Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanda çevriliş, yoxsa... - Regionda nə baş verir?
Bölgədə vəziyyət son dərəcə gərginləşib, bütün qüvvələr hazır vəziyyətdə gözləyir...

Regionda yaranmış gərgin vəziyyət bir çox müşahidəçiləri narahat etməkdə davam edir. Məsələn, belə bir xəbər yayılıb ki, guya Azərbaycanın Ermənistanla sərhəddə hərbçilərini toplanması ilə bağlı xəbər yayılandan sonra Aİ-nin Ermənistandakı müşahidə missiyası bu ərazilərdə patrul fəaliyyətini artırıb. Müşahidəçilər bu məlumatı Brüsselə ötürüblər. Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter “Armenpress”ə bildirib.

“Azərbaycanın qüvvələrini toplaması ilə bağlı söz-söhbətlər, şayiələr yayılandan sonra biz sərhədin bu hissəsində müşahidəçilərimizin sayını artırdıq. Biz mütəmadi olaraq gördüklərimizi Brüsselə çatdırırdıq”, - Ritter deyib.

Ritterin sözlərinə görə, bundan əlavə, İcevanda Aİ missiyasının operativ ofisi açılıb və bu, müşahidəçilərə Tavuş vilayətinin sərhədyanı rayonlarında bütün gün ərzində patrul xidməti həyata keçirməyə imkan verəcək.

“Bu gün biz Tavuş bölgəsində patrul xidməti aparmaq üçün İcevanda ofis açdıq. Buna qədər burada patrul xidməti Martunidəki ofis vasitəsilə həyata keçirilirdi. İndi burada daimi bazamız olduğundan Azərbaycanla sərhəddə gecə-gündüz patrul xidməti həyata keçirə bilərik”, - o, deyib.

Markus Ritter həmçinin bu həftənin sonunda Yexeqnadzorda Aİ monitorinq missiyasının əsas qərargahının açılacağını açıqlayıb. “Bizim əsas qərargahımız bölünüb: biri Yexeqnadzorda, digəri İrəvanda. Beləliklə, cümə günündən etibarən bizim Yexeqnadzorda birləşmiş qərargahımız olacaq. Daha sonra biz Naxçıvanla həmsərhəd ərazilərdə patrul xidməti aparmaq üçün Yexeqnadzorda operativ baza açacağıq”, - Ritter vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası (EUMA) 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Onun şəxsi heyətinin ümumi sayı 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçidir.

Mandata əsasən, Aİ missiyası iki il müddətinə nəzərdə tutulub. Onun məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyin təşviqi, Qarabağ münaqişəsinin təsirinə məruz qalan regionlarda etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması olacaq. 

Bütün bunların fonunda Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Kərim Vəliyevin Türkiyəyə rəsmi səfəri ilə bağlı xəbərlər də diqqəti cəlb edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakın dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Vəliyevin Türkiyənin ordu rəhbərliyi ilə bir sıra görüşlər həyata keçirməsi planlaşdırılır. Səfər zamanı hərbi, hərbi-texniki, hərbi-təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bununla belə, aydındır ki, bu görüşlər zamanı Cənubi Qafqaz regionunda sərhədyanı ərazilərdəki vəziyyət də müzakirə olunacaq. Türkiyə rəhbərliyinin bölgədə son həftələrin gərginliyi ilə bağlı nə düşündüyünü söyləmək çətindir.

Və yeni müharibənin kimin maraqlarına uyğun ola biləcəyi və vəziyyətin bu cür inkişafının kimə sərf etdiyi o qədər də aydın deyil. Hər halda, Avropanın marağında deyil. Çünki Aİ Cənubi Qafqaz vasitəsilə qaz və neft kimi mühüm enerji resurslarını alır və bu cür kommunikasiyaların zədələnməsində qətiyyən maraqlı deyil.

Bu arada, gərginliyin artması fonunda Dövlət Departamentinin iki yüksək vəzifəli rəsmisi “Turan”ın Vaşinqton bürosuna bildiriblər ki, Azərbaycan və Ermənistan arasında ABŞ-ın dəstəklədiyi sülh prosesi davam edir.

Bu barədə jurnalistlərə məlumat verən rəsmilər xatırladıblar ki, Bayden administrasiyası bir neçə ildir bölgədə ədalətli, dayanıqlı və davamlı sülh üçün həll yolları tapmağa çalışır və bu proses dayanmayıb. “Tərəflər dialoqu davam etdirmək üçün Vaşinqtona qayıtmağa hazırdırlar”, - mənbə qeyd edib.

Dövlət Departamentinin sözçüsü deyib: "Bizim burada, Vaşinqtonda üç raund görüşümüz oldu. Avropada başqa görüşlər də keçirildi və ruslar bir neçə danışıqlar apardılar".

Onlar bildiriblər ki, ABŞ son bir neçə gün ərzində “bütün səviyyələrdə” danışıqlar aparır: dövlət katibi Antoni Blinken həftə sonu həm prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyanla danışıb.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim son bir həftə ərzində Azərbaycanın xarici işlər naziri Bayramovla iki dəfə danışıb.

“Və bu, yalnız bu həftə sonu baş tutan danışıqlardır... Bu, çox mürəkkəb məsələlər toplusunda irəliyə doğru yol tapmaq üçün davamlı, intensiv səydir”, - Dövlət Departamentinin rəsmisi deyib. Onun sözlərinə görə, ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono bütün tərəflərlə gündəlik əlaqə saxlayır və bölgəyə çoxsaylı səfərlər edib.

Razılaşma olmadığı təqdirdə qarşıdakı günlərdə zorakılığın baş vermə ehtimalı ilə bağlı suala Departament rəsmisi belə cavab verdi: “Biz heç bir əlamət görməmişik və eşitməmişik”.

ABŞ həmçinin hesab edir ki, söhbət Qərb və Rusiya arasında qarşıdurmadan getmir. “Rusiyanın bu regionda tarixi var. Biz Rusiyanı sıxışdırmağa çalışmırıq”, - deyə rəsmi Moskvanın bu prosesdəki rolu ilə bağlı sualı cavablandırarkən qeyd edib.

“Hər iki tərəf qərarlıdır. Onlar bu prosesi sona qədər aparmaq niyyətinə sadiq qalırlar. Sülhə nail olmaq üçün siyasi iradə var”, - deyə Dövlət Departamentinin nümayəndəsi yekunlaşdırıb.

Tehran da yaranmış vəziyyətdən təşvişə düşmüş kimi görünür. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani mətbuat konfransı zamanı İranın şimal qonşuları ilə ortaq sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirib. Kənani İranın öz sərhədlərinin qorunmasına sadiq olduğunu vurğulayaraq, Qafqazda vəziyyətin inkişafını yaxından izlədiklərini bildirib.

O, İranın həm Azərbaycan Respublikasının, həm də Ermənistanın hakimiyyət orqanları ilə davamlı təmaslarının olduğunu söyləyib. Kənanın sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın yeni hərbi münaqişə təşəbbüskarı olması ehtimalından narahatlığını bildirib.

Bunun əksinə olaraq, Azərbaycan hakimiyyəti hərbi hücumlar həyata keçirmək niyyətində olmadığı ilə bağlı fərqli mesaj verib. Onlar izah ediblər ki, qoşunların son hərəkəti qışın yaxınlaşması ilə bağlı olan adi hərbi əməliyyatın bir hissəsidir. Çünki dağlıq ərazilərdə çətin relyef naviqasiyanı getdikcə çətinləşdirir.

Bir sözlə, bu gün tərəflərin heç biri hər hansı hərbi aksiyaya başlamaq və ya ona kənardan dəstək vermək istəyini təsdiq etmir. Bununla belə, narahatlıq azalmır, yəni onu yaradan səbəblər qalır.

Bəziləri hesab edir ki, bütün bu əsəbi vəziyyət Moskvanın başladığı oyundur - Ermənistanda panik əhval-ruhiyyə yaratmaq, bununla da baş nazir Paşinyana qarşı narazılığa səbəb olmaq, ona qarşı etirazların başlamasına və mümkün olarsa, onu devirməyə nail olmaq. Kremlin Ermənistanla bağlı belə bir məqsədinin olduğunu görməmək mümkün deyil. Sadəcə olaraq buna oradakı moskvayönümlü müxalifətin xalq tərəfindən dəstəyi kifayət etmir. Bütün hallarda, bütün bu həyəcanlı aktivliyin necə bitəcəyini bu gün proqnozlaşdırmaq mümkün deyil. Biz ancaq hakimiyyətdə olanların ehtiyatlılığına, onların kəskin və təhlükəli addımlar atmaqdan çəkinəcəyinə ümid edə bilərik.

Rauf Orucov