Logo
news content
User
Kateqoriyalar

Analitika

Əsirlikdən qayıdan gəncləri kim susduracaq?
Millət vəkili: “Kimsə divident qazanır, amma bu, ciddi fəsadlara gətirib çıxara bilər”

Ermənistanda əsirlikdə olan iki əsgərimizin qaytarılması cəmiyyət tərəfindən nə qədər müsbət hadisə kimi qarşılansa da, onların buradakı davranışları, xüsusilə sosial şəbəkələrdə paylaşımları ciddi tənqid və iradlar doğurdu. Ordu anlayışına və əsgər etikasına yaraşmayan hərəkətləri ilə onlar cəmi bir neçə gün əvvəl onları sevinclə qarşılayan insanları məyus etdi. Məyusluqla yanaşı, bu hadisə xeyli suallar da ortaya çıxardı. Həmin şəxslər hərbi xidmətdə olarkən əsir düşüblər, əsirlikdən qayıtdıqdan sonra xidmətə davam etməli deyillərmi? Əsirlikdən qaytarılan şəxslər zəruri filtrasiya tədbirlərindən keçməli deyildimi? Yaxud, onların sosial şəbəkələrdə göstərdikləri şouya ordu rəhbərliyi, müvafiq dövlət qurumları niyə reaksiya vermir? Axı bu hərəkətlər ordunun nüfuzuna, toplumun hərbçiyə münasibətində ciddi problemlər yarada bilər. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən aldığımız açıqlamadan bəlli olur ki, həmin şəxslərin hərbi xidmət müddəti artıq bitmiş sayılır. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov old.pressklub.az-a açıqlamasında deyib ki, hərbi qulluqçu əsir düşdükdə həmin müddət ərzində onun həqiqi hərbi xidməti dondurulmur: “Müddətli həqiqi hərbi xidməti onun əsirlikdə olduğu müddətə daxildir”. 

Açıqlamadan aydın olur ki, əsirlikdən qayıtmış gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsuliyyətindən çıxıb, hərbi xidməti başa vurduqları üçün artıq sərbəst mülki şəxslərdir. Bu halda da başqa məqam ortaya çıxır. Onların verdiyi açıqlamalar, danışdıqları hadisələr orduya, hərbi xidmətə, xüsusilə Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanla münasibətlər barədədir. Bu mövzu müəyyən dərəcədə nəzarətə götürülməli, ən azı konkret epizodlar barədə danışmamaq barədə onlara xəbərdarlıq edilməli deyildimi?

“Əsir və girovlarla bağlı mütləq şəkildə filtrasiya tədbirləri həyata keçirilməlidir”. 

Bu sözləri millət vəkili Arzu Nağıyev old.pressklub.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, filtrasiya prosesi həm əsir və ya girovluqdan qayıdan şəxslərin öz sağlamlıqları ilə bağlı, həm yoluxucu xəstəliklərə qəsdən yoluxdurulma ehtimalı ilə bağlı, həm də cəmiyyətə psixoloji inteqrasiyası üçün keçirilməsi vacib olan bir prosesdir. Ona görə də əsirlikdən qayıdan şəxslər cəmiyyətdən bir müddət təcrid olunmalı və həkim nəzarətində qalmalıdırlar. Bu, ilk növbədə onların özləri və yaxın ətrafları, ailə üzvləri üçün də çox mühüm əhəmiyyət kəsb edən amildir.

“Filtrasiya tədbirləri tək sağlamlıqla bağlı deyil, eyni zamanda aidiyyatı orqanların əməkdaşlarının keçirdiyi sorğu nəticəsində onların özlərinin bir-biri ilə olan münasibətləri, digər əsir və girovlar haqqında mümkün məlumatların toplanması və ya qarşı tərəfin xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmamasının aydınlaşdırılması üçün keçirilir. Bunlar mütləq məsələlərdir. Təcrübə göstərir ki, həmin şəxslərlə bağlı xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları çox vacib məlumatlar toplaya bilirlər.”

Müsahibimiz deyir ki, qaytarılan əsirlərin sosial şəbəkələrdə çıxıb müəyyən məsələləri danışması, müzakirə etməsi onların savadsızlığından və səriştəsizliyindən ortaya çıxan məsələdir. Unutmaq lazım deyil ki, həmin şəbəkələrdə bu və ya digər adlarla düşmən də fəaliyyət göstərir. Digər tərəfdən, onları bu problemləri danışmağa təhrik edən və onların hesabına hansısa reytinq qazanmaq istəyən kütləvi informasiya vasitələrindən də çox şey asılıdır. 

Deputat bildirir ki, əsirlərin onlara verilən işgəncə metodları və digər bu kimi problemləri cəmiyyətə açıqlamaları da düzgün deyil: “Kimsə bundan özü üçün divident qazanır, amma bu, gələcəkdə ciddi fəsadlara gətirib çıxara bilər. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən çox ciddi humanist addım atıldı. Etmədikləri cinayətlərə görə belə ermənilər tərəfindən ən ağır cinayətdə ittiham olunan, ömürlük həbs cəzasına məhkum olunmuş hərbçilərin qaytarılmasına nail olduq. Onların əvəzində isə 32 nəfər ciddi cinayəti olmayan və ya cinayətinin çox hissəsini çəkmiş erməni hərbçiləri təhvil verildi. Bu addım Ali Baş Komandanın hər bir vətəndaşının, əsgərinin, zabitinin yanında oduğunu bir daha təsdiqlədi”.

Arzu Nağıyev sonda bildirdi ki, hərbi sirlə bağlı, ordunun nüfuzuna xələl gətirəcək, döyüş qabiliyyətinə mənfi təsir göstərəcək hər hansı bir addım atılarsa, xəbərlər yayılarsa, kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb oluna bilər.

Eyni zamanda, həm bu şəxslərin özlərindən kiminsə istifadə etməsinin qarşısının alınması və bizə daimi ikili standartla yanaşan dairələr tərəfindən qərəzli açıqlamalar verilməsin deyə diqqətli olmalı, təxribat xarakterli məlumatlar fərdi şəkildə araşdırılmalı, hüquqi müstəvidə qiymətləndirilməlidir.

“Əsrlərin dəyişdirilməsi çox təqdirəlayiq və humanist haldır”.

Bu sözləri isə hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli saytımıza açıqlamasında bildirib.

Müsahibimiz deyir ki, bu addım dövlətin öz vətəndaşına nə qədər dəyər verdiyinin göstəricisidir. Əlavə edir ki, bu iş bəlli proseduralar qorunmaqla həyata keçirilməlidir: “Müvafiq müəssisələrdə hər şey ölçülür, biçilir, təhlil olunur. Həmin şəxslər xüsusi nəzarətdən keçməmiş cəmiyyətə buraxılmır. Həmin şəxslərin hansı dövlətdə əsir saxlanıldığı da məlumdur. Dövlət orqanları bu prosesi yaxından izləyir və nəzarətdə saxlayır. Necə ki, vətəndaşı əsir düşəndə onun azadlığı üçün lazım olan addımları atır, amma bunu cəmiyyətə bildirmir. Bu, yalnız azad ediləndən sonra bilinir. Biz bunu Ramil Səfərovun işində və digər proseslərdə də gördük. Cəmiyyət elə bilirdi ki, sanki həmin əsirlərlə maraqlanan yoxdur”.

Emin Həsənli də hesab edir ki, əsirlikdən qayıdan şəxslərin sosial şəbəkələrdə çıxıb, əsirlik həyatı barədə, doğruluğuna əmin olmadığımız məsələləri danışması doğru deyil. “Bunu düzgün hesab etmirik. Bir dəfə cəmiyyətə bununla bağlı informasiya vermək yetərlidir. Ailələrin onları qarşılaması isə başadüşüləndir. Ailə uzun müddətdir ki səbirlə, gərgin bir şəraitdə gözləyir. Amma bəzi şəxslər özlərini reklam etmək üçün o ailələri ziyarət edir və şou yardırlar. Əsir məsələsi üzərindən öz təbliğatlarını aparırlar. Burada müxtəlif maraqlar var. Onlar özlərinin izləyici kütləsini artırmaq barədə düşünürlər”.

Ekspert bildirir ki, həmin gənclər hansısa bir tapşırıq yerinə yetirməyib, onlara kəşfiyyat məqsədilə, yaxud hansısa müstəsna tapşırıq verilməyib: “Düşmən bunu elə təqdim etməyə çalışırdı ki, sanki bu gənclər qəhrəmanlıq edib, hansısa döyüş tapşırığını yerinə yetirərkən əsir götürülüblər. Ancaq onların elə müstəsna bir qəhrəmanlığı olmayıb ki, onları bu cür təbliğ edirlər. Ailələri başa düşürəm, ancaq sosial media yalnız öz marağına görə bu məsələni lazım olmayan istiqamətə yönəltdi. Buna da son qoyulmalıdır”. 

Rəsmi instansiyaları təmsil edən, yaxud ictimai sferada bu məsələlərlə məşğul olan ciddi ekspertlər bu vəziyyəti yersiz, lazımsız, hətta zərərli hesab edirlər. Lakin proses davam edir. Əsirlik əziyyətlərini görmüş, əsassız da olsa məhkəmə qərarı ilə həbs cəzası almış, lakin qəflətən Vətənə dönmək imkanı qazanmış iki gəncimiz ordu və müdafiə sahəsindən çox-çox uzaq olan şəxslərin və dairələrin təhriki, qızışdırması ilə həm özünü gözdən salır, həm də ordunun nüfuzuna xələl gətirən addımlar atırlar...  

Mədinə Useynova