Logo
news content
User
Kateqoriyalar

Analitika

Fransızsayağı canfəşanlıq və Makronun hiyləsi
Artıq heç kim ona “sən erməniləri dəstəkləmədin” ittihamı irəli sürə bilməz 

Fransa Xarici İşlər Nazirliyi hələ sentyabrın 19-da Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə çağırıb.

“Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir. Biz Azərbaycanın qəbuledilməz hücumunun yaratdığı regional təhlükəsizlik risklərinə uyğun cavabın verilməsini təmin etmək üçün avropalı tərəfdaşlarımızla və ABŞ-la məsləhətləşmələr aparırıq”, - nazirliyin o zamankı bəyanatında deyilir.

Bundan əlavə, Fransa rəsmi Bakını “dərhal hərbi əməliyyatları dayandırmağa” və “beynəlxalq hüquq normalarına riayət etməyə” çağırıb.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağın Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan dağlıq hissəsində lokal antiterror tədbirlərinə başlandığını elan edib.

Oktyabrın 12-də isə Fransa BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağın erməni əhalisinin geri qaytarılmasına şərait yarada biləcək qətnamənin qəbulu üçün yeni toplantı keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatda bildirib.

Onun sözlərinə görə, bu şərtlər Qarabağ ermənilərinin hüquqlarının, o cümlədən onların tarixi və mədəni hüquqlarının qorunmasına güclü təminat nəzərdə tutur ki, bu da daimi beynəlxalq mövcudluğu tələb edir.

Kolonna iddia edib ki, vəziyyətin necə təqdim edilməsindən asılı olmayaraq, “Azərbaycan 100 mindən çox Dağlıq Qarabağ ermənisinin deportasiyasını planlaşdırıb və təşkil edib”.

"Bu, son dərəcə ağır cinayətdir və onu cavabsız qoymaq olmaz", - Fransa xarici işlər naziri hesab edir.

“Biz əminik ki, Ermənistan və Azərbaycan arasında problemlər yalnız danışıqlar prosesi, ədalətli və davamlı sülh yolu ilə həll edilə bilər. Məhz buna görə də, Fransa Avropa İttifaqının vasitəçilik səylərini dəstəkləyir, beynəlxalq hüquq, Ermənistanın suverenliyi və ərazi bütövlüyü məsələlərində heç bir güzəştə getməməyi tələb edir”, - Fransa XİN rəhbəri bildirib.

“Və buna paralel olaraq, biz Ermənistanı dəstəkləməkdə davam etməliyik və Azərbaycanı güc tətbiq etməkdən çəkindirməliyik. Cənubi Qafqazın bütün sakinlərinin mənafeyi naminə sülhün təmin edilməsinin alternativi yoxdur”, - Ketrin Kolonna bildirib.

Bütün bunların niyə məhz Fransanı bu qədər narahat etdiyi (digər dünya güclərinin müəyyən biganəlik göstərdiyi biz zamanda) ayrı sualdır və xüsusi təhlil tələb edir. Ancaq burada ortaya bu məsələ ilə əlaqəli və kifayət qədər vacib olan mövzu çıxır. Deyək ki, Paris BMT Təhlükəsizlik Şurasında “erməni əhalinin Dağlıq Qarabağa qayıtması üçün şəraitin yaradılması” ilə bağlı iclas çağırılmasına nail oldu. Hətta tutaq ki, müvafiq qətnamə qəbul olunacaq (baxmayaraq ki, bu, az inandırıcıdır). Amma bunun real effekti olacaqmı? 2020-ci ilin noyabr ayının əvvəlində Qarabağın demək olar ki bütün erməni əhalisinin ərazini tamamilə tərk etməsi hər kəsin yadındadır. Sonra rus “sülhməramlıları” onlara təhlükəsizlik təminatı və vəd verərək geri qaytardılar. İndi ikinci könüllü köç baş verib. Yenidən ora qayıtmaq istəyəcəklərmi? Kim bir daha belə bir sınaqdan keçmək istəyəcək? Düzdür, ola bilsin ki, ermənilərin bir qismi qayıtmaq qərarına gəlsin, amma çoxluğun qayıdacağı ehtimalı azdır. Fransanın təşəbbüsü ilə qaldırılan və hətta qəbul edilən qətnaməyə nə ehtiyac var?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bu məqamlarla bağlı fikirlərini old.pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, sualın özü maraqlıdır. “Ancaq buna cavab verməzdən əvvəl “real fəaliyyət” anlayışı altında nəyi nəzərdə tutduğumuzu razılaşdırmalıyıq. Əgər söhbət Parisin bu səylərinin Qarabağın erməni əhalisinin öz evlərinə qayıtmasına kömək edib-etməyəcəyindən gedirsə, yox etməyəcək və hətta əksinə olacaq. Amma eyni məsələyə Fransanın daxili siyasətinə təsir prizmasından yanaşsaq, asanlıqla Fransa hakimiyyət orqanları üçün bonuslar tapa bilərik. Bundan sonra Makron deyə bilər - mən əlimdən gələni etdim və çətin ki, Fransada kimsə onu erməniləri onlar üçün çətin vaxtda tərk etməkdə ittiham edə bilsin. Bu, müasir siyasətdir”, - gürcü analitik deyir.

O qeyd edir ki, yəqin ki, Fransanın bu cür addımlarının başqa səbəbləri də var. "Burada Ankara ilə kifayət qədər gərgin münasibətləri və Fransa prezidentinin Ermənistanın baş nazirinə verdiyi açıq vədləri xatırlaya bilərik. Lakin mənim gördüyüm qədər, əsas səbəb hələ də daxili siyasidir", - Vasadze yekunlaşdırıb.

Rauf Orucov