Logo
news content
User
Kateqoriyalar

Analitika

Fəhlələrin üsyanı, diktatorun “xilas əməliyyatı” - TARİX
Sosialist rejiminə son qoyan ilk hərəkatlardan birinin mübarizə tarixçəsi

42 il əvvəl, 1981-ci il dekabrın 13-də Polşa Xalq Respublikasında hərbi vəziyyət elan edildi. Bu hadisə müxalifəti susdurmaq və sovetpərəst rejimi müvəqqəti möhkəmləndirmək fürsəti verdi.

Dekabrın 13-ə keçən gecə Polşa Birləşmiş Fəhlə Partiyasının birinci katibi və Nazirlər sovetinin sədri Voyçex Yaruzelski ölkədə hərbi vəziyyət tətbiq etdi və “Solidarnosc” həmkarlar ittifaqını qanundan kənar elan etdi. 

“Solidarnosc” həmkarlar ittifaqı “İctimai özünümüdafiə komitəsi – Fəhlələrin müdafiə komitəsi” (Komitet Obrony Robotników - KOR) adlı hüquq-müdafiə təşkilatının məntiqi davamı kimi 1980-ci ildə yaradılmışdı. KOR yaranan zaman Polşa ağır iqtisadi böhran keçirirdi: kapitalist ölkələrinə borc 20 milyard dollara çatırdı. Borcları ödəməyə çalışan hökumət əmək haqlarında və istehlak məhsullarında qənaət etməyə çalışırdı. Bu da, təbii ki, əhalinin narazılığına səbəb olurdu - ta tətillərin təşkilinə qədər.

1980-ci ildə Qdanskda baş verən belə tətillərdən birinin lideri Lex Valensa “Solidarnosc”un başına keçdi. Təşkilat azad seçkilər, zəhmətkeş təşkilatlarının iqtisadiyyata nəzarətini, müəssisələrin fəhlə özünüidarəsinə verilməsini tələb edirdi. O zaman Polşaya nəzarət edən Birləşmiş Fəhlə Partiyası (Polska Zjednoczona Partia Robotnicza – PZPR) islahatlar keçirməyi ləngidirdi. O, həmkarlar təşkilatının fəaliyyətini iflic etməyə çalışırdı, ölkəni isə dalbadal baş verən tətillər sarsıdırdı. 

“Solidarnosc” azad seçkilər tələbi ilə ümumi tətil planlaşdırırdı. Aydın idi ki, belə seçki olsa, “Solidarnosc” qalib gələcək, PZPR isə hakimiyyəti itirəcək. Bu halda, Varşava Müqaviləsi Təşkilatının üzvləri Polşanı itirməmək üçün ölkəyə qoşun yeridə bilərdilər. Bu da müharibəyə səbəb ola bilərdi. Amma o zaman SSRİ rəhbərliyini Əfqanıstanda artmaqda olan hərbi müqavimət daha çox düşündürürdü və Polşa rəhbərliyinə fəhlə hərəkatını özünün yatırmasını tövsiyə etdi. 

Nəhəng hərbi və polis əməliyyatı heyrətamiz dəqiqliklə hazırlanmışdı: 70 min əsgər, 30 min milis, 1750 tank, 1900 zirehli transportyor, 9 min yük və minik avtomobili, bir neçə aviaeskadrilya cəlb edilmişdi. İlk növbədə telefon əlaqəsi kəsildi (bu da “təcili yardım”a zəng edə bilməyən bir neçə nəfərin ölümünə səbəb oldu), sərhədlər qapadıldı, yanacaqdoldurma məntəqələri bağlandı, komendant saatı və istənilən yaşayış məntəqəsindən çıxış üçün buraxılış vəsiqəsi tətbiq edildi. 

Polşa küçələrini tanklar, zirehli transportyorlar, avtomat silahlı əsgərlər doldurdu. Bütün ölkədə telefon əlaqəsi kəsildi və hava limanları bağlandı. Şəhərlərə və böyük müəssisələrə 2 mindən çox hərbi komissar təyin olundu. Dekabrın 13-də səhər hökumət başçısı heyrət içində gözləyən əhaliyə müraciət edərək, hərbi vəziyyətini tətbiq olunduğunu və hakimiyyətin Hərbi milli qurtuluş şurasına keçdiyini xəbər verdi. 

Elə ilk günlərdə, Valensa da daxil olmaqla, 3 min adam saxlanıldı. Onların hamısı internə düşərgələrinə göndərildilər. Hərbi vəziyyət zamanı ümumilikdə 10 minə qədər adam internə edildi.  

“Solidarnosc”un əsas istinadgahları olan Qdansk tərsanəsində, Krakov metallurgiya zavodunda, Lublin avtomobil zavodunda müqavimətin yatırılması dekabrın 23-ə kimi çəkdi. Ən şiddətli müqaviməti şaxtaçılar göstərirdilər. Qurbansız ötüşmədi. “Vuyek” şaxtasında 9 tətilçi həlak oldu, daha 3 nəfər isə  Qdanskda yüzminlik nümayişin dağıdılması zamanı həyatını itirdi. Vrotslav universitetinə hücum zamanı bir tələbə ölənə qədər döyüldü. Hərbi vəziyyətin mövcud olduğu bütün illər ərzində 100-dən çox müxalifətçi həlak oldu.

Tətillər və nümayişlərin vahid rəhbərliyi yox idi. Hakimiyyət dekabrın sonlarına kimi onları yatırda bildi. Yarım milyonluq tərəfdarlarına istinad edən hərbi rejim on milyonluq həmkarlar ittifaqının öhdəsindən gəldi. Baş verənlər “Solidarnosc”un çoxlu tərəfdarlarını demoralizə etdi. Buna baxmayaraq, qeyri-leqal vəziyyətə keçən təşkilatın üzvləri 1982-ci il boyu dəfələrlə nümayişlərə çıxırdılar. İndi onlar hərbçilərə fəal müqavimət göstərirdilər, daş atırdılar. Fəallar arasında gənclər çoxaldı, şüarlar daha kəskin antikommunist məna kəsb etməyə başladı. Amma nümayişlərin nəticəsi olmurdu və artıq payıza doğru fəallıq xeyli azaldı. İndi “Solidarnosc” tərəfdarları rejimlə mübarizəni işə gecikmək, divarlarda şüarlar yazmaq, hətta televiziyada axşam xəbərlər buraxılışı zamanı nümayişkaranə şəkildə gəzintiyə çıxmaq, dövlət tədbirlərini boykot etmək kimi üsullar vasitəsilə aparırdılar. 

Müxalif fəallığın aşağı düşdüyünü görən Yaruzelski hərbi rejimi tədricən yumşaltdı. 1983-cü il iyulun 22-də isə tamamilə ləğv etdi. O, sonralar iddia edirdi ki, ölkəni bir npv xilas edib, hərbi vəziyyət elanı “pislərin ən yaxşısı” idi, çünki əks halda, ölkəyə sovet qoşunları girə bilərdi. Hərbi xuntanın rəhbəri həm Polşanın maraqlarını güdməli, həm də Moskva ilə münasibətləri korlamamalı idi. Brejnevlə çoxsaylı danışıqlardan sonra o, hərbi vəziyyət elanı müqabilində Polşa üçün təcili iqtisadi yardım qopara bildi. 

Hərbi vəziyyətin ləğvindən sonra Polşa özünün adi – partiya idarəçiliyinə qayıtdı. 1986-cı ilədək “Solidarnosc” xüsusi nailiyyətlər qazana bilməsə də, mübarizəni də dayandırmadı. 1986-cı ildə SSRİ-də elan olunan yenidənqurma və aşkarlıq kursundan ilhamlanan hərəkat, yenidən dirçəlməyə başladı. 

Qısa müddət ərzində hərəkatın tərəfdarları sürətlə artdı. İndi fəhlə həmkarları mühafizəkar katoliklərdən və millətçilərdən tutmuş liberallara, ifrat solçu sosialistlərə, sindikatçılara və anarxistlərə qədər geniş xalq kütləsi dəstəkləyirdi.

1989-1990-cı illərdə “Solidarnosc” Polşada dinc inqilab həyata keçirərək, kommunist rejiminə son qoydu. Polşa Xalq Respublikası Polşa Respublikasına çevrildi. 

Hazırda “Solidarnosc” həmkarlar ittifaqı kimi fəaliyyətini davam etdirir. Hərəkatın qurucusu və tarixi lideri Lex Valensa sayılır.

Hazırladı: Yadigar Sadıqlı