Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanın üçüncü tərəfi müharibəyə qoşmaq arzusu

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur. Məqsəd Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaqdır.

Nazirlik bildirir ki, qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Bu, müharibə başlayandan Ermənistanın üçüncü tərəfi cəlb etmək üçün həyata keçirdiyi davamlı cəhdlərdən biridir. Bundan əvvəl də Ermənistanın Gorus, Berd, Cermux, Qafan rayonlarından Azərbaycanın Gəncə, Mingəçevir şəhərləri, Xızı, Qəbələ, Siyəzən rayonları raket atəşinə tutulub. Nəticədə çoxlu sayda insan həlak olub, infrastruktura ciddi zərər dəyib. Hətta Zəngilandakı erməni mövqelərindən Naxçıvanın Ordubad rayonuna da raket atılıb – guman ki, Azərbaycanla birlikdə Türkiyəni də qıcıqlandırıb, əks zərbələrə təhrik etmək üçün.

Əksər ekspertlər Müdafiə Nazirliyinin mövqeyini bölüşürlər: düşmən üçüncü tərəfi - konkret olaraq Rusiyanı müharibəyə cəlb etmək istəyir. Ssenari belədir ki, Azərbaycan atəşin açıldığı yerlərə zərbələr endirir. Bu zaman Rusiyanın KTMT üzrə Ermənistanı müdafiə etmək üçün hüquqi əsasları yaranır və o, hərbi əməliyyatlara qoşulur. Bəs, bu hesablama reallığa nə qədər uyğundur? Belə şərait yaranarsa, Rusiya Ermənistana açıq hərbi dəstək verə bilərmi?

Bu sualın cavabını vermək üçün ötən günlərə nəzər salaq. Azərbaycan Müdafiə Nazirliyi Gəncənin ikinci dəfə ballistik raketlə vurulmasından sonra Ermənistandakı atəş nöqtələrinin məhv edildiyini açıqlayıb. Bunu təsdiq edən videokadrlar da nazirliyin saytında yayımlanıb. Məlumatda qeyd olunur ki, Ermənistana məxsus raket qurğuları şəxsi heyətlə birgə məhv edilib. Rusiyadan bu hadisəyə reaksiya gəlmədi...

Bu fakt təsdiq edir ki, Rusiyanın Ermənistan tərəfindən müharibəyə qoşulması hansısa bəhanədən asılı deyil. Bu, olduqca mürəkkəb, ciddi hesablamalar tələb edən, risklərlə dolu bir məsələdir. Rusiya rəhbərliyinin mövqeyindən də bəlli olur ki, Moskva münaqişəyə hərbi müdaxilə etmək niyyətində deyil. Bu mövqeni sonuncu dəfə prezident Vladmir Putin Valday konfransında açıqlayıb. "Azərbaycan torpaqları uzun müddət işğal altında qala bilməzdi" - deyə Putin bəyan edib.

İkincisi, Rusiya rəhbərliyi yaxşı başa düşür ki, sərhədlərində geniş müharibə onun milli təhlükəsizliyi üçün proqnozlaşdırılmayan risklər yarada bilər. Xüsusən, Türkiyənin Azərbaycanı birmənalı şəkildə müdafiə etməsi regionda uzunmüddətli müharibəyə səbəb ola bilər. Bu zaman Rusiyanın cənubunda yeni münaqişə ocaqlarının yaranmayacağına da heç kim təminat verə bilməz.

Türkiyə faktorunu ayrıca qeyd etmək lazımdır. İki ölkə arasındakı münasibətlər Ermənistandakı Rusiya maraqlarından daha əhəmiyyətsiz deyil. Putin də Valday konfransında Türkiyənin önəmini və tərəfdaşlıq münasibətlərini xüsusi qeyd edib. Deməli, Moskva və Ankara bir-birlərinin qırmızı xətlərini yaxşı bilirlər və onu tapdalamamağa çalışırlar. Azərbaycan da Türkiyənin qırmızı xətlərindən biridir, Rusiya həmişə bunu nəzərə almağa məcburdur.

Azərbaycanın özü də inkişafda olan, əlverişli coğrafi mövqeyi, təbii resursları ilə daha vacib ölkədir, son 30 ildə Rusiya ilə normal qonşuluq münasibətlərindən kənara çıxmayıb. İki ölkə arasında yaxşı siyasi, iqtisadi, humanitar əlaqələr var. Ermənistanın təhriki ilə ona qarşı cəbhə açmaq gülüncdür.

Əlbəttə, Rusiyanın Ermənistanda maraqları var, bu ölkənin çöküşünü istəmir, bu məqsədlə onu silahlandırır, beynəlxalq aləmdə mümkün qədər müdafiə edir. Amma dəstəyin limitinin bundan o tərəfə keçməsi Rusiyanın öz maraqlarına təhlükə yaradır. Ola bilsin, Rusiya bir müddət sonra münaqişəyə hansısa şəkildə müdaxilə etsin, hər iki tərəfə ciddi təzyiqlər göstərib, müharibənin dayanmasına çalışsın. Bu, situasiyanın necə inkişaf edəcəyinə bağlıdır.

Beləliklə, aydın olur ki, Azərbaycana qarşı bilavasitə Ermənistan ərazilərindən hücumların həyata keçirilməsi onların öz təşəbbüsüdür. İndiki halda bu cəhdlərin səmərə verməsi ağlabatan görünmür. Rusiya hələlik bəhanə axtarmır, lazım olsa, onu yaratmaq üçün zəngin təcrübəsinə müraciət edə bilər.

Turqut