Logo
news content
User
Kateqoriyalar

Analitika

Evimizin içinə qayıdan zəhər – ARAŞDIRMA
Müharibələr, təbii fəlakətlər, kütləvi xəstəliklər, bioloji ölüm... və küçəyə atdığımız zibilin fəsadları

“Çiynimdəki çantanın ağırlığını birtəhər yola verməyə çalışırdım ki, ayağım sürüşdü, elə bil məni qaldırıb çırpdılar yerə. Ayağımın altında banan qabığı qalmışdı. Belim dəhşətli ağrıyırdı. Dedilər yırtıq var, təcili əməliyyata girməli oldum... Kiminsə mədəniyyətsizliyi və məsuliyyətsizliyi ucbatından həm maddi, həm də mənəvi baxımdan böyük sarsıntı keçirdim. İndi də belim ağrıyır. Hələ mən yaxşı qurtarmışam, başım yıxıldığım yerin yanındakı daşa dəsəydi, bəlkə də indi yaşamırdım. Biz nə vaxt bu qədər mədəniyyətsiz olduq, anlamıram. Niyə zibili zibil qutusuna atmağa ərinib, küçəyə, parka, yollara, hara gəldi atırıq? Bunun sonrasını düşünmək o qədərmi çətindir?” 

İnsanların ətraf mühiti bilərəkdən, ya bilməyərəkdən çirkləndirməsindən böyük zərər çəkmiş Sumqayıt sakini Gülşən İbadova bu problemin tezliklə həll olunmasını, insanların yaşadıqları şəhəri, məhəlləni, istirahət yerlərini çirkləndirməkdən çəkinəcəklərini səbirsizliklə gözləyir.

“15 il bina evində yaşamışam. Orada mədəniyyətdən kənar hallarla çox qarşılaşmışam. Pəncərədən zibil atan kim, tüpürən kim. Bir neçə dəfə belə hallarla üz-üzə gəlmişəm. Siqaret kötüyünü pəncərədən aşağı atmaq, butulkanı, banan qabığını, uşaq bezini həyətə, hətta insanların başına tullamaq adi hala çevrilib. Ona görə də binaların həyəti ilə gedərkən ehtiyatlı davranıram, baxıram ki, başıma nəsə atmasınlar” - bunu isə Hökməli sakini Aynur Əlixanlı deyir. Həmsöhbətimiz hesab edir ki, şəhəri çirkləndirən insanlara qarşı ciddi tədbir görülməlidir.

Başqa bir zərərçəkən - Abşeron sakini Əsmər Əliyeva deyir ki, bir-birimizə əziyyət vermədən, ətraf mühiti korlamadan yaşamağı bacarmalıyıq:

 “Bir dəfə küçədə gedərkən yanımdan keçən kişi siqaretin kötüyünü havaya necə atdısa, gəlib gödəkçəmi yandırdı. Heç üzr də istəmədi. Bir də, bu günlərdə şəhərin mərkəzi sayılan 28 may ərazisindəki yaşayış binasının önündən keçərkən xoşagəlməz mənzərə ilə qarşılaşdım. Məhəllə zibilxanaya dönüb. İnsanlar zibillərini pəncərədən tullayırdı. Halbuki zibilxana heç də uzaq deyildi. O zibillər kiminsə üstünə düşə bilərdi”. 

Bakı sakini Anar Məmmədli də parklarda istirahət etməyin çətinləşməsindən narazıdır: “O gün dənizkənarı parka guya istirahət etməyə çıxmışdım, peşman oldum. Parkda əyləşmək üçün təmiz skamya tapmaq müşkül məsələyə çevrilib. Bəzilərinə dondurma tökülüb, bəzilərinə tum qabıqları, bəzilərinə də popkorn. Tökməkləri bir dərd, yığışdırmamaqları ayrı bir dərd. İstəyirsən, bunları görməzdən gəlib dənizə baxıb sakitləşəsən, amma nə fayda, daha da əsəbiləşirsən. Axı niyə plastik butulkalar, müxtəlif tullantılar dənizə atılmalıdır? Niyə ekologiyamızı öz əllərimizlə məhv edirik? O qədər belə problemlər var, saymaqla bitməz. Tezliklə bu problemlər həll edilməlidir. Aidiyyəti qurumlar məsələyə daha ciddi yanaşmalıdır.Təbiətmizin qayğısına qalmalıyıq”. 

Müharibələr, təbii fəlakətlər, kütləvi xəstəliklər, bioloji ölüm... bunlar bəşər övladını bir yandan qırır, yaşadığımız mühitin çirklənməsi, yararsız ekoloji vəziyyət də bir yandan. Amma axı, sonuncu amil insanın qarşısını ala biləcəyi bəladır. Biz yaşadığımız dünyanı, ölkəni, şəhəri, məhəlləni daha təmiz saxlaya, mümkün qədər aldığımız nəfəsi, içdiyimiz suyu, oturduğumuz məkanı daha sağlam edə bilərik. Təəssüf ki, bunu heç də hamımız anlamırıq. Yer kürəsi, təbiət... bəlkə qlobal anlayışlardır, amma yaşadığımız balaca mühiti qorumaq əlimizdədir, axı. 

Bakıda, elə başqa yaşayış məskənlərində də, çirklənmə ilə bağlı problemin əsas mənbələrindən biri insanlardır. Yuxarıdakı sorğuda rəyini öyrəndiyimiz şəxslər də elə problemin bu tərəfindən şikayət edirlər.

Sənaye tullantılarını, qlobal dəyişikliklərin yaratdığı çətinlikləri bir kənara qoyaq, öz gücümüz çatanı niyə etmirik? Əksinə, düşünülməmiş vərdişlərimizlə ətraf mühitə zərər vururuq. Bu insanları tərbiyələndirməyin yolu nədir? Cərimə tətbiqi, təhsil ocaqlarında maarifləndirmə, yoxsa kütləvi təbliğat kampaniyaları?

Yeri gəlmişkən, Rusiya, Latviya, Litva, Sinqapur və başqa ölkələr ekoloji təmizliyin qorunması üçün ciddi sistem tərtib edərək, ətraf mühitə zərər vuran insanları cərimə ilə cəzalandırır. Bəs, görəsən, Azərbaycanda belə bir qanun varmı? Varsa, niyə əhali bundan xəbərsizdir? Yoxdursa, qəbul etmək zərurəti varmı?

Mövzu ilə bağlı old.pressklub.az saytına açıqlama verən Səma və Eko Sosial-iqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova problemin həlli üçün hər iki variantı zəruri sayır - həm cərimə tətbiq edilməli, həm də təbliğat kampaniyaları aparılmalıdır.

“Biz ətraf mühitin çirklənməsinə qarşı maarifləndirmə tədbirləri aparırıq. Bu işdə əsas məsələ insanların şüurunda dəyişiklik etməkdir. Təbliğat aparmaq, aksiyalar keçirmək, ictimai nəzarəti gücləndirmək lazımdır ki, bu halların qarşısı alınsın. Məsələn, bu yaxınlarda dağ kəndlərimizdən birində üzləşdiyim mənzərə məni narahat etdi. İnsanlar yeyib-içib, zibillərini yerə atırlar. Bunun qarşısının alınması üçün ekoloji nəzarət qrupu yaradılmalıdır. Həmçinin cərimə tətbiq edilsə, insanlar bu hərəkəti etməkdən çəkinər. Misal olaraq, yolu düzgün keçməyən piyadalara bir müddət tətbiq edilən cərimənin xeyli effektiv olduğunu göstərə bilərik. Pul şirin şeydir, ona görə də bu tip məsələlərin həllində cərimə tətbiqi faydalı rol oynayır. Nəzarət olmasa, bu çirklənmənin qarşısını almaq olmayacaq. Biz bununla bağlı məktəblərdə, universitetlərdə maarifləndirici tədbirlər keçirmişik

Müsahibimiz dənizin çirklənməsinin də yolverilməz olduğunu deyir: “Əfsus, bəzi insanlar plastik qabları, polietilen torbaları və s. tullantıları dənizə atırlar. Dənizin çirklənməsi isə böyük ekoloji fəlakət yarada bilər. Dənizi zibilləyib, sonra “balıqdan zəhərləndik” deyirlər. Düşünmürlər ki, bu zəhərlənmənin səbəbi elə özləridir. Həmçinin avtomobili olan insanlar zibili yol gedərkən pəncərədən tullamaq yerinə, oraya torba qoymalı və zibili həmin torbaya, torbanı isə zibil qutusuna atmalıdır. Problemin kökünə gəldikdə, bu, uşaqlıqdan başlayan bir şeydir. Valideynlər uşaqlarına təmizliyi öyrətməlidir.

İnsan uşaqlıqdan necə görüb-götürsə, həmişə də elə davam edəcək. Əksər hallarda bəzi insanlar belə pis vərdişlərini böyüdükcə düzəldirlər. Lakin təəssüf ki, bir çox valideynlərin elə özləri bu hərəkətləri edir. Uşaq isə təbii ki, valideynindən görüb-götürür. Necə deyərlər, uşaq evin aynasıdır. Ona görə də məktəblərdə uşaqlara davranış qaydaları, təbiətin qorunması motivli dərslər tədris edilməli, tədbirlər keçirilməlidir. Belə olduqda həmin o uşaqlar valideynindəki səhvi görəcək və özlərində bu səhvə yol verməyəcək

Təbiətin qorunması üçün dövlət və qeyri-dövlət qurumları ilə yanaşı, sıravi vətəndaşlar da çalışmalıdır. Müsahibimizin də dediyi kimi, problemin kökü uşaqlıqdan başlayır. Uşaqları düzgün tərbiyə etmək üçün isə ilk növbədə valideyn, ikinci növbədə müəllim məsuliyyət daşıyır. Lakin təəssüf, təmizliyə əməl etməyən valideynlər və müəllimlər də az deyil. Həmçinin valideyn himayəsindən və təhsildən məhrum olmuş şəxslər də var ki, onlar üçün xüsusi maarifləndirici tədbirlər keçirilməlidir. 

old.pressklub.az saytına açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyir ki, bu halların qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinə üstünlük verilməlidir.

“Bəzi insanlar əlindəki tullantıları xüsusi konteynerə atmır. Bu hallara ən çox yay mövsümündə parklarda dənizdə küçədə və s. rast gəlinir. Təəssüf ki, tullantını yaşadığı evin pəncərəsindən həyətə atanlar da olur. Belə halların azalması üçün cərimə tətbiq edilsə, yaxşı olar. Cəriməni tətbiq etmək üçün onu icra etməkdə kiməsə səlahiyyət verilməlidir. Məsələn, Daxili İşlər Nazirliyinin tabeliyindəki ərazi patrul xidməti çəkən polislərə məsuliyyət verilə bilər. Həmçinin bağçalarda, məktəbəqədər təlim müəssisələrində və məktəblərdə bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılsa, çox effektiv olar. Bunun üçün ayrıca dərs vəsaiti tərtib etmək zərurəti yoxdur, amma maarifləndirici tədbirlər keçirmək olar. Bununla bağlı vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları iş aparırlar. Cərimə tətbiq edildikdə sosial narazılıqlar çoxaldığına görə, daha çox maarifləndirmə tədbirlərinə üstünlük verilsə, məqsədəuyğun olar. Burada isə vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları və təhsil müəssisələrinin dəstəyi əvəzedilməzdir”. 

Hər iki müsahib bildirdi ki, problemin həlli üçün cərimə sistemi tərtib edilməlidir. Əslində isə Azərbaycan Respublikasının Qanununa nəzər salsaq, aydın olar ki, ekologiyaya zərər verən insanlara qarşı cərimə cəzası qanunvericilikdə nəzərdə tutulub. Görünür, qanunun icrası elə səviyyədədir ki, nəinki sıravi vətəndaşların, heç ekoloqların bundan xəbəri yoxdur. 

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin 2.3. müddəasında ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələrin tərtib edildiyi bildirilir. Ancaq demək olar, əhalinin yarısı bu qanundan xəbərsizdir. Aidiyyəti orqanlar qanunun icra edilməsinə məsuliyyətlə yanaşmalıdır.

Müsahib Amin Məmmədovun dediyi kimi, bu cür ekoloji problemlərə daha çox yay mövsümündə rast gəlinir. İnsanlar parklarda istirahət zamanı tum qabıqlarını, popkornu, dondurmanı, plastik su butulkalarını və s. konteynerə atmaq yerinə, əyləşdikləri skamyanın önünə, yolda gedərkən isə yerə atırlar. Bu da xoşagəlməz görüntü yaratmaqla yanaşı, həm də ekoloji problemlərə səbəb olur və digər insanların istirahətinə mane olur. 

İnsanlar özlərini və evlərini təmiz saxladığı kimi, ətraf mühiti də təmiz saxlamalıdır. Evini təmizləyib, evin zibilini həyətə atmaqla, təmizkar olunmur. Evdə tum çırtlayarkən tumun qabığını qaba və ya torbaya atdıqları kimi, bunu parkda, küçədə olarkən də tətbiq etmək lazımdır. 

Hər şey öz əlimizdədir. Bəziləri düşünür ki, bircə dəfə gözdən uzaq yerdə harasa zibil atmaqla heç bir zərər olmaz. Amma nəzərə almaq lazımdır ki, küçəyə, dənizə, həyətə atdığımız hər tullantı, zibil bir gün başqa formada evimizin içinə qayıdır. Evimizi təmiz saxlayaq...

Günay Elşən