Logo
news content
User
Kateqoriyalar

Analitika

Əyalətlərdə pandemiya laqeydliyi

TƏBİB-in açıqladığı statistikaya görə, koronavirusa yoluxma hallarının 52 faizi Bakıda, 48 faizi isə rayonlarda qeydə alınır. Son bir həftədə yoluxma və ölüm sayının artdığı görünür. Martın 26-da 1726 nəfər infeksiyaya yoluxub, 24 nəfər vəfat edib, sağalma sayı bundan 3 dəfə geridədir. Sosial şəbəkələrdə yayılan söz-söhbətə görə, Operativ Qərargah aprelin 1-dən karantin rejimini sərtləşdirə bilər.

Bakıda virusa qarşı mübarizənın necə aparıldığı, vətəndaşların karantin qaydalarına necə əməl etdikləri az-çox məlumdur. Səhiyyə qurumlarının və hüquq-mühafizə orqanlarının işi də göz qabağındadır. Bəs, gözdən-könüldən bir qədər uzaq qalmış əyalətlərimizdə vəziyyət necədir?

Qərb bölgəsində - Gəncə şəhəri, Göygöl, Samux, Şəmkir, Tovuz və Qazax rayonlarında apardığımız müşahidələr göstərir ki, karantin rejimi vətəndaşlar üçün əhəmiyyətini demək olar ki, itirib. Küçədə gəzib-dolaşanların əksəriyyəti maskadan istifadə etmir. Qapalı məkanlarda da bu qaydaya çox az əməl olunur. Sosial məsafədən isə danışmağa dəyməz.

Tovuz sakini İbrahim Nəcəfquliyev deyir ki, yanvar ayından etibarən vəziyyət belədir: “Açığı, mən bundan narahat deyiləm, özüm də maskasız gəzirəm. Yoluxma filan da yoxdur. İki aydır karantin qaydalarına əməl olunmur, amma bir nəfər də virusa yoluxan görməmişəm”.

Rayonun başqa bir sakini Şərif Abdalov isə həmyerlisinin əksini söyləyir: “Mən bir neçə kənddə virusa yoluxan, hətta vəfat edən şəxslər haqqında məlumatlıyam. Yoluxan da, sağalan da, ölən də var. Amma bunun maska taxmağa, sosial məsafəni gözləməyə dəxli yoxdur. Kim sağlamdırsa, sağ qalacaq, orqanizmi zəif olan xəstələr isə öləcək...”

Həmsöhbət olduğumuz başqa sakinlər bildirdilər ki, rayona təyin edilən yeni polis rəisi karantin qaydalarını pozan kafe-restoran sahiblərini tez-tez cərimələtdirir. Müntəzəm reydlər keçirilir və indiyədək qapalı məkanlara maskasız daxil olmağa görə onlarla obyekt sahibinə cərimə yazılıb.

Göygöl sakini Oqtay Mürsəlov ancaq Gəncə şəhərinə gedəndə maska taxdığını vurğulayır: “Polis orada maskasız adam görəndə cərimə yazır. Amma bizim rayonda sərbəstlikdir. İstəyəndə cərimələyirlər, istəməyəndə yox”.

Qərb bölgəsinin mərkəzi olan Gəncə şəhərində karantin rejimi hiss olunur, burada qapalı məkanlara maskasız daxil olan, demək olar, yoxdur. Amma açıq havada maskasız gəzənlərə rast gəlmək mümkündür. Kafe-restoranlar, marketlər, başqa obyektlər fəaliyyət göstərir. Hətta əvvəlki qaydada təmtəraqlı ad günləri, banketlər, toy mərasimləri keçirənlər də var. Şəhər sakini Namiq Sultanov (ad şərtidir) deyir ki, puluna minnət: “Şəhərdə istənilən restoranda toy, nişan etmək olar. Buna görə restoran sahibinə əlavə pul ödəmək lazımdır. Onların özü polislə danışıb, həll edirlər. Bu günlərdə yaxın qohumum nişan mərasimi keçirdi, 70 qonaq vardı, musiqi, əyləncə imkanı da yaradıldı. Karantin qaydaları götürülsə yaxşıdır, camaata imkan versinlər, başını dolandırsın”.

Şəmkirdə karantin rejiminin adı var, özü isə yoxdur. Bunu martın 11-də rayonun mərkəzində “Bravo” supermarketinin açılışından çəkilib, sosial şəbəkələrdə yayılan videolar da təsdiq edir. Qeyd edək ki, mərasimdə yüzlərlə vətəndaşıın maska və sosial məsafə qaydalarına əməl etmədən marketə axın etdiyi görünür, bir neçə ay əvvəl məhdud sayda iştirakçının olduğu yas mərasiminə müdaxilə edən və sakinləri sərt sözlərlə qınayan rayonun icra başçısı Alimpaşa Məmmədov isə supermarket açılışında nitq söyləyib.

Rayon sakinləri bildirirlər ki, karantin rejimini ancaq polis reydlərində hiss edirlər. Market, kafe-restoran sahibləri tez-tez cərimələnir, sadə vətəndaşlara o qədər də dəymirlər.

QazaxSamux rayonlarında da fərqli mənzərə yoxdur. Kəndlərdə ümumiyyətlə, maska taxan yoxdur, şəhər mərkəzindəki obyektlərdə satıcıların, ofisiantların maskada çalışdığını görmək olar. İnsanlarda yoluxma narahatlığı qətiyyən hiss edilmir. Bəzi sakinlər hətta bu barədə sualı ironik gülüşlə qarşılayırlar.

Təsvir olunan mənzərədən belə nəticə çıxarmaq mümkündür ki, əyalətlərdə karantin rejimi bütün sərtliyi ilə tətbiq olunmur. Amma bunu səhiyyə qurumlarının, hüquq-mühafizə orqanlarının bacarıqsızlığı kimi təqdim etmək yanlış olardı. Sadəcə, vətəndaşlar koronavirus qorxusu ilə yaşamırlar, onlar bunu sadəcə olaraq, həyatlarından çıxarıb atıblar. Bu şəraitdə polsin görməli olduğu tədbir tamamilə əks reaksiyalara gətirib çıxara bilər. Görünür, həm də bu səbəbdəndir ki, əhali virus əleyhinə peyvənd olmağa ciddi maraq göstərmir. Büdcə təşkilatlarında çalışanları istisna etsək, tək-tük insan peyvənd olunmaq üçün səhiyyə qurumlarına müraciət edir.

Turqut