Logo
news content
User
Kateqoriyalar

Analitika

“Ermənistanın şərtləri üzərində qurulan danışıqlar prosesi iflasa uğradı”

Azərbaycan Ordusunun cəbhədə əks-hücum əməliyyatlarına başlamasından bir ay ötdü. Bu müddətdə 4 rayon (Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı), 3 qəsəbə və 165 kənd, həmçinin Murovdağ da daxil olmaqla, bir sıra yüksəkliklər işğalçılardan təmizlənib.

Son bir ayda baş verənləri təhlil edən ekspertlər Azərbaycanın ciddi uğur qazandığı fikrində həmrəydir.

Hərbi ekspert Azad İsazadə sentyabrın 27-dən gedən döyüşləri 90-cı illərin əvvəllərindəki birinci Qarabağ müharibəsi ilə müqayisə edərək, arada kəskin fərq olduğunu bildirdi. Onun sözlərinə görə, budəfəki müharibə sürətinə görə də fərqlənir:

“Bir ay ərzində dörd rayon, bir-iki kəndini çıxmaq şərtilə, faktiki, tam geri alındı. İki rayonun da xeyli kəndləri azad olunub. Say və vaxt baxımından uğurlu qiymətləndirə bilərik. Sözsüz ki, hər şey biz istədiyimiz kimi olmadı. Amma ümumilikdə siyasi baxımdan böyük nailiyyətdir. Azərbaycan son 26 ildə ilk dəfədir ki, İranla sərhədi tam nəzarət altına götürdü. Hazırda Azərbaycanın qonşularından yalnız Ermənistanla sərhədin bir hissəsi nəzarət altında deyil. İstədiyimiz kimi getməyən məsələlərə gəlincə, məsələn, Ağdərəni tam nəzarət altına götürə bilməmişik. Xocavənd uğrunda əməliyyatlar davam edir. Bəzi istiqamətlərdə bizim əks hücumumuz istədiyimiz kimi getmədi”.

A.İsazadə hesab edir ki, uğurlara baxmayaraq, yenə də hisslərə qapılmamaq, proseslərə daha sakit yanaşmaq lazımdır. Onun sözlərinə görə, həddindən artıq tələskənlik uğursuzluğa gətirib çıxara bilər:

“Başa düşürük ki, düşmənin hələ gücü var, əks-hücuma da keçə bilər. İlk məqsədimiz azad etdiyimiz torpaqlarımızda mövqeyimizi möhkəmləndirmək olmalıdır. Qarşıdan qış gəlir. İşğal altında qalan ərazilər də əsasən dağlıq hissələrdir. Deməli, qışda dağlarda hücum etmək daha çətin olacaq. Üstəlik, xaricdən hansısa təsirlərə də məruz qala bilərik. Bunlara da hazır olmalıyıq”.

Ekspertin fikrincə, hətta işğal altındakı bütün ərazilər azad edilsə də, müharibə bitməyəcək. A.İsazadə hesab edir ki, ermənilər yenə müqavimət göstərəcək, müxtəlif təsir formalarından istifadə edəcək:

“İnformasiya və diplomatiya müharibəsi davam edəcək. Ermənilər terrora da əl ata bilər. Biz cəmiyyət, dövlət olaraq, yaxın on il ərzində ermənilərin cürbəcür təxribat və aqressiyasıyla qarşılaşmağa hazır olmalıyıq”.

Siyasi şərhçi Mehman Əliyev də son bir ayı Azərbaycan üçün uğurlu sayır. Onun fikrincə, bu müddətdə baş verənlər beynəlxalq müstəvidə ölkənin nüfuzu baxımından da ciddi hadisədir:

“Ermənistanın şərtləri üzərində qurulan danışıqlar prosesi artıq iflasa uğrayıb. Münaqişənin həlli yollarının formatı dəyişib. Əvvəlki müzakirələrdə rayonların statusunun dəyişdirilməsi müzakirə mövzusu idi, artıq deyil. Bütövlükdə vəziyyət bizim xeyrimizədir. Mövqeyimiz kifayət qədər güclüdür. Həm Ermənistanda gedən proseslər bunu göstərir, həm də beynəlxalq səviyyədə də bunu müşahidə edirik. Üstəlik, Azərbaycan xalqında özünə və gələcəyə inam xeyli artıb. Ölkənin və xalqın imici yüksəlib. Bu da vacib məsələdir. Bundan sonra beynəlxalq aləmdə də bizə başqa cür yanaşacaqlar, hörmət edəcəklər. Bu, çox ciddi nailiyyətdir. Hadisələri təhlil edərkən ölkədəki həmrəyliyi də mütləq qeyd etmək lazımdır. İqtidar, müxalifət, cəmiyyət həmrəylik nümayiş etdirir. Sosial şəbəkələrdə vaxtilə bir-biri ilə qırğında olanlar bu məsələdə eyni nöqtəyə vururlar. Bu da müsbət haldır”.

Gülər