Logo
news content
User
Kateqoriyalar

Analitika

“Əsas məsələ qırmızı, zəhərli zonaya düşməməkdir”
Müharibə döyüş meydanında deyil, diplomatiya, informasiya cəbhəsində davam edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfər zamanı litvalı həmkarı Qabrielius Landsberqislə keçirdiyi mətbuat konfransında Azərbaycanı sülh müqaviləsini imzalamaq istəməməkdə ittiham edib.

İrəvan sülh sazişinin bağlanması üzrə danışıqları başa çatdırmağı vacib hesab edir və öz növbəsində bir ay ərzində müqaviləni imzalamağa hazırdır.

Biz Azərbaycan tərəfinə çox konstruktiv təkliflər göndərmişik. Ermənistan, təklif etdiyi kimi, yaxın bir ay ərzində danışıqları yekunlaşdırıb saziş bağlamağa hazırdır.

Bakı, hələ də cavab verməməsi bir yana, hətta yeni tələblər də irəli sürür. Bu da ən azı Azərbaycanın səmimiliyi və regionda sülhə nail olmaq istəməsi ilə bağlı suallar yaradır”, - Mirzoyan bildirib.

Mirzoyanın iddiası nə dərəcədə həqiqətə uyğundur? Rəsmi Bakının Ermənistanla yekun sülh sazişinin imzalanması prosesini ləngitməsi doğrudurmu? Əgər doğrudursa, Bakı niyə bunu edir? Bu, Cənubi Qafqazı parçalanmış və münaqişəli region kimi görmək istəyən Moskvanın istəklərinə cavab verirmi? Yoxsa Mirzoyan baş verənlərin real mənzərəsini təhrif edir?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze Pressklub.az-a açıqlamasında bu barədə danışıb.

Azərbaycanın 2020-ci ilin noyabrından başlayaraq bu münaqişədə atdığı addımları bir düsturla ifadə etmək olar - öz hərbi üstünlüyünə və digər oyunçuların xarici siyasətdəki zəif cəhətlərinə əsaslanaraq maraqlarını maksimum dərəcədə reallaşdırmaq. Hazırda Moskvanın belə zəif tərəfləri digərlərindən daha çoxdur və Bakının bundan istifadə etməməsi qəribə olardı”, - deyə politoloq qeyd edib.

Bakının bu oyunda nə qədər irəli gedə biləcəyi və bu oyunun nə qədər təhlükəli ola biləcəyi başqa sualdır.

Ermənistanla bağlı hər şey aydındır: o, bir tərəfdən Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyini yerinə yetirir, digər tərəfdən çox yaxşı məlum olan üsulla oynayır - vəziyyəti əvvəlcə gərginləşdirərək, Moskva ilə münasibətlərdəki gərginliyi azaltmağa və bununla da Bakı ilə Moskvanın yaxınlaşmasına mane olmaqla öz təhlükəsizlik sistemini dəyişməyə çalışır.

Ermənistanla Azərbaycan arasında müharibə döyüş meydanında deyil, diplomatik və informasiya cəbhəsində davam edir. Və burada qlobal siyasətin ümumi kontekstini nəzərə almalıyıq. Dünya düşərgələrə bölünüb və bu göz qabağındadır. Aydındır ki, dünyanın əksər ölkələri böyük münaqişə zamanı boz zonada olacaq. Lakin hər bir konkret ölkə bu və ya digər şəkildə müəyyən mərkəzə yaxınlaşacaq.

Beləliklə, bu gün Azərbaycan diplomatiyasının vəzifəsi Moskvanın zəif cəhətlərindən maksimum yararlanmaq və eyni zamanda qırmızı, zəhərli zonaya düşməməkdən ibarətdir. Erməni diplomatiyasının vəzifəsi isə Qərbdəki gücləri Azərbaycanın təbii səbəblərdən artıq bu zonada olduğuna inandırmaqdır. Bu məsələdə erməni diplomatiyasına kifayət qədər ciddi lobbi kömək edir. Beləliklə, müharibə davam edir və Mirzoyanın bəyanatı məhz bu müharibənin bir hissəsidir”, - Vasadze hesab edir.

Rauf Orucov