Logo
news content
User
Kateqoriyalar

Analitika

Əsgərlər unudulanda ölürlər
350 naməlum igidin müstəqillik uğrunda Rusiya ordusu ilə son döyüşü

Arif Əliyev

“Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldi. Onlar şəhəri mühasirəyə aldılar və…” (“Əli və Nino”)

28 aprel təqvimimizdə bir qara gündür ki, 70 il onu qırmızı rəngə boyayıb bayram etmişik. Hələ indi də bu tarixlə bağlı bilmədiyimiz məqamlar və az-çox xəbərdar olduğumuz, amma yetərincə dəyər vermədiyimiz məsələlər var.

Onlardan biri varisi olduğumuz ilk Azərbaycan Respublikasının müstəqilliyi uğrunda son döyüşdən sonra özləri də, izləri də itirilmiş qəhrəman zabit və əsgərlərimizin xatirəsinə biganəlikdir.

28 aprel 1920-ci ildə cəmi 23 ay ömür sürmüş Azərbaycanın Xalq Cümhuriyyəti şimal qonşusunun təcavüzünə məruz qaldı. Bolşevik Rusiyası nəinki beynəlxalq aləmdə tanınmış gənc respublikanın müstəqilliyinə son qoydu, həm də bu işğalı “xilas” kimi qələmə verməklə həqiqəti saxtalaşdırdı. “Tarixi qaliblər yazır”, deyirlər. Qalib imperiyanın yazdığı tarixdə rus ordusunun bura zorla deyil, məzlum xalqın xahiş və dəvəti ilə gəldiyi təsbit edildi. Mütləq şəkildə bildirildi ki, bizə azadlıq gətirən rus qoşunları Samurdan Bakıya qədər müqavimət görməyiblər, gül-çiçəklə qarşılanıblar, hər yerdə müsavat əsgərləri özləri onların tərəfinə keçib, ya könüllü əsir düşüblər.

Ancaq 72 minlik XI Qırmızı Ordunun zərbə qüvvəsi ilə Yalama qarnizonunun 350 əsgəri arasında sərhəddə baş vermiş ağır döyüşün təfərrüatları üzə çıxanda bu əfsanə birdəfəlik dağıldı. Mən həmin döyüş barədə avropalılardan, amerikalılardan kimin yanında danışıramsa, “inanılmazdır”, deyirlər: inanılmazdır ki, hansısa xalqın tarixində belə şanlı səhifə olsun, bir əsr gizli saxlanılsın, məlum olanda da əks-sədası eşidilməsin. Spartanı, Alamonu misal gətirirlər...

“Qırmızı şeytan”ların planı 

1920-ci ilin martin 17-də, Denikinçiləri Cənuba doğru sıxışdıran Qırmızı ordu hələ Rusiyanın sərhədlərinə çatmamış, sovet lideri Lenin Qafqaz Cəbhəsinin komandanlığına teleqramda əsas hədəfi göstərdi: “Bakını götürmək bizim üçün əlahiddə, əlahiddə dərəcədə vacibdir. Bütün səylərinizi buna yönəldin”

Göstərişin həyata keçirilməsi üçün sonralar Mərkəzi və Şərqi Avropanın, Ön və Orta Asiyanın başqa ölkələrində də tətbiq ediləcək sovet işğal planı hazırlandı. Həmin plana görə, Azərbaycanda mərkəzi hakimiyyət orqanları iflic vəziyyətinə salınmalı, ordunun başı iç savaşa qatılmalı, paytaxtda dövlət çevrilişinə hazırlaşan qüvvələr hərəkətə gətirilməli, ADR-in müttəfiqləri diplomatik hiylələrlə neytrallaşdırılmalı, ardınca böyük say və texniki üstünlüyə malik rus qoşununun sürətli həmləsi ilə Bakı və onun neft mədənləri ələ keçirilməli idi. Yubanmadan planın icrasına başlandı. 

Martın axırında Bakıda solçular koalision hökumətdən çıxdıqlarını elan etdilər, siyasi böhran yarandı. Aprelin 1-dən istefaya getmiş hökumətin əvəzinə yenisini təşkil etmək missiyası əvvəlki daxili işlər naziri Hacınskiyə tapşırıldı. Gizlicə kommunistlərlə əlaqə qurmuş Hacınski danışıqları xeyli uzatdıqdan sonra aprelin 22-də tapşırığın öhdəsindən gələ bilməyəcəyini dedi. Parlament, faktiki olaraq, seytnot vəziyyətinə düşdü. Dərin idarəçilik böhranı şəraitində Şimaldan gələn təhlükənin qarşısını almaq üçün qüvvələri səfərbər etmək cəhdləri boşa çıxdı.

Digər tərəfdən, Türkiyə Böyük Millət Məclisi və Qurtuluş Savaşının lideri Mustafa Kamal Qazi XI Qırmızı ordunun qarşısını kəsməməyi, “ingilis hücumlarından müdafiəni gücləndirməyə tələsən rus qoşunlarını Türkiyənin sərhədinə buraxmağı” israrla Azərbaycandan tələb edirdi. Mustafa Kamalın nümayəndələri, xüsusilə Qafqaz İslam Ordusunun qurucularından biri, 1918-ci ildə Bakının azad edilməsində mühüm rol oynamış Xəlil paşa rusların paytaxta girməyəcəyinə şəxsən zəmanət verirdi. Türk zabitləri solçularla birləşərək, Qırmızı orduya mane olmaq istəyənləri “türk və müsəlman birliyinə xəyanətdə” suçlayır, Musavat liderləri əleyhinə təbliğat aparırdılar. Azərbaycanın digər hərbi müttəfiqi – Gürcüstan da öz hayında idi: gürcülər Moskvaya ilk növbədə məhz Bakı lazım olduğunu başa düşərək, sovet Rusiyası ilə separat danışıqlara getmişdilər. Gürcüstanın neytral qalacağı təqdirdə bolşeviklər ona toxunmayacaqlarını, neft payını kəsməyəcəklərini vəd etmişdilər. 

Azərbaycanın isə hər tərəfdən təkbaşına müdafiə olunmağa hərbi qüdrəti çatmırdı, 26 minlik ordunun 20 mini Qarabağda kilidlənmişdi. Novruz bayramı gecəsi ermənilərin qaldırdığı üsyan təzəcə yatırılmışdı, amma hər an yenidən alovlana bilərdi. Qazaxda Ermənistanın həmlələrindən, Bakıda dövlət çevrilişinə hazırlaşan yerli kommunistlərin təhdidlərindən də qorunmaq lazım gəlirdi. Bütün Şimal sərhədlərimizi böyük məsafədə vur-tut 3000-dək əsgər gözətləyirdi. Buna baxmayaraq, Bakı hələ ümidli idi. Rusiya nəinki Azərbaycana hücum niyyətini gizlədirdi, hətta iqtisadi-ticari əlaqələrə dair danışıqlara hazır olduğu barədə aprelin 17-də Bakıya teleqram göndərmişdi. Müsavat hökuməti danışıqlar üçün heyət tərtib edirdi. Qeyri-bərabər döyüş 

1920-ci il aprel ayının 27-si, saat 00.05 dəqiqədə XI Qırmızı Ordu, öndə “III İnternasional”, daha 3 zirehli qatar və 300 nəfərlik desant dəstəsi olmaqla, Samur çayı üzərindəki körpünü keçdi. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov, Həbib Cəbiyev, Baba Əliyev, digər partiya işçiləri də rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirdilər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə özlərini itirdilər. Axı cəmi bir neçə saat əvvəl onlar həmin bu körpüdə indi üstlərinə gələn rus zabitləri və əsgərləri ilə qol-boyun rəqs edir, dostluqdan danışırdılar. “III İnternasional”ın meydançasından çaş-baş qalmış azərbaycanlı döyüşçüləri seyr edən rus komandiri Yefremov istehza ilə güldü: “Nədir, bunlar bizi sərxoş hesab edirlər?” Yüngül artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq çətin olmadı. Qatarlar işıqlarını söndürüb asta sürətlə Yalamaya üz tutdu. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirdilər. Ancaq meşədə gizlənmiş atlı patrullar Yalama qarnizonunun komandiri, Quba alayının zabiti Ağaəli Babazadəyə təcavüz barədə xəbər çatdıra bilmişdilər. Babazadənin sərəncamında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, süvari eskadronu və kiçik jandarm dəstəsi var idi. Ağır gəmi toplarına qədər hər cür silahla təchiz olunmuş 4 zirehli qatarda isə bundan xeyli artıq rus əsgəri, arxasınca böyük bir qoşun gəlirdi. Qüvvələr həddən artıq qeyri-bərabər idi. Yalamanın müdafiəçiləri seçim qarşısında qalmışdılar: geri çəkilmək, ya da düşmənlə döyüşə girib onu, heç olmasa, bir neçə saatlığına stansiyada ləngitmək. Bu müddətdə kömək yetişəcəyinə ümid bəsləmək yersizdi: ordu hissələri çox uzaqda – Qarabağda cəmlənmişdi. Bakıda isə nə etmək lazım gəldiyini rəhbərlik özü qərarlaşdıra bilmirdi. Əvvəlcə relslərin bir hissəsini sökdürmüşdülər ki, ruslar qəflətən hücuma keçsələr, dəmiryolu ilə irəliləməsinlər. Sonra relsləri qaytarıb yerinə düzdürdülər. Deyilənlərə görə, bunu da Xəlil paşa etdirmişdi. Xəbər tutan kimi, müdafiə nazirliyinə qaçmışdı ki, “siz nə yapırsınız, bəs Qırmızı Ordu Anadoluya, Türkiyənin köməyinə necə gedəcək?” Yalamanın müdafiəçiləri başa düşürlər ki, rusların qarşısını kəsməyə cəhd göstərsələr, bu, onların son döyüşü olacaq. Ancaq Vətən təəssübü, əsgər şərəfi həyat eşqinə üstün gəldi. İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verdi. Yalama müdafiəçiləri boş yolda dayanmış parovozu sürətləndirib, zirehli qatarlara qarşı göndərdilər. Məqsəd qəza törədib, gələn qatarların önünü kəsmək idi. Lakin “III İnternasional” uzaqdan iki sərrast top atəşi ilə parovozun buxar qazanını partlatdı, sonra onu qabağına qatıb, itələyə-itələyə ehtiyat yola keçirdi. 

Ağır döyüş başlandı. Zirehli qatarlardan fuqas mərmilərlə topçularımızın mövqeləri, pulemyot dzotları dağıdıldı. Şrapnel mərmilər piyada və süvarilərimizi qatarlara yaxınlaşmağı qoymadı. İki saatlıq atışmadan sonra müqavimətin söndüyünü görən rus desantçıları, nəhayət, zirehli maşınlardan düşüb hücuma keçdilər. Amma bu da onları döyüşü itki ilə başa vurmaqdan xilas edə bilmədi. Ruslar Yalamada ölən və yaralananlarla 14 nəfər itirdilər. XI Qırmızı ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin əcəlini burada tapdı. Əsgərlər vurulanda yox, unudulanda ölürlər

Zirehli qatarlar qrupunun hərbi komissar müavini P.Druqanovun xatirələrində rus komandiri Nemıkinin ölümündən sonra “Qırmızı Bayraq” ordeni ilə təltif olunduğu və Bakıya aparılaraq təntənə ilə dəfn edildiyi deyilir.

Bəs həmin döyüşdə qəhrəmancasına həlak olmuş Azərbaycan əsgərlərinin meyitləri necə oldu? Onların da məzarlığı varmı? 

XX əsrin əvvəllərində balaca stansiyaya sığınmış Yalama kəndi beş-on ailədən ibarət idi. Ailələr stansiyada işləməyin, əvvəlcə Rusiya, sonra isə Azərbaycan ordusunun buradakı qarnizonunun əsgərləri ilə alver hesabına dolanır, uşaqlarını böyüdür, cavanlarını evləndirir, qocaları öləndə stansiyadan bir neçə yüz metr aralı qəbiristanlıqda basırırdılar...

İndi Yalama böyük qəsəbəyə çevrilib. Qarnizon yoxdur. Kazarmalarda mülki adamlar yaşayırlar, onları təmir edib, içinə giriblər. Ancaq stansiya ilə köhnə qəbiristanlıq arasındakı düzənlik qəsəbənin ortasında əvvəlkitək boş durur.

Kazarma-mənzillərdə məskunlaşanlar arasında buranın ilk sakinlərinin nəvə-nəticələri var. Onlar nənə-babalarından eşitdiklərini danışırlar, deyirlər ki, bu hadisə 1920-ci ilin yazında, bolşeviklər Azərbaycana gələndə baş verib: səhər evlərindən çıxan insanlar düzənlikdə bir-birindən aralı yastı təpəciklər peyda olduğunu görüblər. Hər təpəciyin üstünə bir iri çay daşı qoyulubmuş. Azərbaycan əsgərlərinin yerinə gəlmiş rus soldatları gündüzlər heç kimi həmin əraziyə buraxmırlarmış. Gecələrsə oralarda sahibsiz yəhərli atlar dolaşırmış.

Kəndin yaşlıları övladlarına bu qəribə təpəciklər haqqında başqa heç nə danışmırlarmış: ya bilmirlərmiş, ya nədənsə qorxurlarmış. Ancaq heç kim onlara toxunmurmuş – ölüsünü bu tərəfdə basdırmır, əkin əkmir, qoyun otarmırmış. Vaxtaşırı yıxılan çay daşlarını qaldırır, yan-yörəsini otdan təmizləyirlərmiş. Ənənə nəsildən-nəslə ötürülürmüş.

Ətraf kəndləri birləşdirən qabaqcıl kolxozun sədri Xaləddin kişi 1960-ci illərin ortalarında birdən-birə qəsəbənin içindəki bu bir hektarlıq sahəyə göz dikir: bostan əkib qarpız yetişdirmək istəyir. Yalamalılar etiraz edirlər. Amma hər şeydə camaatla hesablaşan kolxoz sədri bu məsələdə inad göstərir, düzənliyə traktor salıb şumlatdırır. Təpəciklərdən çıxan sür-sümüyü yığışdırıb, harasa aparır. 

Deyilənlərə görə, bu sahədə bitən qarpızlar sifətləri əzabdan əyilmiş insan başlarına oxşayırmış. Heç kim qorxudan bura məhsul yığımına gəlmirmiş. Bostan qəflətən salındığı kimi, tez də ləğv olunub...

Qəsəbənin ətrafındakı genişliklərdə torpaqmı qəhət idi ki, təcrübəli təsərrüfatçı stansiyanın yanında bu bir hektarlıq yerdə qarpız yetişdirmək həvəsinə düşübmüş? Kolxoz sədrini qəbiristanlığa traktor salmağa, yarım əsr toxunulmaz qalmış sirli təpəciklərin altını-üstünə çevirməyə kim və nə məcbur edibmiş?

Suallarımızı Xaləddin kişinin özünə ünvanlaya bilməyəcəyik: keçmiş sədr ömrünü çoxdan və olduqca faciəvi surətdə başa vurub. Ancaq onun şahidliyinə elə də ehtiyacımız qalmayıb: əldə olan bəzi sənədlər, məntiqi təhlil və hətta Yalama sakinlərinin danışdıqları zirehli qatarlarla iki saatlıq qeyri-bərabər döyüşdə məhv edilmiş qarnizon əsgərlərinin məhz burada basdırıldığını təsdiqləyir. 

Qırmızılar güllələrin, qəlpələrin didib-dağıtdığı yüzlərlə meyiti uzağa daşıya bilməzdilər. Buna nə vaxt, nə imkan var idi. Onlardan tez yaxa qurtarmaq gərəkdi: axı bolşeviklər müqavimətsiz irəlilədiklərini bəyan etməli idilər. Meyitləri gizlətmək üçün ən əlverişli yer isə elə əsgərlərinin öldürüldüyü sahə – köhnə qəbiristanlığın böyründəki düzənlikdə qazılmış səngərlər ola bilərdi. 

 İndi də hücum sxeminə baxaq. Onu Qırmızı Ordunun komissarlığı işğal başa çatandan dərhal sonra tərtib edib. Sxemdə Yalama müdafiəçilərinin qurduqları sədlər, qazdıqları səngərlər göstərilib. Dairəyə alınmış “dişli” xətt — müdafiənin ikinci, stansiyaya yaxın düzənlikdə qurulmuş son səddidir, yanında isə başqa heç yerdə rast gəlmədiyimiz bir işarə qoyulub. İşarə hər hansı topoqrafik anlam, hərbi əhəmiyyət kəsb etmir və ilk baxışdan tamamilə mənasız görünür. Ancaq böyüdüləndə, onun qəbirüstü abidə şəkli olduğu bilinir. Bütün ehtimallara görə, həmin işarənin arxasında Yalama qəhrəmanlarının məzarlığı dayanır.

Çox güman ki, Xaləddin kişi də camaatla üz-göz olub məzarlığı öz xoşuna dağıtmayıbmış. Kimsə axırıncı izləri itirirmiş. Təsadüfi deyil ki, məhz 60-cı illər Rusiyanın Azərbaycanı necə – könüllü olaraq, yoxsa zorla – sovetləşdirildiyi barədə mübahisələrin üzə çıxdığı, hətta qismən elmi dairələrə yol tapdığı illər olub. Yalama qəhrəmanlarına sərhəddə abidə ucaltmaq təklifinin müəllifi akademik Ziya Bünyadov da “birləşmənin” könüllü olmadığını hələ o vaxtlar söyləyib…

 Amma tarixdə izlər nə qədər dərin gizlədilsələr də, itmirlər… Yalamalılar təpəciklərin üstündəki çay daşlarını toplayıb indiyədək saxlayırlar, yerini qoruyurlar. Yox olan yalnız bir vaxtlar gecələr buralara yığışan sahibsiz yəhərli atlardır…

Yalama – Alamo: adlar oxşar, talelər fərqli Texas ştatında füsunkar San-Antonio şəhərinin yaxınlığında, çöllü-biyabanın ortasında Alamo adlanan bir qala var. Alamo ABŞ-ın azadlıq və müstəqillik simvollarından sayılır. 1836-cı il mart ayının 6-da burada Texasın müstəqilliyini müdafiə edən təxminən 260 nəfərlik kiçik dəstə ilə sayca onqat artıq Meksika qoşunu arasında döyüş olub. Bir saatdan

çox davam edən döyüşdə qala müdafiəçilərindən yalnız üç nəfər sağ qalıb. Növbəti yüz ildə isə texaslılar həmin saatı saniyəbəsaniyə bərpa ediblər, qarnizonun bütün əsgərlərinin adlarını üzə  çıxarıb, əbədiləşdiriblər. Alamo hekayəti bir çox dərsliklərə salınıb, onun haqqında sənədli və bədii əsərlər, filmlər yaradılıb, rəsmlər çəkilib, mahnılar bəstələnib, hətta döyüşün yüzilliyi şərəfinə sikkə də kəsilib. Ştatın 13 vilayətinə Alamonun müdafiəçilərinin adı verilib. Qalanın yaxınlığında memorial ucaldılıb, kilsəsi məbəd elan olunub, «Texas Respublikasının Qızları» onun daimi himayədarları təyin edilib. Amerikalılar ştatın qonaqlarını mütləq bu yerə aparıb ulu babalarının şücaətindən ağızdolusu danışırlar, onlara qalanın açıqcalarını, şanlı tarixini əks etdirən suvenirlər bağışlayırlar. İyirmi beş il əvvəl mən də Alamoda bələdçinin hekayətlərinə qulaq asa-asa, bu boyda qəhrəmanlığın belə balaca divarlar arasına necə sığdığına təəccüblənirdim. Eyni zamanda ətrafıma yığışıb gözlərində parıltı bələdçinin hər sözünü udan məktəbli uşaqlara həsəd aparırdım. Bəs biz uşaqlarımızı öz Alamomuza – Yalamamıza aparmaq istəsək, onlara nə göstərə biləcəyik?