bir qərar qəbul edə bilər. Bir çox faktlar göstərir ki, Məhkəmə qanunu hansı tərəfə istəsə, o tərəfə darta bilir. Ancaq əgər Konstitusiya Məhkəməsi indiki şərtlərlə Milli Məclisin buraxılmasını əsaslandıracaq qərar qəbul etsə, hesab edirəm ki, bu, Azərbaycanda hüquqa, qanunvericiliyə münasibəti bir qədər də pisləşdirəcək.

- Ardınca dövlət başçısı parlamentin buraxılması haqqında sənəd imzalasa, qısası, Milli Məclis buraxılsa, sonra hansı addımlar olacaq, nələr baş verəcək?

- Parlamentin buraxılmasına dair sənəd prezident tərəfindən imzalansa, eyni zamanda yeni seçkilər təyin edilməlidir. Konstitusiya Məhkəməsi prezidentin sorğusuna dərhal reaksiya verib. Bu sürətlə başlayıblarsa, yəqin, qərarı da həmin gün elan edəcəklər və qısa müddət ərzində, bəlkə, elə sabahı artıq dövlət başçısı öz mövqeyini müəyyənləşdirəcək. Beləliklə, əgər Milli Məclisin buraxılması haqqında sənəd imzalanacaqsa, yeni seçkilər təyin ediləcək, sonra seçki proseslərınə başlanacaq. Mərkəzi, dairə, məntəqə seçki komissiyalarının tərkibi də çoxdan məlumdur. Azərbaycan seçki orqanlarının dəfələrlə Avropa İnsan Hüququ Məhkəməsi tərəfindən tənqid atəşinə tutulmuş təcrübəsi sizlərə məlumdur.

- Yeni seçkilər nə vaxta təyin oluna bilər?

- Seçkilərin keçirilməsi vaxtı parlamentin nə zaman buraxılmasından asılıdır. Yəqin ki, eyni sənədlə həyata keçiriləcək. Ardıcıl sənədlərdə də ola bilər, amma eyni gündə həll edilən məsələlərdir.