Logo
news content
User
Kateqoriyalar

Analitika

Estoniya prezidenti: Azərbaycanın hara gedəcəyinə onun vətəndaşları qərar verməlidirlər

Müəllif: Seymur Kazımov (Tallin, Helsinki, xüsusi olaraq Pressclub.az üçün)

Azərbaycan-Aİ

“Azərbaycanla müzakirələrə açığıq, amma ölkələrin daxili işlərinə qarışmırıq. Dövlətlərin haraya inteqrasiya edəcəyinə yalnız onların vətəndaşları qərar verir. Avropa İttifaqı ölkələrinin liderləri, elə mən özüm də kiməsə göstəriş verə bilmərik.” Estoniya Prezidenti Kertsi Kaljulaid Avropa İttifaqı ilə Azərbaycan arasında Assosiativ sazişin imzalanmamasına münasibətini belə ifadə etdi. 

Hələ 2010-cu ildə başlanmış danışıqlar beş ildən sonra rəsmi Bakının Aİ ilə Assosiativ Tərəfdaşlıq haqqında sazişi imzalamaqdan imtinası ilə nəticələndi. Həmin ildə Azərbaycan Aİ tarixində ilk dəfə olaraq yeni tərəfdaşlıq müqaviləsinin layihəsini təqdim etdi. Bu layihədə ədliyyə islahatları və insan hüquqları ilə bağlı məsələlər öz əksini tapmamışdı. Orada 3 blok vardı: siyasət və təhlükəsizlik, ticarət və investisiya, sektorial sahə – yəni, iqtisadiyyat və humanitar. Azərbaycanın xarici işlər nazirinin müavini bildirmişdi ki, Bakı əsasən birinci bloka fokuslanmaq istəyir. 

Ötən həftə, 9-13 dekabr tarixlərində Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı üzv ölkələrinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) jurnalistləri üçün Estoniya və Finlandiyaya media turu təşkil olunmuşdu. Jurnalistləri hər iki ölkənin İttifaqa üzvlüklə bağlı təcrübəsi, islahatlar və inkişaf modelləri ilə tanış etdilər. 

Estoniyanın Avropaya inteqrasiyası haqqında danışan Prezident Kaljulaid ölkəsinin bu quruma üzvlüyünün vətəndaşlar üçün böyük perspektivlər açdığını dedi. O, Estoniyanın Sovet işğalından uzun illər sonra  “Avropa ailəsinin üzvü” olmasını “bu ölkənin sivil dünyaya inteqrasiyanı sürətləndirən faktor” adlandırdı. Xeyli müddətdir müzakirə mövzusu olan bir məsələ - Türkiyənin də eyni “ailə”yə üzvlüyü barədə konkret Estoniyanın mövqeyi sorulduqda isə prezident: “Aİ Türkiyə ilə bağlı hansı qərarı versə, Estoniya onunla razılaşacaq” cavabını verdi.

Estoniya Prezidenti Kertsi Kaljulaid (foto: Seymur Kazımov)

Xanım Kaljulaid 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışında Şərq Tərəfdaşlığı regionunda münaqişələrin həllinə beynəlxalq aləmin daha çox diqqət ayırmalı olduğunu söyləmişdi. Həmin çıxış prezidentə xatırladıldı və ona: “Ötən dövrdə regionda münaqişələrin, o cümlədən Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması hansı təhlükələr yaradır?” sualı ünvanlandı.

“Mənim məlum çıxışımdan keçən vaxt ərzində məsələdə böyük irəliləyiş görmürəm. Eyni zamanda BMT Təhlükəsizlik Şurasına üzv olmağımızın bu istiqamətdə irəliləmək üçün bizə əlavə imkan yaratdığını da düşünmürəm. Bəlkə, yanılıram. Hər halda, məsələni müzakirə edəcəyimizə ümidvaram. Bütün bu münaqişələr və onların BMT Təhlükəsizlik Şurası çərçivəsində həlli barədə isə demək istəyirəm ki, Estoniya balaca ölkədir və bizim kimi ölkələr müxtəlif səbəblərdən Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilirlər. Bu, bizi beynəlxalq hüquqa və əvvəlki razılaşmalara qovuşdurur. Onlar heç kimin maraqlarına uyğunlaşdırıla bilməz: beynəlxalq hüquq və onun dəqiq tətbiqi kiçik dövlətlərin əlində nüvə silahı kimi bir şeydir. Biz bütün münaqişələrə BMT Təhlükəsizlik Şurasında bu cür yanaşırıq”. 

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dedi. “Münaqişələr əməkdaşlıq məqsədi ilə inteqrasiya prosesinin qarşısını kəsir. Şimali Makedoniya - Yunanıstan münasibətlərinə baxsaq görərik ki, məhz onlar arasında münaqişə birincinin Aİ və NATO-ya üzvlüyünün qarşısını aldı. Uzun müzakirələrdən sonra məsələ həllini tapdı və ölkədə xeyli islahat həyata keçirildi”. 

Estoniya xarici işlər naziri Urmas Reinsalu (foto: Emin Musəvi)

Urmas Reinsalu Azərbaycan - Avropa İttifaqı əlaqələrini pozitiv hesab edir. Əlavə edir ki, Şərq Tərəfdaşlığı proqramı islahatların həyata keçirilməsi üçün təzyiq rolunu oynamalı deyil. Estoniya və Azərbaycan əlaqələrinə gəldikdə isə, nazir iki ölkə arasında biznes əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial olduğunu bildirir. 

Şərq Tərəfdaşlığı Proqramının Estoniya mərkəzinin direktoru Gert Antsu deyir ki, bu ölkə proqram çərçivəsində Azərbaycana yardım etməyə hazırdır. Onun sözlərinə görə, Aİ ilə məlum sazişin imzalanmasında son qərar Azərbaycana aiddir. “Bildiyim qədər, indi aviasiya, insan hüquqları ilə bağlı müzakirələr aparılır, amma, digər tərəfdən, biz üzv ölkələrə nəzarət etmirik”.

Şərq Tərəfdaşlığı Proqramının Estoniya mərkəzinin direktoru Gert Antsu (foto: Ann Vaida)

İstər Estoniya, istərsə də Finlandiyaya səfər zamanı ünsiyyətdə olduğumuz dövlət və hökumət rəsmiləri Avropaya təhdid kimi konkret Rusiyanı göstərirdilər. Bu qənaəti onlar ilk növbədə şimal qonşumuzun Ukraynaya hücumu ilə əlaqələndirirlər. İstər Estoniya və Finlandiyanın, istərsə də üzvü olduqları Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə münasibəti barədə suallara verilən cavablar bizə əsas verir ki, indiki halda Ukraynanın prioritet olduğu barədə nəticə çıxaraq.

 

Finlandiya xarici işlər naziri Pekka Havisto (foto: Seymur Kazımov)

2019-cu ilin iyul-dekabrında Avropa İttifaqına prezidentliyi Finlandiya edib. Bu ölkənin xarici işlər naziri Pekka Havistoya ünvanlanan sual birbaşa idi: “Finlandiyanın Aİ-yə prezidentlik müddəti başa çatır. Görünən odur ki, Aİ əsasən Ukrayna məsələsi ilə məşğuldur. Mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönləndirmək istərdim. Bu münaqışənin həlli Finlandiya və Aİ üçün prioritetlər sırasına daxildirmi? Yoxsa tək gündəm  Ukraynadır?” Nazir dəqiq cavabdan yayındı: “Bizim proqramda məhdud mövzular olub; Suriya məsələsi, Şimali Makedoniya və qeyd etdiyiniz kimi, Ukrayna, amma bu o demək deyil ki, Cənubi Qafqazdakı münaqişəni unutmuşuq”. 

Aİ-nin Azərbaycanla bağlı mövqeyini isə nazir Havisto belə ifadə etdi: “Bu ilin əvvəlində bir qrup siyasi məhbus azad edilsə də, bəzilərinin hələ həbsdə qalması Aİ ilə münasibətlərin normallaşmasına mane olur. Aİ Azərbaycanla əməkdaşlıq sazişinin imzalanmasında maraqlıdır. İnsan hüquqları ilə bağlı digər məsələlər də həllini tapmalıdır”. 

... və Rusiya 

Estoniya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Marko Mikhelson (foto: Ann Vaida)

Estoniya və Finlandiya rəsmiləri ilə keçirilmiş görüşlərdə ən çox toxunulan məsələ Rusiya ilə gərgin münasibətlər barədə idi. Hər iki ölkə Avropa İttifaqının 2014-cü ildən etibarən Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalara dəstək verir. Təbii ki, sanksiyaların məqsədi Rusiyanın iqtisadi gücünü zəiflətməklə yanaşı, onun aqressiv siyasətinin qarşısını almaq idi. Amma sirr deyil ki, Aİ özü də sanksiyaların əks effekti ilə üzləşib. 2014-2017-ci illərdə Rusiya Federasiyasına ixracın azalmasından ən çox təsirlənən 5 Aİ ölkəsi arasında Estoniya (4,3%z azalma) və Finlandiya (4% azalma) da var. Estoniya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Marko Mikhelson problemi belə şərh edir: “Bu faktdır, amma biz beynəlxalq hüququn bərqərar olması üçün prosesin bir hissəsi olmalıyıq”. 

Finlandiya Xarici İşlər Nazirliyinin Avropa və Qonşu ölkələrlə iş şöbəsinin müdiri Ville Kantell isə deyir ki, Aİ-də 27 mövqe yoxdur və Rusiyaya qarşı sanksiyalar Aİ-nin vahid qərarıdır. “Finlandiyaya gəldikdə isə, Rusiya ölkəmizin 5 ən yaxın ticarət tərəfdaşından biridir. Ümumiyyətlə, münasibətlərin normallaşması Rusiyadan daha çox asılıdır. Top onun tərəfindədir”.