Logo
news content
User
Kateqoriyalar

Analitika

Fəlakət qurbanları: “Ağrıya dözməyib, intihar etdilər...” – ARAŞDIRMA 
Narkomaniyanı, “oğru aləmi”ni, qanundankənar həyat tərzini təbliğ edən meyxanalar, musiqilər... sürətlə populyarlaşır

“İlk dəfə 12 yaşımda ot çəkmişəm. Yaddaşım qalmayıb, kimin təklifi ilə çəkdiyimi xatırlamıram. İndi 23 yaşım var. 11 ildir bu bəlaya düçar olmuşam. 17 yaşımdan “kokos” (kokain) və “patı” (metamfetamin) istifadə etməyə başladım. Sonra iynəyə keçdim. 3 ay o qədər iynə vurdum ki, damarlarım tromblaşdı. Ona görə yenidən çəkməyə qayıtdım. Əhatəm belə olub. Onlar məni aludə edib. 9-cu sinfə kimi məktəbə getmişəm. Sonra dərsdən yayınmağa başladım. Evə hamı yatdıqdan sonra gedirdim. Elə olurdu, həftələrlə evə getmirdim. Ailəm polislərlə birgə məni axtarırdı. İşsizlik və bekarlıqdan, mənəvi boşluqdan gənclər narkotikə üz tutur. Həyatım monoton idi. Hər şeydən sıxılırdım. Həyatın ləzzətini bu zəhərdə tapdım. Özümü bədbəxt elədim.

İndi pul naminə uşaqları yoldan çıxaranlar çoxalıb. Valideyn uşağına vaxtında bu bəlanı, onun törədəcəyi fəlakətləri başa salmalıdır. O zaman uşaq mövzudan xəbərdar olacaq. Başına gələcəkləri öncədən təxmin edib, bu yola əl atmayacaq. Bəzi analar var ki, övladının siqaret çəkdiyini gördükdə atasından gizlədir. Amma belə şeylər daha böyük fəlakətlərə səbəb ola bilir. Siqaret çəkən uşaq sonrakı gün nəşə də, “kokos” da çəkə bilər. 

Bəzi dostlarım ağrıya dözməyib, intihar etdilər. Asılılıq o qədər pis bir şeydir ki, insan ölümü çıxış yolu bilir. Həyat gözəldir, biz isə bu gözəllikdən xəbərsizik. Sağalmaq ümidim olmasa, mən də çoxdan intihar etmişdim. Bu bəlanı düşmənimə də arzulamaram. İnsanın mənliyini yox edir, ailəsindən, əzizlərindən, həyatdan ayırır. Bu yolun sonu səfalətdir. İnsan ağrı keçsin deyə pul naminə hər şeyə əl atır. Üzərimdəki geyimi çıxarıb satdığım zamanlar olub. Uçurumun dibindəyəm. Son həddəyəm. Külək vursa, yıxılıb öləcəm”. 

Kiçik yaşdan narkotik istifadəçisi olan Ruslan əməlindən peşmandır, sağalmaq istəyir. Deyir ki, ölkəmizin gələcəyini, gəncləri məhv edirlər.

Hazırda narkomaniya gəncləşib. İnsanlar uşaq yaşlarından narkotik maddələrin istifadəsinə başlayır. Bəs onları buna vadar edən səbəb nədir? Ailə travmaları? Məlumatsızlıq? Mənəvi-psixoloji mühit? Müsahibimiz məlumatsızlıqdan bu yola düşdüyünü dedi. Bəs, digərlərinin səbəbləri nədir? 

Vəziyyət o həddə çatıb ki, dövlətin həyata keçirdiyi narkomaniyaya qarşı mübarizə kampaniyası, çoxsaylı maarifləndirmə tədbirləri, sosial çarxlar narkomaniyanı təbliğ edən amillərə məğlub olur. Son zamanlarda uşaqlar və gənclər arasında narkomaniyanı, “oğru aləmi”ni, qanundankənar həyat tərzini təbliğ edən meyxanalar, musiqilər, real və virtual məkandakı başqa kontentlər sürətlə populyarlaşır. Bu, azyaşlılarda narkomaniyaya qarşı qeyri-iradi də olsa, həvəs yaradır. Həmçinin, bəzi filmlərdə narkotik istifadəçilərinin lüks həyat tərzini göstərən səhnələr insanlarda zəngin həyat üçün narkomanlığın gərəkli olması fikrini yaradır. Bilərəkdən, ya bilməyərəkdən seçilmiş bu üsul və vasitələr insanların süuraltına təsir edir və onların həyatın zəhərləmək üçün ən güclü vasitədir. 

Psixoloq, psixoterapevt Fatimə Bayramovaya old.pressklub.az-a açıqlamasında deyir ki, yeniyetməlik ən asan manipulyasiya olunan yaş dövrüdür: “Təkcə 2022-ci ilə narkotikdən ölənlərin sayı 249 nəfərə çatıb. Narkotikdən asılılıq səbəbi beyində emal olunan neyromediatorlardır. Belə ki, narkotik bir tərəfdən beyində dofamin və serotonin hormonlarını emal edərək, "yalan yoldan" xoşbəxtlik və məmnunluq hissini yaradırsa, digər tərəfdən həmin hormonların normal axış prosesini pozur. Nəticədə insan heç nədən zövq ala bilmir, daim depressiyada, apatiyada olur və o zövqü alsın deyə hər dəfə narkotikin dozasını daha da çoxaldaraq, ölümə yaxınlaşır. Bu cür sxematik istiqamət narkotikdən asılılıq yaradır. Təbii ki, narkotikə daha çox yeniyetmələr, depressiyada olan insanlar və ya heç bir problemi olmayan, sadəcə həyatdan hər şeyi sınamaq həvəsində olan insanların marağına səbəb olur”. 

Müsahibimiz deyir ki, yeniyetməlik ən asan manipulyativ dövr olduğuna görə nəinki narkotik, hətta siqaret vərdişi bu dövrdən yaranır. Bu yaş dövründə valideyn uşağın davranışlarına (hər hansı bir fərqli davranış, təklikdə və ya öz otağında çox vaxt keçirməyi, tez-tez baş verən əhval dəyişikliyi və s.)  nəzarət etməlidir. 

“Bu cür psixoloji vəziyyəti ən çox yeniyetməlikdə valideynlə münasibətlərində problem olan uşaqlar yaşayır. Bu cür hadisələri övladlarımızdan necə uzaq tuta bilərik? Uşaq daim hiss etməlidir ki, hər nə olsa ona dəstək verən, sevgisini anlayan, səhv etsə belə daim onu dinləyə bilən valideyni var. İkincisi, uşaqları başa salmaq lazımdır ki, narkotik nədir, nələrə səbəb olur, hansı fəsadları var. Uşaqların suallarından qaçmaq lazım deyil. Narkomanı qınamaqdan çox ona dəstək olmaq lazımdır. Mən o insanları nəzərdə tuturam ki, bu vərdişindən əl çəkə bilmir, çətindir. Birinci ailə üzvləri dəstəkləməlidir, buna bir xəstəlik kimi yanaşmalıdır. Çünki indiki dövrümüzdə narkoman dedikdə artıq oğru, yüngül həyat yaşayan insanlardan çox normal ailədən çıxmış, sadəcə, bu bəlanın qurbanı olan insanlar ağıla gəlir. Pis vərdişdən qurtulmaq üçün cəza yox, sevgi, dəstək, tibbi və psixoloji yardım gərəkdir”, - psixoloq vurğuladı.

Bu cür fəlakətlərdən yayınmaq üçün Azərbaycanda, eləcə də dünyada müəyyən proqramlar, layihələr həyata keçirilir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bəşəriyyətə vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genofondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.  

Ölkəmizdə qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2022-ci ildə Azərbaycanda müxtəlif növ narkotiklərdən istifadə edənlərin sayı 35 min nəfərdən çoxdur.

35 mindən çox narkomanın böyük əksəriyyəti kişilərdir. Cəmi 572 narkoman qadın var. Ən çox narkoman Bakıda - 8565 nəfər, daha sonra Lənkəranda (3837) və Sumqayıtda (3343) qeydə alınıb.

Təbii ki, bu rəqəmlər aşkarda olanlardır. Qeyri-aşkarda olanlar, statistikadan yayınanlar,  kim bilir, bəlkə də bu saydan daha çoxdur.

Fakt ortadadır. Dövlət narkotik əleyhinə nə qədər təbliğat aparsa da, narkomanların sayı gün-gündən artır. İstər tanınmış şəxslər, istər sıravi insanlar, istərsə də uşaqlar arasında yayılan bu virus antinarkomaniya təbliğatına məhəl qoymur, öz ampluasında genişlənməyə davam edir. 

Yeri gəlmişkən, dünyada qlobal narkomaniya trendi yaranıb. Tanınmış şəxslərin aludəliyi onları təqlid edən pərəstişkarlarında narkomanlığa qarşı həvəs yaradır. Özlərini bədbəxt etməkləri az deyilmiş kimi digər insanlara da manipulyativ təsir edərək, öz mahnıları, yaşam tərzləri ilə narkomaniyanı təbliğ edirlər. 

Bir müddət əvvəl Azərbaycan Daxili İşlər Nazirliyi narkomaniyanı təbliğ edən musiqilərin və ifaçıların siyahısını açıqlamışdı. Siyahıdakı musiqiləri və həmin ifaçıları internetdə axtarıb tapmaq və yeniyetmələrdən ibarət çox geniş dinləyici auditoriyası olduğunu görmək çətin deyil...

Vəziyyət nə qədər ağır olsa da, müsbət məqamlar da var. Bu bəladan qurtulmaq, sağalmaq istəyənlər də az deyil. Bunun üçün onlar aidiyyəti müalicə mərkəzlərinə üz tuturlar. Ölkəmizdə dövlət, həmçinin qeyri-dövlət yerli və xarici fondlar tərəfindən maliyyələşdirilən bir neçə belə mərkəz var. Bakıda fəaliyyət göstərən narkoloji dispanserlər buna misaldır. Lakin ayrılan milyonlar, böyük kadr ordusu, lazımi dəstək... heç bir nəticə vermir. 

Nəticə bir yana, sağaldıqdan sonra yenidən o yola qayıdanlar var. Səbəb nədir? Zəif iradə, yoxsa natamam müalicə? Narkotik istifadəsi zamanı insan orqanizmində nə baş verir ki, insan asılı vəziyyətə düşür? Bu xəstəliyin müalicəsi niyə çətin keçir, əksər hallarda da nəticəsiz qalır? 

Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, psixiatr, narkoloq, psixoterapevt Araz Əliquliyev də old.pressklub.az-ın suallarını cavablandırıb. O deyir ki, narkotik maddə ilk növbədə beyini zəhərləyir.

“Narkotik vasitələr böyük zərərverici təsirə malik olduğuna görə mərkəzi sinir sisteminə güclü zərbə vurur. Uzunmüddətli qəbulu nəticəsində isə insanın maddələr mübadiləsində ciddi pozuntular olur. O da ürək, qaraciyər, böyrək, qan-damar sistemi fəaliyyətinin problemlərinə səbəb olur. Nəticədə insan öz yaşından qat-qat yuxarı görünür. Asılılıq insana hərtərəfli mənfi təsir edir. Narkotiklərin damar daxili istifadəsində isə ağır yoluxucu xəstəliklərin yaranması da böyük ehtimaldır. Xəstəlik xroniki olduğuna və insanın psixi fəaliyyətinə təsir etdiyinə görə aludələr bu xəstəliyə tənqidi yanaşır, asılı olduqlarını etiraf etmirlər. Müalicənin çətin keçməsinin səbəbi odur ki, struktur baxımından bu xəstələrə göstərilən tibbi yardım sona qədər tam təşkil edilməyib. Digər tərəfi bu sahədə çalışan mütəxəssislərin zəif olmasıdır. Xəstələr çox zaman 2-ci və 3-cü mərhələyə keçmirlər. Detoksu keçdikdən sonra fiziki baxımdan yaxşı olduqlarını düşünürlər. Lakin narkomanların yenidən asılılığa qayıtmasının əsas səbəbi müalicənin natamam olması, sonda da tibbi reabilitasiyanın təmin olunmamasıdır. Psixi durum ağır olduğuna görə psixi asılılıq təzahürləri özünü büruzə verərək, dayanıqsızlıq, əsəbilik, gərginlik, diqqət dağınıqlığı hissələrini dəf etmək və rahatlamaq üçün yenidən narkotik qəbuluna qayıdırlar”. 

Müsahibimiz deyir ki, asılılıqların müalicəsində tibbi infrastruktur təməl başlıqdır. Mütəxəssislərin sayı və keyfiyyəti qənaətbəxş deyil. Asılı şəxslər tam qaydalara uyğun müalicə keçmir. Obyektiv proseslərlə yanaşı, xəstənin psixi, ailəvi, maddi, sosial durumu və öz vəziyyətinə tənqidi yanaşması da böyük rol oynayır. Buna görə müalicənin tam ya natamam keçəcəyi bilinmir: “Xəstələr düzgün müalicə üsulunu seçmədikdə, düzgün yanaşma olmadıqda bir çox hallarda müalicənin davamından imtina edir. Xəstənin heroin asılılığında fiziki ağrılar olduğuna görə müalicə müddətində ağrı keçdikdən sonra sağaldığını düşünüb, müalicənin davamından imtina edir. Xəstələrin əksəriyyəti birinci mərhələ olan (detoks) kəskin psixi və davranış pozuntularının aradan götürülməsindən sonra müalicəni davam etdirmir. Bu, xəstələrin və qohumların subyektiv yanaşmasıdır. Çox zaman cəmiyyət, xüsusən asılı insanların yaxınları müalicə prosesindən xəbərsiz olurlar. Bu gün mövcud olan 90-dan yuxarı reabilitasiya mərkəzlərinin ancaq bir müsbət rolu var. Bu da asılı insanların cəmiyyətdən təcrid olunub, orada saxlanmasıdır. Orada keçirilən reabilitasiya proqramları çox bəsitdir. Onların əksəriyyəti həkim müayinəsindən keçmədən bu mərkəzlərə yerləşdirilir. Belə yerləşdirilməklə təcrübəmiz onu göstərir ki, reabilitasiyanı bitirdikdən sonra psixi asılılıq təzahürləri yox olmadığı üçün yenidən aludə olurlar. Həkim, kliniki psixoloq, konsultant müəllim, sosial psixoloq bunların hamısı savadlı və təcrübəli olmadığı üçün müalicə prosesi çətin keçir. Buna görə insanlarda belə fikir yaranır ki, müalicə qeyri-mümkündür. Lakin təcrübəm onu göstərir ki, xəstə ilə düzgün məşğul olduqda müsbət nəticələr əldə etmək olar”. 

Ümumiyyətlə, müalicənin müddəti nə qədər olmalıdır? Hansı müddətə xəstə asılılıqdan qurtula, normal həyata qayıda bilər? 

Araz Əliquliyev danışır ki, narkoloji dispanserdə müalicə müddətini 6 ay ediblər: “Lakin elə bir qayda yoxdur. Mənim müalicə etdiyim xəstələrin müddəti minimal il yarım olub. İl yarım, 2 il, 2 il yarıma qədər müalicə davam edə bilər. Sonra bu insanlar cəmiyyətdə öz yerlərini tutub. Dünyada belə təcrübələr çoxdur. Bu problemlərin hamısı maliyyə vəziyyəti ilə əlaqəlidir. Onu etiraf etmək lazımdır ki, asılı insanların müalicəsi küllü miqdarda vəsait tələb edir. Ölkənin bunu tam təmin edə bilməsi çətindir. Ona görə bu məsələdə layihələr, ianələr, qeyri-hökumət təşkilatının, özəl sektorun iştirakı geniş olmalıdır ki, bu insanların müalicəsi tam təmin edilə bilsin”. 

Narkoloqun da dediyi kimi, asılı insanların müalicəsini tam təmin etmək üçün dövlətin ayırdığı vəsait yetərli olmaya bilər. Düzdür, dövlət proqramı çərçivəsində bu xəstələrin müalicəsi üçün müəyyən vəsait ayrılır. Lakin yenə də effektiv bir nəticə görünmür. Bunun üçün də ianələrə, qeyri-hökumət təşkilatlarının dəstəyinə və s. ehtiyac yaranır. Bəs görəsən, aidiyyəti şəxslər və ya qurumlar bu ehtiyacları təmin edilməsinə dəstək olurmu?

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov old.pressklub.az-a açıqlamasında deyib ki, QHT olaraq xaricdən Qlobal Fondun maliyyələşdirdiyi “Zərərin azaldılması” layihəsini işləyirlər: “Azərbaycan dünyanın yarısını narkotik xaosuna salmış İranla həmsərhəddir. Ona görə də ölkəmiz narkotik qaçaqmalçılığı ilə mübarizə aparmağa məcburdur. Rusiyanın, Gürcüstanın və s. aidiyyəti qurumlarının təmsilçiləri, ekspertləri ilə görüşlərim olub. Onların təqdim etdiyi statistika ilə bizim rəqəmlər arasındakı fərqi görürəm. Belə görünür ki, Azərbaycanda narkomaniya ilə mübarizə digər ölkələrdən 20 faiz daha effektiv aparılır. Bəzi insanların digər ölkələrdən xəbəri olmadığı üçün düşünürlər ki, Azərbaycanda vəziyyət çox pisdir. Bəli, pisdir. Amma digər ölkələrdə daha pisdir. Üzərində işlədiyimiz “Zərərin azaldılması” layihəsində pulsuz anonim müayinə, təmənnasız vəkil, narkoloq var. Qeyri-hökumət təşkilatı olaraq, biz bununla məşğuluq, amma bu da zəif işləyir, çünki əvvəl daha çox təşkilat və işçilər olurdu. İndi isə 11 təşkilat işləyir və çox az effekti var”.

Narkomaniya ilə mübarizəyə cəmiyyətin yanaşması necə olmalıdır? Bu problemi aradan qaldırmaq üçün insanlar hansı davranışı nümayiş etdirməlidirlər? 

Müsahibimiz deyir ki, ictimaiyyətin əsas problemi narkomanın xəstə olduğunu qəbul etməməsidir: “Digər ölkələrdə onları xəstə kimi qəbul edirlər. Cəmiyyət narkotikdən qurtulmuş insanlara dəstək olsa, onlar da normal həyata qayıda bilərlər. Düzdür, digər ölkələrin kifayət qədər maliyyəsi və müalicə yerləri var. Bizdə 6 müalicə yeri var və heç birində də yer yoxdur. Heç keyfiyyətli müalicə də yoxdur. Narkodispanserlərdən çıxanlar yenidən aludəliyə başlayır. Onlar mütləq reabilitasiya olunmalıdır. Lakin dispanserlərimizdə reabilitasiya proqramı yoxdur. İctimaiyyət, hətta dövlət onları xəstə kimi qəbul etsə, onları müalicəyə göndərər. Əlbəttə, onların hamısını müalicə etmək də olmaz, çünki digərləri düşünər ki, onsuz da sonda pulsuz müalicə olunacaqlar. Yox, cəmiyyətə lazım olan insanları seçib, müalicə edib, onların vasitəsilə digərlərinə təsir etmək mümkündür. Bu mübarizədə əsas rol oynayan dövlət, güc strukturları və qeyri-hökumət təşkilatlarıdır. Güc strukturları öz işinin öhdəsindən gəlir”. 

Emil Maqalovla söhbətimizdə də məsələ gəlib yenə maliyyə mövzusuna dirəndi: “QHT-lərdə əməkhaqqı çox aşağıdır. 200-300 manata kim işləyər? Onları həvəsləndirmək  lazımdır. Heç olmasa, minimum 1000-1500 manat əməkhaqqı verilməlidir ki, bu işlə həqiqətən məşğul olunsun”.

Bəşəriyyətin faciəsi, “ağ ölüm” sayılan narkomaniya insanlığı məhv edir. Bəziləri müxtəlif səbəblər gətirsə də bəziləri səbəbsiz, sadəcə məlumatsızlıq ucbatından aludə olur. İnsanlar özlərini ölümə məhkum edirlər. Bir çoxu isə sağalmaq istəsə belə, buna cəsarət etmir, yenidən normal yaşama dönəcəyinə ümid bəsləmir. Bunun səbəbi isə cəmiyyətin onlara qarşı təcridedici reaksiyasıdır. Sağalmaq istəyən, amma cəsarəti çatmayan insanlarda inam yaratmalıyıq. Onları həyatdan soyutmaq yerinə həyata bağlamalı, yaşamağa həvəsləndirməli, dəstək olmalıyıq. Çox gec olmadan cəmiyyətdə oyanış baş verməlidir. Bunun üçün maarifləndirici tədbirlər görülməlidir. Aidiyyəti orqanlar bu məsələlərdə daha ciddi sistem tətbiq etməlidir. 

Gələcəyimizin məhv olmasının qarşısını birlikdə almalıyıq. 

Günay Elşən