Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistana son seçim təklif edilib
Ekspert: “Erməni elitası qəflətən anladı ki, ABŞ öz nümayəndəsinin dili ilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı seçim edib”

“Vaşinqton inanır ki, Qarabağın erməni sakinlərinin hüquqları və təhlükəsizliyi Azərbaycanın tərkibində təmin oluna bilər”. Bunu ABŞ-ın İrəvandakı yeni səfiri Kristina Kvin Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar çoxdan bəyan edir ki, Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi qorunmalıdır: “Danışıqlar aparılmalıdır və onun nəticəsi region sakinlərinin hüquq və təhlükəsizliyini qorumaq olmalıdır”

“Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağda insanlar öz evlərində, öz mühitlərində özlərini təhlükəsiz hiss etməli, dinc ailə həyatı yaşaya bilməli və öz icmalarında aktiv fəaliyyətə cəlb olunmalıdırlar. Ona görə də, Birləşmiş Ştatlar hesab edir ki, bu prinsiplər danışıqları çərçivəsində təmin edilməlidir”, - “Armenia Today” ABŞ səfirindən sitat gətirir.

Onun sözlərinə görə, tərəflər Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin qorunması üçün birgə hərəkət etməlidirlər və onlar “müvafiq təminatlara ehtiyac olduğunu bəyan ediblər”.

"İndi qalır bunun yolunu tapmaq", - Kvin deyib.

Bakı ilə Xankəndi arasında dialoqun təşkilinin mümkün olub-olmaması ilə bağlı suala cavab verən diplomat bildirib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən düzgün yoldur.

Bakı və İrəvan arasında aparılan danışıqlarda Rusiyanın roluna toxunan amerikalı diplomat “Ukraynadakı aqressiv hərəkətlərə görə” Kremli “etibarsız tərəfdaş” adlandırıb.

Beləliklə, ABŞ səfirinin sözlərindən belə nəticə çıxır ki, Vaşinqton Qarabağ ermənilərinin hüquqları məsələsinin Azərbaycanın daxilində həll olunmalı olduğunu və onların yerli icmalar səviyyəsində regional idarəetməyə cəlb oluna biləcəklərini hesab edir.

Ən diqqətəlayiq məsələ odur ki, bu açıqlamaları ABŞ-ın Bakıdakı səfiri deyil, İrəvandakı səfiri verib. Bu, ilk belə haldır. Maraqlıdır, Amerikanın Qarabağ ermənilərinin gələcəyi ilə bağlı mövqeyi qətidirmi? Çünki belədirsə və Vaşinqton Kremlin bu məsələni necə təsəvvür etdiyini nəzərə almırsa, o zaman belə çıxır ki, ABŞ ümumilikdə Azərbaycanın prinsipial mövqeyini dəstəkləyir. Bəs bu mövqe nə qədər qəti və ardıcıl olacaq? Vaşinqtonun mövqeyi bəzi yeni şərtlər altında dəyişə bilərmi? Vaşinqtonun hazırda belə bir mövqeyinin olduğunu nəzərə alan Azərbaycan Qarabağ erməniləri ilə danışıqları sürətləndirməli deyilmi?

Müstəqil analitik Rəşad Rzaquliyev baş verənlərlə bağlı fikirlərini Press Klubla bölüşüb.

O, ABŞ-ın hazırkı administrasiyasının Cənubi Qafqaz və xüsusilə Ermənistan-Azərbaycan dövlətlərarası münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsini müşahidə etməyi çox maraqlı hesab edir.

“Obyektiv desək, amerikalılar ürəkdən erməni tərəfinə kömək etmək istəyərdilər. Necə ki, 26 il ərzində Vaşinqtondakı erməni lobbisinin bütün şıltaqlıqlarına uyaraq, bunu edirdilər. 1992-ci il Azadlığın Müdafiəsi Aktına "907 saylı düzəliş"i xatırlayaq. Amerika-erməni işbirliyinə dair başqa faktlar da var...

ABŞ 2018-ci ildə baş verən erməni “inqilabını” məmnuniyyətlə qarşıladı... Hər şey bir kənara, amma o vaxta qədər Ermənistan bütün məlum mənalarda artıq tamamilə Rusiyanın altında idi... Amerika diplomatiyası hətta Ermənistanın 2020-ci ildə Azərbaycana məxsus olan Qarabağ uğrunda müharibədə məğlub olmasına, rəsmi İrəvanın mövqeyinin bütün ədalətsizliyinə baxmayaraq, birmənalı şəkildə, hətta “susaraq” belə, bizim ədalətli mövqeyimizi dəstəkləmədi. Nensi Pelosinin 2022-ci ilin sentyabrında İrəvanda müşahidə edilən “acı göz yaşları” bunun əyani təsdiqidir.

Rusiyanın Ukraynaya təcavüzünə qədər ABŞ Ermənistanı böyük dövlətlərin maraqlarının dinc yaşamasının mümkün olduğu, bir növ mehriban geosiyasi “offşor zona” kimi qəbul edərək, ermənilərin müasir güc mərkəzləri arasında melodramatik sıçrayışlarına anlayışla yanaşırdı. Amma bu gün Amerikanın altruist dostluğu, demək olar ki, sona çatıb. Rəqəmsal əsr və qlobal böhran, Avropadakı müharibə və Avrasiya boyu hərbi-siyasi təlatümlərin kəskinləşməsi Amerika “Dərin Dövlətini” rasional və sərt davranmağa məcbur edib.

2020-ci il müharibəsi Cənubi Qafqazda işlərin əsl vəziyyətini üzə çıxardı, yetim, mifik “Bibliya Ermənistanına” dəstəyin, dinamik, iqtisadi və hərbi-siyasi cəhətdən inkişaf etməkdə olan Azərbaycanın xeyrinə dəyişməsini şərtləndirdi. Rusiya və İranın regionda təsiri azaldıqca, ABŞ və İngiltərənin strateji tərəfdaşları olan Türkiyə Cümhuriyyəti ilə birlikdə rolu hədsiz dərəcədə artacaq...

Anqlosakson dünyası üçün Böyük Yaxın Şərq regionunun gələcəyinin proqnozlaşdırılması baxımından bu gün Azərbaycan ciddi maraq kəsb edir...

İndi bir az da ABŞ səfiri Kristina Kvinin Ermənistan İctimai Televiziyasının efirində verdiyi açıqlamaların Ermənistanda niyə belə təsir bağışlaması barədə danışaq.

Birincisi, ona görə ki, həm iqtidarda, həm də müxalifətdə olan elitalar psixoloji sarsıntı keçirmiş erməni cəmiyyətini böyük miqdarda informasiya antidepresanları ilə bəsləyirdilər. Reallığa qısa bir dönüş yenidən şiddətli ekzistensialist ağrıya səbəb oldu.

İkincisi, erməni elitası qəflətən anladı ki, ABŞ rəsmi olaraq öz nümayəndəsinin dili ilə Azərbaycanın ərazi bütövlüyü və Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı seçim etdiyini elan edib.

Üçüncüsü, Ermənistana bütün bunlardan doğan nəticələri nəzərə alaraq, öz taleyi ilə bağlı son və məsuliyyətli seçim etmək təklif edilib”, - deyə politoloq yekunlaşdırıb.

Rauf Orucov