Evimizə soxulan “eybəcər qonaqlar”
Valideynlə övladı düşmən edən “fenomenlərin” öhdəsindən niyə gəlmirlər?
14 May 2024
Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bəzi psixoloji testlər keçirilən zaman müsahibə “Sosial şəbəkəsiz bir gün yaşaya bilərsinizmi” sualının verilməsi də təsadüfi deyil.
Paralel olaraq, sosial şəbəkələrin insanların tərbiyəsinə, şüuruna, psixologiyasına təsiri də kritik səviyyəyə çatıb. Vaxtilə “tərbiyə evdən gələr” deyirdiksə, indi gənclərimizin formalaşması, davranışı sosial şəbəkələrin təsiri üzərindən qurulmağa başlayıb. Və o da faktdır ki, sosial şəbəkələrin verdiyi “tərbiyə” heç də ürəkaçan deyil.
Düzdür, bunu hamıya aid etmək olmaz. Sosial şəbəkələrdən yaxşı mənada faydalanan, bilgilənən, hətta biznes məqsədilə istifadə edənlər də çoxdur. Amma müəyyən bir kütlə var ki, özünün də xəbəri olmadan sosial şəbəkələrin neqativlik girdabına düşüb. Bu girdaba batdıqca psixoloji problemlər də artmağa başlayır.
Məsələnin digər tərəfi isə yersiz fanatizmdir. Hazırda sosial şəbəkələri ağuşuna alan bəzi “fenomenlər” insanların psixologiyasına təsir edir. Təəssüf ki, onların mənasız və bayağı hərəkətləri, bəzən də ikrah doğuran komiklikləri kütləyə xoş gəlir, onları izləməyə, hətta fanatiklik etməyə başlayırlar. Cəmiyyətə pis örnək olan bu “fenomenlər” zamanla mənəvi dəyərləri yox edir, ailə münaqişələrinə, eləcə də insanların psixologiyasına ciddi zərbə vururlar.
Məsələnin ən pis tərəfi isə bu hallara uşaqlarda da rast gəlinməsidir. Və uşaqların fanatikliyi daha fantastik həddə olur. Hazırda sosial şəbəkələrdə övladlarından sui-istifadə edərək məşhurlaşan şəxslər də az deyil. Həmin şəxslərin övladına öz həmyaşıdları fanatiklik edir, onunla şəkil çəkdirmək üçün sıraya düzülürlər.
Bəs insanlarda bu müqayisə, fanatiklik həvəsi nədir? Bu həvəs hansı psixoloji pozuntulara səbəb olur?
Mövzu ilə bağlı Pressklub.az-a danışan psixoloq Heyran İbrahim deyib ki, sosial medianın təsirinə düşmüş insanlarda özünütəsdiq problemi olur:
“Bu, natamamliq kompleksindən xəbər verir. Onlar özünütəsdiq üçün populyarlaşmaq istəyirlər. Əvvəllər burada gülüş obyekti yaratmaq kimi metodlar var idisə, indi daha çox dəyərlərin üzərində oynamaq, onları tənqid, bəzən də təhqir etmək üsulları formalaşır”.
Psixoloqun sözlərinə görə, insanlar çox zaman sosial şəbəkələrdə bəyəndiyi “fenomenin” həyatını izləyir, onu öz idealına çevirir və onun həyat tərzini öz həyatında tətbiq etməyə, yəni, təkrarlamağa başlayır. Bu da artıq ailədə ziddiyyətin yaranmasına səbəb olur. Mental olaraq bəzi yaşantılar bir çox ailələrin həyat tərzinə, ailə dəyərlərinə uyğun gəlmir: “Məsələn, şəxs hansısa müğənnini davamlı olaraq dinləyirsə, onun üslubunu, saç düzümünü, geyimini və s. tərz olaraq seçir və özününküləşdirir. Və ya sosial şəbəkədə bayağı paylaşımları ilə reytinq yığan birinin məhz həmin hərəkətlərini yamsılayıb, özünü gülüş obyektinə çevirir. Bu zaman ailəsi onun bu hərəkətlərini aqressiya ilə qarşılayır, bu da ailədaxili konfliktlərə gətirib çıxarır. Uşaqla ailəsi arasında bir sərhəd yaranır, sevgi bağı qopur. Belə hallar isə çox zaman uşaqlarda ailəsi tərəfindən sevilməmək, diqqətsizlik hissinin formalaşmasına gətirib çıxarır”.
Müsahibimiz bildirib ki, sosial şəbəkələrdə, zərərli vərdişlərin (narkotik maddələrin və alkoqollu içkilərin və s.) və digər dərman vasitələrinin (seksual təyinatlı dərmanlar) təbliği, eləcə də intim xarakterli görüntülərin əlçatan olması uşaqların psixologiyası ilə yanaşı, əxlaqına da mənfi təsir edir.
Cəmiyyətə dərindən nüfuz edən sosial şəbəkənin qaranlıq tərəfi zamanla daha böyük fəsadlar üzə çıxarır. Əslində hökumət bunun fərqindədir. Və son günlər “TikToker”lərin ard-arda məsuliyyətə cəlb olunması da buna nümunədir. Amma təəssüf ki, bu cür addımlar davamlı olmur, nəticədə həmin şəxsləri də fəaliyyətlərini dayandırmırlar.
Bəs cəmiyyəti bu bəladan necə xilas etməli?
“İnsanların şüurunda müsbət dəyişiklik etmək üçün sağlam şüurlu, iradi keyfiyyətlər təbliğ edilməlidir. Məqsədyönlü və əməli sosial fəaliyyət icra olunmalıdır. Digər tərəfdən, ictimai qınağı və sosial sağlamlıq düşüncəsini önə gətirmək vacibdir. Bütün bunlara riayət etdikdə biz problemin həllinə yaxınlaşmış olacağıq”.
Bu sözləri Pressklub.az-a açıqlama verən sosioloq Nail Cəlil deyib.
Ekspert bildirib ki, sosial şəbəkələr həm davranışa, həm də mədəniyyətə çox təsir göstərir. Etika, tərbiyə və s. faktorlarla bağlı ənənəvi dəyərlər bəşəriyyət tərəfindən normalar kimi qəbul edilib. Ancaq bu gün bu normaların demək olar, çoxunun üstündən sosial şəbəkələr sayəsində xətt çəkmişik.
Müsahibimizin sözlərinə görə, təkcə azyaşlılar deyil, yetkin, hətta 40-50 yaşlı insanlar da asanlıqla sosial şəbəkələrin təsirinə düşürlər. Savadsız şəxslərin bayağı paylaşımlarla sosial media fenomeni olması və asan yolla pul qazanması cəmiyyətin şüuruna birbaşa təsir edir. Ona görə də günü-gündən bu cür bayağı fenomenlərin sayı artır. Həmçinin insanlar özlərini sosial şəbəkə üzərindən bir-biriləri ilə müqayisə edirlər: “Sosial mediadakı həyatın yalanlar üzərinə qurulması, yalnız vizuallıq olmasını anlamayan şəxslər bu müqayisələrlə psixoloji sarsıntıya düşür, hətta ailələrində mübahisələrin yaranmasına səbəb olurlar. Bu isə ailə dəyərlərinə birmənalı şəkildə zərbə vurur. Zərbənin ağırlığı zamanla daha çox görünəcək. Elə boşanmaların sayının son illərdə kəskin şəkildə artmasında da sosial şəbəkələrin rolu var”.
Ekspert hesab edir ki, “fenomenlərə” fürsət veririksə, təbii ki, onlar cəmiyyətə müəyyən qədər təsir göstərəcəklər: “İnsan da gördüyünü götürür. Ancaq cəmiyyətin fenomenlərə qarşı olan hədsiz rəğbətin kökünü, səbəblərini tapmalıyıq. Bunu aradan qaldırmaq üçün isə sosial şəbəkələri məhdudlaşdırmaq çıxış yolu deyil. Həm də qadağalar insanları daha çox cəlb edir. Ona görə də maarifləndirmə tədbirləri aparılmalı, sosial medianın aydınlıq tərəfi ilə insanları tanış etməliyik. Yəni, stəkana dolu tərəfindən baxmağa can atılmalıdır. Əks təqdirdə, boş beyinlər və bayağı cəmiyyətin formalaşması qaçılmaz olacaq”.
İnsanların düzgün şəkildə formalaşması, bu cür şəxsləri örnək götürməməsi üçün həm cəmiyyət özü, həm də aidiyyəti qurumlar məqsədyönlü fəaliyyətə başlamalıdır. Əks təqdirdə, nə qocamız qoca olacaq, nə də uşağımız uşaq.
Günay Elşən