Logo
news content
User
Kateqoriyalar

Analitika

Əsrin qarətçisi: Vyetnamda cinayət törətdi, İtaliyada öldü, Parisdə dəfn olundu
Məşhur filmin mövzusu olan bank soyğunu necə baş vermişdi?

Yadigar Sadıqlı

Alber Spacari 1932-ci ildə Fransanın cənub-şərqində yerləşən Laran-Monteqlen kommunasında anadan olub. Üç yaşı olanda İtaliya kökənli atası ölür. Anası bir az da cənuba, Lacivərd sahildə yerləşən Yer kommunasına köçür və burada alt paltarı mağazasının sahibi olur, yenidən ailə qurur. Alberin atalığı ilə münasibəti yaxşı olmur

Alber 1950-ci ildə orduya çağırılır və Fransanın müharibə apardığı Vyetnama göndərilir. Burada iki dəfə yaralanır. İlk cinayətini də Vyetnamda törədir. 1953-cü ilin yanvarında Sayqon fahişəxanalarından birinin sahibi onun əsgər yoldaşı ilə kobud davranır. Spacari və daha bir neçə nəfər həmin adamın başına silah dayayaraq qarət edirlər. Buna görə 5 illik həbsə məhkum edilən Alber cəzasını Marselin Bomet həbsxanasında çəkir. 

Vaxtından bir qədər əvvəl, 1957-ci ildə azadlığa çıxan Alber evlənir və seyf istehsal edən “Fichet-Bauche” şirkətində işə düzəlir.

Həmin dövrdə Əlcəzairdə Fransa əsarətinə qarşı milli-azadlıq mübarizəsi gedirdi. De Qoll iqtidarının Əlcəzairdən çıxmağa və bu ölkənin müstəqilliyini tanımağa hazırlaşdığı məlum olanda ifrat sağçılar general Raul Salanın rəhbərliyi altında “Gizli ordu təşkilatı” (Organisation armee secrete – OAS) yaradırlar. Spacari də onun üzvü olur. 1962-ci ilin fevralında evində silah-sursat tapılan Alber 4 il həbs cəzası alır və Bomet həbsxanasına qayıdır. 

Həbsdən çıxandan sonra Nitsada məskunlaşır və burada fotoatelye işlədir. Məlum olur ki, bu sahədə müəyyən istedada malikdir. 

O, bir gün Robert Pollokun “Loophole” əsərini oxuyur. Burada qarətçilərin kanalizasiya xəttindən yol açaraq bank soymalarından bəhs edilir (əsər əsasında 1981-ci ildə eyniadlı film çəkilib). Oxuduğundan həvəslənən Alber öyrənir ki, “Societe Generale” bankının Nitsada yerləşən filialı da kanalizasiya kollektorunun yaxınlığında yerləşir. 

Spacari kollektor və bank haqqında məlumat toplamağa başlayır. Məlum olur ki, müəyyən nöqtədə kanalizasiyadan bankın əmanətlər saxlanan yerinə qədər məsafə cəmi 8 metr təşkil edir. Əsas problem isə bankın 1,8 metr qalınlığındakı dəmir-beton di.varıdır. 

Alber düşündüyünü həyata keçirmək üçün komanda toplamağa başlayır. Həmin adamların kimlər olduğu sonralar aşkar edilmədi, amma güman edilir ki, onların arasında keçmiş hərbçi yoldaşları, eləcə də qazıntı işlərini bacaranlar da vardı.

Tunelin qazıntısına 1976-cı il mayın 7-də başlanıldı. İşlər, təbi, gecələr görülürdü. Xeyli avadanlıqla yüklənmiş dəstə gözdən uzaq bir yerdə kollektora daxil olur və qazıntı apardıqları yerə gəlirdilər. Səhərə yaxın da eyni qaydada geri dönürdülər.

 Səs-küy yaratmamaq üçün bütün işlər əllə görülür, perferator kimi alətlərdən istifadə olunmur. Tunelin divarları bərkidilir, işıqlandırma və ventilyasiya sistemi quraşdırılır. Cəmi 8 metr uzunluğu olan tunelin qazılması və divarın dəlinməsi iki ay çəkir. 

Deyilənlərə görə, bank siqnalizasiyasının seysmik və akustik həssaslığını yoxlamaq məqsədilə Alber saxlama yerində seyf kirayələyir və oraya gecə vaxtına qurulmuş zəngli saat qoyur. Zəng çaldıqda siqnalizasiyadan heç bir reaksiya olmur. Beləliklə, məlum olur ki, siqnalizasiya yaxınlaşan qazıntı işlərinə də reaksiya verməyəcək. 

İşlərin yekunlaşmasına az qalmış gözlənilməz təhlükə yaranır. İyulun əvvəllərində Fransa prezidenti Valeri Jiskar Desten Nitsaya gəlir. Bu isə o demək idi ki, təhlükəsizlik qüvvələri şəhər kanalizasiyasını yoxlaya bilərlər. Amma belə olmur.

Tunel hazır olandan və divarın çox hissəsi dəlinəndən sonra son zərbəni cümə günü, iyulun16-da iş vaxtından sonra endirmək və əmanətlər saxlanan yerə daxil olmaq qərara alınır. Seyfləri açmaq asan deyildi, buna görə də qarətçilər istirahət günlərini anbarda keçirməyi, bacardıqca çox seyf açmağı planlaşdırırdılar.

Nəzərdə tutulan gün saat 21:30-da divarın son hissəsi uçuruldu. Dəlik tərəfdəki seyf şkafı domkratla aşırıldı və qarətçilər anbara daxil oldular. Onlar burada üç gecə və iki gün keçirdilər. Arada Spacari kimisə götürüb şəhərə çıxır, yoldaşları üçün yemək, çaxır, pivə gətirirdi. 

Seyflər gözlənildiyindən daha etibarlı çıxdı. Ona görə də qarətçilər ümid etdiklərindən az  - 4000 seyfdən 371-ni aça bildilər. Buna güclü yağış da bir qədər mane oldu. Kanalizasiyada su səviyyəsi qalxmağa başladı və dəstə düşündüyündən daha tez – iyulun 19-a keçən gecə saat 2-də bankı tərk etdi. Onlar qarət etdiklərini boğaza qədər suyun içində daşıdılar, kanalizasiyanın çıxışında onları gözləyən avtomobilə yüklədilər.  

Cəmi 371 seyf açılsa da, oğurlanan zinət əşyalarının və pulların həcmi az deyildi: 50 milyon frank, bu da indiki 40 milyon avroya ekvivalent sayılır. 

Saxlama yerini tərk etməzdən əvvəl Spacari divarda məşhur cümləsini yazdı: “Ni armes, ni violence et sans haine” (Silahsız, zorakılıqsız və ədavətsiz).

*** 

Fransa polisi dəlil-sübut tapa bilmədiyindən bir müddət qarətçilərin izinə düşə bilmədi. Yalnız oktyabrda Spacari barədə informasiya əldə olundu. Alber isə həmin vaxt Yaponiyada idi. Meriya tərəfindən təşkil olunan, merin və başqa şəxslərin də iştirak etdiyi bu səfər yapon turistləri cəlb etmək üçün düşünülmüşdü. Oktyabrın 27-də səfərdən qayıdan Alber elə hava limanında saxlanıldı.

Haşiyə: Spacari ilə müəyyən təması mer Jak Mendes üçün ciddi başağrısına çevrildi. 1966-cı ildən mer olan (ondan əvvəl isə 1928-ci ildən atası Jan Mendes mer idi) və əvvəlki seçkilərdə inamlı qələbə qazanan Jak Mendes 1977-ci ilin martında yalnız ikinci turda 50,33% səs toplamaqla çətin qələbə qazandı. 

Spacarinin evində axtarış zamanı toyuq hinində bir neçə odlu silah, güllələr, partlayıcı maddə aşkar olunur. Bunlar onun qarətdə iştirakını sübut etmirdi, amma həbsə almaq üçün əsas verirdi. 

Alber qarətdə iştirakını əvvəlcə inkar edir, sonra isə etiraflara başlayır. Amma bu etiraflar səmimi deyildi. İştirakını boynuna alsa da, yoldaşlarından heç birinin adını vermir. Digər tərəfdən, qarəti guya siyasi məqsədlərlə törətdiyini deyir: o zaman İtaliyada “Qırmızı briqadalar” kimi ifrat solçu terror təşkilatı fəaliyyət göstərirdi, Spacari də guya onlara qarşı ifrat sağçıların təşkilatını yaradacaqdı. 

Bütün bunlar vaxt udmaq və qaçışa hazırlaşmaq üçün lazım idi. OAS-dan olan dostları qaçış planını hazırlamışdılar. Həmin plana görə, Spacari Nitsa məhkəməsinin binasında, işi araşdıran hakimin otağındakı pəncərədən tullanıb qaçmalı idi.

1977-ci il martın 10-da Spacari öz vəkili, 1995-2008-ci illərdə Nitsanın meri olacaq Jak Peyra ilə gündüz saatlarında istintaq otağında olarkən hakimə qarətlə əlaqəsi olan yerli siyasətçilər barədə məlumat vermək istədiyini bildirir və bu səbəbdən onu müşayiət edən polisin otaqdan çıxarılmasını xahiş edir.

Arzusu nəzərə alınan Spacari hakimə yaxınlaşaraq ona bir neçə vərəq uzadır. Hakimin onlara baxdığı zaman isə qəflətən pəncərəyə tərəf qaçır, onu açır, əvvəlcə karnizin üstünə, oradan aşağıda duran avtomobilin damına və sonda yerə tullanaraq onu gözləyən motosikletə minib uzaqlaşır. Deyilənlərə görə, damını əzdiyi avtomobilin sahibinə sonradan 5 min frank göndərir.

*** 

Məhkəmə Alber Spacarini qiyabi olaraq ömürlük azadlıqdan məhrum etdi. Amma o, bir daha Fransa hüquq-mühafizə orqanlarının əlinə keçmədi. Plastik əməliyyat edərək Argentinada yaşadı. Çilidə Pinoçet xuntasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdi. Anasına baş çəkmək üçün bir-iki dəfə gizli şəkildə Fransaya gəlməsi ehtimal olunur. 

Ömrünün son illərində boğaz xərçəngindən əziyyət çəkən Spacari 1989-cu il iyunun 9-da İtaliyanın Belluno şəhərciyində öldü.

Sevgilisi Emiliya onun cəsədini avtofurqona qoyaraq sərhədi keçirdi və anasına təhvil verdi. Alber Spacari anadan olduğu Laran-Monteqlendə dəfn edildi.