Logo
news content
User
Kateqoriyalar

Analitika

Fövqəladə vəziyyətin elan olunması nə qədər realdır?

Ülviyyə Şahin

Məlum olduğu kimi, martın 24-dən aprelin 20-nə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Martın 31-dən etibarən isə karantin rejimi daha da sərtləşdirilib. Bu qərarlardan sonra küçələrdə insanların və avtomobillərin sayı azalsa da, hələ də karantin rejiminə tam əməl olunduğunu söyləmək olmaz.

Həm bu səbəbdən, həm də prezidentin martın 30-da “Fövqəladə vəziyyət haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmanına dəyişiklik edərək Fövqəladə Hallar Nazirliyinə bu sahədə səlahiyyət verməsi cəmiyyətdə belə fikirlərə səbəb olub ki, ölkədə tezliklə fövqəladə vəzyyət elan oluna bilər. Bu, nə dərəcədə realdır və belə bir qərar nə qədər gözləniləndir?

Sorğumuza cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi ki, zərurət yaranarsa, fövqəladə vəziyyətin elan edilməsi qaçılmazdır:

“Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüf ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub."

İ.Məmmədov xatırlatdı ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim gücləndirilib, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilib: “Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etmək, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcək.”

Hüquqşunas Zaur Əliyev fövqəladə vəziyyətin tətbiqinə ehtiyac yarana biləcəyini istisna etmir:

“Vətəndaşların karantin rejiminə əməl etməmələri, əllərində xüsusi rezin əlcəklər, ağızlarında ztibbi maskalar olmadan necə gəldi gəzmələri, adi günlərdə olduğu kimi, işlərini rahat şəkildə görmələri vəziyyəti daha da ağırlaşdırır. Hər şeyə çox laqeyd yanaşırlar. Qanunvericiliyimizdə bununla bağlı hələ ki hansısa maddələr yoxdur. Düşünülür ki, qanunvericiliyə bu sahədə müəyyən maddələr əlavə edilsin.”

Əliyevin sözlərinə görə, vətəndaşların məsələni ciddiyyə almamaları həm də Rusiya və digər xarici KİV-də verilən informasiyalarla əlaqədardır: “Bəzi Rusiya saytları və telekanallarının xəbərləri, verilişləri insanlarda rahatlığa səbəb olur. Hazırda Çində bu xəstəliyin yayılmasının dayanması ilə bağlı məlumatlar da bir tərəfdən bizim vətəndaşları ruhlandırır və onlar deyirlər ki, hamısı boş şeylərdir, necə oldu ki, Çində virus birdən-birə dayandı. Əgər bu cür etinasız yanaşma davam edərsə və xəstəliyə yoluxanların sayı artarsa, əlbəttə ki, fövqəladə vəziyyət elan oluna bilər.”

Milli Məclisin deputatı Fazil Mustafa da sualımıza cavab olaraq qeyd etdi ki, fövqəladə vəziyyət tətbiq olunması mümkündür:

“Diqqət edirsinizsə, hökumət vətəndaşların məsələyə anlayışlı yanaşmasını onların öz öhdəsinə buraxmağa çalışır. Hökumət icazə verir ki, müəyyən obyektlər işləsin, amma bu, o demək deyil ki, 20 nəfər eyni vaxtda mağazaya daxil olmalıdır. Hətta bankların qarşısında da məsafə gözləmirlər, hamı bir-birinin üstünə çıxır. Sanki bir dəqiqə geciksələr, həyat bitəcək. Halbuki aralarında 2 metr məsafə qoyub, uzun bir növbə yaratsalar, özlərinin də xeyrinədir. Yəni özünütəşkilatlandırma yoxdur. İnsanlar problemi ciddi qəbul etmək istəmirlər, lağlağı ilə yanaşırlar. Ona görə də Azərbaycanda vəziyyət İtaliyadakından da ağır ola bilər. Yəqin ki, hökumət bütün gediş-gəlişləri tam məhdudlaşdırmağa məcbur olacaq. Dövlət zorakı qaydada intizamı təmin edəndə də hamı başlayacaq gileylənməyə... Çox acınacaqlı bir durumdur və ən sərt qaydalar həyata keçirilməlidir”.