Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanda “soyqırımı” davası
İqtidar və müxalifət deputatları yumruqlaşdı, keçmiş nazir isə Paşinyanı devirməyə çağırır

Aprelin 22-də Ermənistan Milli Assambleyasında baş verən hadisələr ölkə siyasətində artan daxili ziddiyyətləri bir daha üzə çıxarıb. Parlamentdə müxalif "Ermənistan" bloku ilə hakim "Vətəndaş Müqaviləsi" fraksiyası arasında yaranan gərginlik fiziki toqquşmaya qədər çatıb. Müzakirələr zamanı deputatlar Geqam Manukyan və Vahe Qalumyan arasında yumruqlaşma baş verib. Davaya digər deputatlar da qarışıb və nəticədə parlamentin sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tapşırıb. Sonradan zala hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olub.

Hadisənin səbəbi “Ermənistan” fraksiyasının təqdim etdiyi qanun layihəsi olub. Layihə qondarma “erməni soyqırımı”nın inkarını cinayət məsuliyyəti ilə cəzalandırmağı nəzərdə tutur. Müxalifət nümayəndələri bu təşəbbüsü Ermənistan hökumətinin “soyqırım” məsələsinə qarşı getdikcə soyuq münasibət göstərməsi ilə izah ediblər.

Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, qanun layihəsinin təqdimatı iqtidar nümayəndələri tərəfindən aqressiv qarşılanıb və parlamentdəki insident də bu səbəbdən baş verib. O, həmçinin parlament sədrini “təxribat yaratmaqda” günahlandırıb və iqtidarın “soyqırımı” mövzusunda qeyri-səmimi mövqedə olduğunu qeyd edib.

İqtidar nümayəndələri isə müxalifəti manipulyasiyada ittiham edərək, təqdim olunan qanun layihəsini “ikiüzlü” və siyasi məqsədli təşəbbüs kimi qiymətləndiriblər. Alen Simonyan bəyan edib ki, ictimaiyyət artıq müxalifətin bu tipli ritorikasına inanmır və onların yalanlarından bezib.

Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Vardan Oskanyan da açıqlama verib. O, Baş nazir Nikol Paşinyanı “erməni soyqırımı” məsələsində ziddiyyətli mövqe sərgiləməkdə və tarixi məsələni gözdən salmaqda ittiham edib. Oskanyan bu mövzunun ictimaiyyətə yanlış təqdim edilməsinin Ermənistanın milli maraqlarına zərər vurduğunu qeyd edib və Paşinyanın istefasını zəruri hesab etdiyini bildirib.

Keçmiş nazir iddia edir ki, Paşinyan ermənilərə “soyqırımı niyə baş verdi?” sualını verməyi tövsiyə etməklə, qurbanları məsuliyyətli göstərməyə çalışır və bu vasitə ilə tarixi təhrif edir: “Soyqırımı inkar etmək nə intellektual məşq, nə də diplomatik incəlik məsələsidir. Bu, zorakılıq aktıdır. Məqsəd təkcə həyatları deyil, həm də xatirələri, kimlikləri və həqiqətləri silməkdir. Bu səbəbdən bugünkü anım mərasimi hər zamankından daha vacibdir. Çünki biz bu gün ikiqat təhlükə ilə üz-üzəyik: xaricdən inkar və daxildən devalvasiya”.

Vardan Oskanyan sonda Paşinyanı Ermənistanı mənəvi, siyasi və hüquqi hüquqlardan məhrum etməkdə ittiham edib.

“Ədaləti bərpa etmək və milli dirçəlişi təmin etmək üçün Paşinyanın hakimiyyətdən getməsi zəruridir”, – deyə o vurğulayıb.

Baş nazir Nikol Paşinyan daha əvvəl ictimai çıxışlarında “erməni soyqırımı”nın yenidən araşdırılmasının və bu hadisələrin hansı səbəblərdən baş verdiyinin dərk edilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu mövzu artıq Ermənistanın xarici siyasətinin prioriteti deyil və hazırda əsas məqsəd Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıdır.

Paşinyan həmçinin Ermənistanın gələcəkdə bölgədə xarici müdaxilələrdən asılı olmadan yaşaya bilməsi üçün şərait yaradılmasının vacibliyini bildirib. 

O, qeyd edib ki, keçmişdə “erməni soyqırımı” məsələsi Ermənistanın xarici siyasətində təzyiq aləti kimi istifadə olunub və bu, ölkənin regional siyasətdə müstəqilliyini zəiflədib.

Paşinyan bu açıqlamasında Rusiyanın “erməni soyqırımı” iddialarından həm sovetlər zamanı, həm də müstəqillik dövründə Türkiyəyə qarşı istifadə etməsinə eyham vurub.

O, daha əvvəl də deyib ki, bu iddiaların geniş təbliğ olunması 1950-ci ildən-Türkiyənin NATO üzvlüyünə qəbul olunmasından sonraya təsadüf edir. Sovet imperiyası “erməni soyqrımını” ortaya atmaqla Türkiyəyə qarşı ərazi iddiaları formalaşdırmağa, onu təzyiq altında saxlamağa çalışıb. Ona görə də Ermənistanın bu avantüranı davam etdirməsi onun Azərbaycan və Türkiyə kimi regional güclərin qarşısında köməksiz vəziyyətdə qoyur.

Paşinyan İsveçrə erməni icması ilə görüşündə “erməni soyqırımı” ilə bağlı əvvəlki açıqlamasına da qısaca toxunaraq bildirib ki, bu hadisələrin niyə və kimlər vasitəsilə qavradığımızı anlamaq lazımdır.

Ermənistan parlamentində yaşanan son hadisələr bir daha göstərdi ki, “erməni soyqırımı” mövzusu ölkədə yalnız tarixi deyil, eyni zamanda siyasi və ideoloji qarşıdurmaların da əsas qaynaqlarından biridir. Bu qarşıdurmalar Ermənistanın daxili siyasi sabitliyinə, həmçinin regiondakı diplomatik münasibətlərinə təsir göstərməkdə davam edir.

 

Turqut