Logo
news content
User
Kateqoriyalar

Analitika

Fransanın Qarabağ narahatlığı: “cərimə meydançası”ndan oyuna qayıtmaq cəhdi
Ekspert: “Hər şey 100 il əvvələ – 1921-ci ildəki vəziyyətə qayıdır”

“Bakı ən gərgin anlarda belə, Parislə təmaslardan imtina etməyib və biz Fransa xarici işlər nazirinin hazırkı səfərini alqışlayırıq. Xanım Kolona ilə görüşdə ona Azərbaycanın sülh sazişinin bağlanması ilə bağlı mövqeyi barədə məlumat verildi”. Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda Fransa xarici işlər naziri Katrin Kolona ilə danışıqlardan sonra deyib.

Fransalı nazir Ermənistan tərəfinin Bakının sülh təkliflərinə cavabı, kommunikasiyaların açılmasını və erməni əhalisinin reinteqrasiyası prosesini ləngitməsi barədə məlumatlandırılıb.

“Laçın yolundakı vəziyyətə xüsusi olaraq toxunulub. Qeyd edilib ki, bu məsələyə ayrıca baxıla bilməz. Ona son iki ildə baş verən hadisələr, Ermənistan tərəfinin həyata keçirdiyi qanunsuz əməllər, o cümlədən silah və hərbi personalın qanunsuz daşınması və təbii sərvətlərin qanunsuz istismarı barədə məlumat verilib. Ən əsas məsələ isə Ermənistandan minaların daşınması və Azərbaycan ərazisinə yerləşdirilməsidir”, - deyə Bayramov bildirib.

İrəvan Bakının həm Azərbaycan, həm də Ermənistan tərəfində keçid məntəqələrinin yaradılmasının zəruriliyi ilə bağlı təklifinə məhəl qoymayıb. Bayramov qeyd edib ki, Azərbaycan tərəfinin belə bir keçid məntəqəsini yaratması Qarabağ erməniləri ilə Ermənistan arasında kommunikasiyanın dayandırılması və blokada demək deyil.

Aİ-nin Ermənistandakı missiyasına toxunan Bayramov bildirib ki, Ermənistanın bu missiyanın məqsədləri ilə bağlı bəyanatları sülhə töhfə vermir.

Katrin Kolona cavabında Bakı ilə Paris arasında dialoqa ehtiyac olduğunu bildirib və Bayramovu Parisə cavab səfərinə dəvət edib.

“Fransa Azərbaycanın Birinci Qarabağ müharibəsi zamanı verdiyi itkilərdən və iztirablardan, qaçqınlar və insanların məşəqqəti barədə xəbərdardır. Münaqişədə hər iki tərəfdən ilk növbədə sadə insanlar əziyyət çəkir. Bizim çağırışlarımız ondan ibarətdir ki, bütün bunlar bir də baş verməsin və uzunmüddətli sülh bağlansın", - o, deyib.

"Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımalıdır - bu, sülh müqaviləsinin əsası olmalıdır", - Kolona qeyd edib.

“Güc tətbiqindən və hərbi ritorikadan imtina edilməlidir. Biz Azərbaycan tərəfinin sərhəd-keçid məntəqəsi yaratmasını birmənalı olaraq pisləyirik və hesab edirik ki, Bakı Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməlidir”, - Kolona vurğulayıb. 

Sonda o, Bakını bu məsələdə ABŞ və Fransanın mövqeyini nəzərə almağa çağırıb.

Kolona jurnalistlərdən birinin rəsmi Parisin niyə 30 ildir Azərbaycan torpaqlarının işğalını pisləməməsi və Ermənistanı təcavüzkar adlandırmaması sualını cavablandırarkən deyib ki, Fransa sülhü daha da yaxınlaşdırmaq üçün həmişə kimisə qınamağa yox, məsləhət verməyə çalışıb.

Öz növbəsində Ceyhun Bayramov bildirib ki, Paris uzun illər ATƏT-in Minsk qrupunun vasitəçisi kimi Bakının Ermənistanın təcavüzünü pisləmək çağırışlarına məhəl qoymayıb, sülh üçün səy göstərmək lazım olduğunu bəyan edib.

“İkinci Qarabağ müharibəsindən sonra Fransa neytrallıq nümayiş etdirmir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasına çağıran Fransa Ermənistandan 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın müddəalarına əməl etməyi və 10 min əsgərini Qarabağdan çıxarmağı tələb etmir”, - deyə Bayramov qeyd edib.

Fransanın xarici işlər naziri Bayramova etiraz edərək, Beynəlxalq Məhkəmənin Laçın yolu ilə bağlı qərarlarının icrasının “jest” olacağını və qarşılıqlı etimadın formalaşmasını sürətləndirəcəyini təkrarlayıb.

Sadə dillə desək, bütün bunlar bizim ölkələrimiz arasında hər şeyin açıq şəkildə ortaya qoyulmamasının çox bariz nümunəsidir. İlk baxışdan elə görünür ki, tərəflər arasında Fransanın Azərbaycana bütün dünyada tanınan və nüfuzu olan “Airbus” sərnişin laynerlərini satması kimi ciddi maliyyə əməkdaşlığı mövcuddur. Cənubi Qafqazda bizdən başqa heç kim bunu etmir. Sadəcə, edə bilmir. O cümlədən, Ermənistanın da imkanı yoxdur. Digər tərəfdən, Fransadakı erməni icması da o qədər böyük deyil - Qərbi Avropanın ən böyük, çoxmilyonlu ölkəsində təxminən 500 min erməni yaşayır. Yeri gəlmişkən, Fransada türk əsilli vətəndaşların sayı da təxminən eyni qədərdir. Bəs, Azərbaycanla bağlı hər şeydə İrəvanın fikirlərini sona qədər bölüşməyə çalışan Parisin marağı nədir? Praqmatizm haradadır?

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru, siyasi ekspert Eldar Zeynalov Press Kluba verdiyi şərhdə ilk öncə qeyd edib ki, Amerika və Fransa diplomatiyasının nümayəndələrinin Ermənistan-Azərbaycan münaqişəsi regionuna səfərləri arasında müəyyən nəzərəçarpan sinxronluq var və bu, təsadüfi deyil.

“Otuz il ərzində Cənubi Qafqaz Avropa üçün arxa planda idi və fövqəldövlətlər arasında o qədər də maraq doğurmurdu, indi vəziyyət xeyli dəyişib. Bu, həm Azərbaycandan İtaliyaya və Balkanlara çəkilən boru kəmərlərinin köməyi ilə həll edilən Avropanın enerji problemləridir, həm Qərblə İranın münasibətlərində yeni böhrandır, həm də regionda əbədi düşmən olan Türkiyə və Rusiyanın gözlənilməz dostluğudur.

ABŞ və Fransanın öz səhvləri ucbatından oyundan kənarda qalması 2020-ci ilin payızındakı 44 günlük müharibə zamanı özünü açıq büruzə verdi. Əslində bu, ABŞ, Rusiya və Fransanın timsalında ATƏT Minsk Qrupunun həmsədrliyinin elan olunmamış sonu idi.

Hər üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və 1993-cü ildə Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və işğal olunmuş ərazilərdən çıxarılmasına dair 4 qətnaməyə səs veriblər. Eyni zamanda, Rusiya münaqişə tərəflərindən birinin - Ermənistanın hərbi müttəfiqidir. ABŞ 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Fransa isə heç vaxt Ermənistana rəğbətini xüsusi olaraq gizlətməyib. Nəticədə, vasitəçilik üçün tələb olunan obyektivlik və bərabərlik əvəzinə, bu üçlük Ermənistanın əlinə oynadı və 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin dondurulması üçün hər şeyi etdi.

Və sonra birdən Rusiya bu üçlükdən ayrıldı, hərbi əməliyyatlar zamanı nümayişkaranə şəkildə Ermənistandan üz döndərdi və səhnəyə Türkiyə çıxdı. Əslində vəziyyət 1921-ci ilə qayıtdı. O dövrdə bu iki ölkə tez bir zamanda əldə edilən və qüsursuz şəkildə həyata keçirilən Qars müqaviləsinin təminatçısı olmuşdular. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi M.Zaxarova bu günlərdə bildirib ki, “ABŞ və Avropa İttifaqının nümayəndələrinin, məsələn Fransanın Ermənistan-Azərbaycan münaqişəsində “vicdanlı vasitəçi” rolu üçün imkanları olub və onlar bu imkanı əldən buraxıblar”. Onun sözlərinə görə, "Vaşinqton və Parisin əsl istəkləri fürsətçilikdir, siyasiləşib və Rusiyanın mövqelərini sarsıtmağa yönəlib". Əlavə edim ki, onlar Türkiyənin mövqelərini də sarsıtmaq istəyirlər. Rusiyanın özünün də bu onilliklər ərzində necə “vicdanlı vasitəçi” olduğu da məlumdur. Ona görə də, ABŞ və Fransanın kədərinə baxmayaraq, bu alyansın dağılması təəccüblü deyil.

Fransa diplomatiyasının, ölkə parlamentinin özünü “DQR” elan edən separatçı qurumu tanımaq tövsiyəsindən tutmuş, “tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalıdır” bəyanatlarına qədər əsəbi jestləri bundan irəli gəlir. Fransızlar açıq şəkildə oturduqları cərimə meydançasından oyuna qayıtmaq istəyirlər. Və burada məsələ ermənilərə rəğbətdə deyil, daha çox Türkiyə və Rusiyanın artan təsirinə müqavimət göstərmək istəyindədir.

Madam Kolonanın çağırış etdiyi ərazi bütövlüyünün tanınması məsələsini Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasından başlamaq daha məntiqli görünür. Üstəlik, bu ölkələrin hər ikisi məhz keçmiş sovet respublikalarının sərhədləri daxilində BMT-yə üzv qəbul edilib. Məsələ o qədər də çətin görünmür. Rusiyanın əlində ən müfəssəl sərhəd xəritələri var və o, onlardan istifadə etməyi təklif edib. Məncə, tərəflər ona açıq şəkildə etiraz etməyiblər. Son sərhəd münaqişələri və tərəflərin bir-birini hələ müəyyən edilməmiş sərhədi pozmaqda ittiham etmələri, bu mövzunu aktual və prioritet edir.

Amma Ermənistan sərhədin işarələnməsini ləngidir. Və bunun səbəbini başa düşmək olar. Belə ki, separatçı “Artsax Respublikasının İnformasiya Qərargahı” Azərbaycanın aprelin 23-də Laçın rayonunda sərhəd-keçid məntəqəsini (SKM) quraşdırmasına reaksiya verərək bəyan edib ki, “Azərbaycan Artsax və Ermənistan sərhədindəki Həkəri körpüsünü bağlayıb”. Ermənistan həmin ərazinin özünü "Artsax" adlandıran separatçı bölgə ilə deyil, Azərbaycanla sərhəd olduğunu qəbul etsə, “miatsum” ideyasına birdəfəlik son qoyacaq.

Yeri gəlmişkən, Ermənistan-Azərbaycan sərhədinin bir çox digər hissələrindən fərqli olaraq, SKM üçün seçilən yer mübahisə doğurmamalıdır. Çünki dövlətlərarası sərhəd burada Həkəri çayının orta xətti boyunca keçir. 2020-ci il Üçtərəfli Bəyanatında qeyd olunan “Laçın dəhlizi” Ermənistanla sərhəddən başlamalıdır. Sərhəd keçidində isə həmişə SKM qururlar.

Fransaya gəlincə, ondan yaxın gələcəkdə (ən azı Makronun dövründə) xoş sürprizlər gözləməyə dəyməz. Fransanın da qonşusu Britaniya kimi daimi dostları, daimi düşmənləri yox, daimi maraqları var. Fransızlar bu maraqlar naminə, Türkiyə və SSRİ-yə zərbə vurmaq xətrinə bir zamanlar İranda xomeyniçilərin hakimiyyətə gəlməsinə dəstək verdilər (bundan əvvəl Xomeyni Fransada hakimiyyətin himayəsi altında yaşayırdı). Fransa Səddam Hüseynə nüvə reaktoru (1981-ci ildə israillilər tərəfindən bombalanıb), eləcə də silah satıb. Daha sonra fransızlar kürdləri, o cümlədən Türkiyədə terror təşkilatı kimi qadağan olunan PKK-nı dəstəklədilər və s.

Amma Rusiyanın hərbi mövcudluğu ilə Fransanın Ermənistandakı iştahını xeyli məhdudlaşır. Həm də, axı Türkiyə də yatmır. Ümumiyyətlə, fransızlar demişkən, “Qui vivra verra” (Yaşayarıq, görərik)”, - deyə E.Zeynalov yekunlaşdırıb.

 

Rauf Orucov