Logo
news content
User
Kateqoriyalar

Analitika

Fransa-Azərbaycan “müharibəsində” isti mərhələ
Paris iqtisadi sanksiya deyir, Bakı fransız şirkətlərinə qapını göstərir – Hara gedirik?

Paris və Bakı arasında münasibətlər Azərbaycanın 30 illik tarixində ən gərgin dövrünü yaşayır. Gərginliyin kulminasiya həddinə çatmasının başlıca səbəbi Parisin 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında yaranmış status-kvonu tanımaq istəməməsi ilə bağlıdır. Emmanuel Makron hökuməti hesab edir ki, Azərbaycan özünün bir hissəsi olan keçmiş Dağlıq Qarabağa nəzarət etməsi qəbuledilməzdir, ötən ilin sentyabrında anti-terror əməliyyatından sonra oradan köçmüş erməni əhalisinin dövlət statusuna yaxın özünüidarəetməsi forması olmalıdır. 

Maraqlıdır ki, Avropa İttifaqı, artıq tarixə qovuşmuş Minsk Qrupunun həmsədrləri olmuş ABŞ və Rusiya regionda faktiki status-kvonu qəbul ediblər. Bu, əslində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sərhədlərini, ərazi bütövlüyünü və suverenliyinin qəbul edilməsidir. Doğrudur, Vaşinqtonun və Moskvanın mövqeyində də qeyri-ardıcıllıq, müəyyən təzyiq elementləri var. Amma Fransa tam fərqli mövqe ortaya qoyaraq, Azərbaycana açıq və qərəzli şəkildə təzyiq göstərməyə çalışır. Bu kontekstdə Fransa Baş Assambleyasının aşağı palatası və Senat Qarabağın müstəqilliyinin tanınması haqqında qətnamə də qəbul edərək, Makron hökumətini bu qətnaməni dəstəkləməyə çağırıb.    

Dünən isə Fransa Senatı 336 lehinə və 1 əleyhinə səs nisbəti ilə Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib. Sənəddə hökumətdən aşağıdakı addımlar atmaq tələb olunur: 

“Fransa Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir;

Azərbaycanın müttəfiqlərinin dəstəyi ilə 2023-cü il sentyabrın 19 və 20-də Dağlıq Qarabağa hücum etməsini pisləyir;

Azərbaycanı Ermənistan əhalisinin təhlükəsizliyini və rifahını təmin edəcək şərtləri təmin edərək, Dağlıq Qarabağa qayıtmaq hüququnu təmin etməyə çağırır;

Azərbaycan qoşunlarının və onların müttəfiqlərinin Ermənistanın suveren ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırır;

Qeyd edir ki, Ermənistan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir və o cümlədən təhlükəsizliyini hərbi yolla təmin etmək vasitələrinə malikdir;

Dağlıq Qarabağın siyasi liderlərinin əsassız həbsini pisləyir;

Fransa həmçinin həyata keçirilən hərbi təcavüzə qarşı sanksiyaların tətbiqi üçün ən sərt tədbirlərin, o cümlədən Azərbaycan liderlərinin həbsi və aktivlərinin müsadirə edilməsinin və bu ölkədən qaz və neftin idxalına embarqonun tətbiqinin vacibliyini qeyd edir...”

Bu gün Azərbaycan Milli Məclisi bu bəyanata adekvat cavab verib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, hökuməti sərt addımlar atmağa çağıran bəyanat qəbul edib. Komitə hesab edir ki, rəsmi Bakı Parislə iqtisadi, siyasi əlaqələri dayandırmalı, bu ölkəyə məxsus şirkətlərin Azərbaycanda fəaliyyətinə son verməlidir. Beləliklə, Milli Məclis komitəsinin bəyanatında bu məsələlər yer alıb:

  1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.
  2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.
  3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.
  4. "Total" da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.
  5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
  6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.

Milli Məclisin bəyanatını şərh edən politoloq Fərhad Məmmədov hesab edir ki, “Total” şirkətinin Azərbaycanda fəaliyyətinə son verilməsi ilk dəfə qeyd olunur:

Azərbaycan indiyə qədər bu neft şirkətini Makron hökuməti ilə mübahisələrinə cəlb etməyib. Artıq bu o deməkdir ki, Fransada Azərbaycanla bağlı öz səviyyələrində tədbirlər görməyə hazırlaşırlar. Məhz ona görə, Bakıda “Total”ın adı çəkilib. Bu, ilk növbədə “Total”a bir siqnaldır ki, onlar da öz növbəsində mövzuya daxil olsunlar və çılğın Makronu, onun homoseksual nazirlər kabinetini başa salsınlar”. 

Ekspert daha sonra Milli Məclisin hökumətə Fransadakı separatçıların tanınması ilə bağlı çağırışına diqqət çəkir: “Sənəddə digər ərazilərlə yanaşı, Korsika da qeyd olunur. Bu, maraqlı bir gedişdir, çünki bu ərazinin özü Avropa Birliyinə daxildir. Yəni, Bakı Avropa İttifaqını Fransa ilə qarşıdurma prosesinə daxil edir. Düşünürəm ki, bu həm də Avropa İttifaqına Yelisey sarayının mənasız addımlarını dayandırmaq üçün tədbir görməyə bir çağırışdır”.

F.Məmmədov hesab edir ki, Milli Məclis komitəsinin Fransa parlamentinə cavab çağırışı tamamilə reaksiondur, burada heç bir humanitar komponent yoxdur. “Bu mühüm məsələdir, çünki hər iki ölkə bir-birinin humanitar infrastrukturu ilə əlaqəlidir”, - o vurğulayıb.

Qeyd edək ki, Fransa-Azərbaycan münasibətlər müxtəlif dövrlərdə  gərginləşsə də, iqtisadi əlaqələr bundan təsirlənməyib. Amma bu dəfə Azərbaycan “Total” neft-qaz şirkətinin, eləcədə ölkədə fəaliyyət göstərən digər fransız firmalarının fəaliyyətinə son verəcəyi ilə hədələyib. Politoloq Fərhad Məmmədov bunu Bakının preventiv xəbərdarlığı kimi təqdim edir. Bəs iki ölkə arasında iqtisadi əlaqələrin dayanması perspektivi varmı?   

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban old.pressklub.az-a bildirib ki, vəziyyətin bu həddə qədər pisləşəcəyinə inanmır:  

İnanmıram ki, Azərbaycan birtərəfli qaydada “Total” şirkətini “Abşeron” layihəsindən çıxmağa məcbur etsin. Birincisi, Azərbaycan 1994-cü ilin 20 sentyabrından bu günə qədər imzaladığı kontraktlardan heç birində dəyişiklik etməyib. Hansı ki, biz fəxrlə bildiririk ki, heç bir sazişin nöqtə-vergülünə toxunmamışıq, onu dəyişməmişik. Yeganə dəyişiklik “Azəri-Çıraq-Günəşli”də (AÇG) olub, amma ikitərəfli əsasda, yəni hökumətlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında müddət uzadılıb”.

Ekspert qeyd edir ki, Azərbaycanın “Total” şirkətinə qarşı birtərəfli addım atması çətindir: “Çünki imzalanmış kontraktın müddəalarına görə, Azərbaycan tərəfi Fransa şirkətinin payına uyğun olaraq ona kompensasiya ödəməlidir. Nəzərə alsaq ki, bu yeni açılmış, istismara başlanmış cavan yataqdır, onun gələcəyi qabaqdadır. Deməli, kompensasiyanın məbləği milyonlarla deyil, bir neçə milyard dollar həcmində ola bilər”.

İlham Şaban daha bir məqama diqqət çəkir. O, qeyd edir ki, 2023-cü il ərzində Azərbaycanla Fransanın münasibətləri gərgin olaraq qalıb, heç bir yumşalma əlamətləri hiss olunmayıb: “Amma buna baxmayaraq, “Total”ın vitse-prezidentləri 4 dəfə, avqustun sonunda isə prezidenti şəxsən Bakıya səfər ediblər. Onlar ən yüksək səviyyədə qəbul edildi. B görüşlərin əsasında da Azərbaycan Prezidenti yanvarın 10-da əhaliyə şad xəbər dedi ki, cari ildə “Abşeron” yatağının növbəti mərhələsi üzrə yekun investisiya qərarının verilməsi gözlənilir. Nəticədə hasilatı daha 5 milyard kubmetr artırmaq mümkün olacaq”. 

Ekspert 2022-i ilin oktyabr ayında Fransa Prezidenti E. Makronun TV-5 kanalına müsahibəsində Avropa ölkələrinə Azərbaycandan neft-qaz almamaq çağırışı ilə müraciət etməsini yada salır: “Makron dedi ki, biz almırıq, siz də almayın, Avropa dəyərlərini enerji maraqlarına dəyişməyin. Amma “Abşeron” yatağı istismara veriləndən sonra Fransa Azərbaycandan həm neft-kondensat, həm də qaz alır. Əmtəə formasında olmasa da pul şəkilində mənfəət əldə edir. Bununla da Azərbaycan Makronun Avropa ölkələrinə çağırışını faktiki puça endirir. Həm bizim qaz coğrafiyamız genişlənir, həm də “Total” enerji nəhəngi Azərbaycanda pul qazanır”.

Turqut