Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanı batıran xilaskar

Müəllif: Seymur Həzi

Oktyabrın 21-də Avropada səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyanın görüşləri İrəvanda gözlənilən minimum nəticəni də vermədi. Ölkədə bu səfərə ciddi ümidlər bəslənilirdi.

Təbii ki, həmin ümidlər cəbhədə Azərbaycan Silahlı Qüvvələrinə qarşı mübarizədə dönüş yaratmağa hesablanmamışdı. Amma erməni cəmiyyətinin bir kəsimində düşünürdülər ki, diplomatik prosesə mümkün qədər tez başlamaqla sürətlənən daxili parçalanmanın qarşısı alınar və daha az itki ilə siyasi həll yoluna qədəm qoyular. Bu versiya siyasi hissiyatını itirməmiş kəsimin hələ ki boşa çıxan arzusudur. Başqa bir kəsim isə isterik qərarlar və açıqlamalarla hərbi yolun alternativsizliyini irəli sürməkdədir.

Birinci qanada Ermənistanın prezidenti və XİN rəhbəri daxildirsə, ikinci qrupda baş nazir Nikol Paşinyan və qondarma rejimin rəhbəri Araik Arutunyan var. Bu qarşıdurmanın, parçalanmaya aparan mövqe haçalanmasının arxasında hansı motivlər dayanır?

Uğursuz diplomatik cəhdlər

Armen Sarkisyanı qəbul edən Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib ki, tərəflər qeyd-şərtsiz atəşkəs rejiminə əməl etməli, danışıqlar masası arxasına oturmalıdırlar. Belə çağırış özündə heç bir konkret mexanizm ehtiva etmir. Üstəlik bu, AB-nın əlində sülh planı ilə ortaya çıxmasından doğan bəyanat deyil, kömək istəyən tərəfi, yumşaq ifadə etsək, başından eləmək üçün seçilmiş uğurlu ifadədir. Bəs, atəşkəsi kim təmin edəcək, tərəfləri masa arxasında kim əyləşdirəcək? Konkret heç nə deyilməyib. Yəni, Şarl Mişel Ermənistan prezidenti Sarkisyanın gözləntilərini doğrultmayıb, üstəlik, çox mücərrəd cavabı ilə demək istəyib ki, bizdən konkret heç nə gözləməyin.

NATO rəhbəri Stoltenberq isə təşkilatın bu münaqişədə tərəf olmadığını bildirib. Yəni, “bizdən fəal heç nə gözləmək lazım deyil” mesajı verib. Moskva razılaşmasının və görüşlərinin praktiki nəticə verməməsi isə Ermənistan üçün daha çətin vəziyyət yaradıb: İrəvan özünün istədiyi atəşkəsin məhz özü tərəfindən qorunmasına ya nəzarət edə bilmir, ya da heç buna səy göstərmir. Yəni, Ermənistanda artıq vahid siyasi iradə və mərkəz yoxdur.

Sarkisyan niyə atəşkəs istəyir?

Reallıq hissi üstündə olan siaysi qanad görür ki, bu vəziyyət təkcə Azərbaycanın öz ərazilərini azad etməsi ilə nəticələnməyəcək, həm də Ermənistanda böyük sosial-demoqrafik kökləri olan siyasi böhran doğuracaq. O, hazırda prosesin dayanmasına, yaxud heç olmazsa səngiməsinə Ermənistanın yeganə xilas formulu kimi baxır. Əlbəttə, nəticədə Paşinyanın hakimiyyəti itirməsi riski var, amma  bu, Armen Sarkisyanı, hətta XİN rəhbərliyini narahat etmir. Onlar indiki vəziyyətdə Qarabağın əldə saxlanılmasından çox, Ermənistanın xilasını düşünürlər.  Bunun təsdiqini əks tərəfin ortaya atdığı şüardan da görmək olur.

Paşinyan nə deyir?

Hökumət rəhbəri “Artsax yoxdursa, Ermənistan da yoxdur” söyləyir. Bu fikri o, şübhəsiz ki, “Artsaxsız Ermənistan” tezisinə qarşı səsləndirir. Paşinyanın bunca maksimalist olmasının səbəbi nədir?

Görünür ki, baş nazir ona ümid edən, rifah istəyən əhalinin etimadını itirdiyini bilir. Paşinyanın hakimiyyətə gəlməsində rol oynayan mühüm məqam onun “müharibə elitası”na qarşı olması, xalqa rifah vəd etməsiydi. Ancaq indi o, qanlı savaşın mərkəzi fiquruna çevrilib və sülhü istisna edən bəyanatlar verir. Müharibəni alternativsiz yol sayır, bununla yanaşı, döyüşləri ard-arda, sürətlə uduzur. Baş nazirin bəyanatı dolayı yolla məğlubiyyətin anonsudur. Paşinyan siyasi partiya rəhbərləri ilə görüşdə də məsələni eyni tərzdə qoymaqla savaşın alternativsiz yol olduğuna dair ictimai dəstək almağa çalışır, bununla da qaçılmaz məğlubiyyətin məsuliyyətini cəmiyyətlə bölüşmək istəyir. Ən başlıcası isə o, bu məğlubiyyəti masa arxasında hansısa sənədə imza atmaqla yaşamaq, onun yükünün altına tək girmək istəmir. “Paşinyan verdi” əvəzinə, “azərbaycanlılar aldı”, “Paşinyan uduzdu” yerinə “Biz uduzduq” düşüncəsini formalaşdırmağa səy göstərir.

Bunun üçün Paşinyan öz ölkəsinin gəncliyini qurban verməyə də hazırdır. Baş nazir anlamır ki, batan gəminin içindədirsə, qəza məsuliyyətinin kimin ayağına yazılacağı artıq o qədər əhəmiyyətli deyil. Öz ölkəsini daha dərin faciəyə sürükləməmək üçün onun yeganə çıxış yolu tezliklə işğal faktını aradan qaldırmağa razılıq verməsidir.