Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistana sərt xəbərdarlıq: “Dövr bitir”
Rusiya rəhbərliyi İrəvanı təhdidə başladı

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə verdiyi geniş müsahibədə Rusiya-Ermənistan münasibətlərində yaranmış dərin etimadsızlıq mühiti, İrəvanın Avropa İttifaqına (Aİ) doğru geosiyasi "sürüşməsi" və bunun qaçılmaz iqtisadi fəsadları barədə silsilə xəbərdarlıqlarla çıxış edib. Overçuk Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatlarını sərt şəkildə tənqid edərək, Moskvanın artıq diplomatik nəzakət naminə reallıqları gizlətməyəcəyini və "sözlərə deyil, əməllərə" əsaslanacağını xüsusi vurğulayıb.

Müsahibənin girişində Aleksey Overçuk Ermənistan rəhbərliyinin həm ikitərəfli görüşlərdə, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) formatında nümayiş etdirdiyi davranışlara toxunub. O bildirib ki, Ermənistan tərəfi zahirən Rusiya ilə dostluqdan və müttəfiqlik öhdəliklərinə sadiqlikdən danışsa da, real faktlar tamamilə fərqli mənzərə yaradır. Overçuk vurğulayıb ki, həmkarları artıq elə bir təhlükəli nöqtəyə yaxınlaşıblar ki, oradan sonra iqtisadi münasibətlərin köklü şəkildə yenidən qurulması qaçılmaz olacaq.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Ermənistan hökumətini ticarət-iqtisadi əlaqələrin gələcək vəziyyəti ciddi şəkildə narahat edir. O vurğulayıb ki, Qərb siyasətçilərinin Ermənistanı Rusiya ilə əlaqələri kəsməyə çağırması sadəcə siyasi şantajdır və bu yolun sonunda erməni xalqını real iqtisadi fəlakət gözləyir. Overçuk deyib ki, Ermənistanın Qərb tərəfindən "peşəkar şəkildə yoldan çıxarılması" reallıqdan uzaq qərarların qəbuluna və uzunmüddətli perspektivdə aşkar maddi ziyana yol açır.

Ermənistanın Aİİ üzvlüyündən qazandığı faydaları xatırladan Overçuk, İrəvanın Qərbə meyillənməsinin artıq konkret rəqəmlərlə ifadə olunan itkilərə səbəb olduğunu bildirib. O diqqətə çatdırıb ki, son bir ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 11,5 milyard dollardan 6,4 milyard dollara düşüb. Overçuk bu kəskin azalmanı 5,1 milyard dollarlıq "güvən itkisi" adlandırıb.

O vurğulayıb ki, Rusiyalı sahibkarlar Ermənistanın siyasi kursundakı qeyri-müəyyənliyi görərək, bu ölkə ilə əlaqələri məhdudlaşdırırlar. Overçuk qeyd edib ki, Ermənistanın Aİİ-yə ixracı 10 il ərzində 12,5 dəfə artdığı halda, Aİ-yə ixracı cəmi 1,5 dəfə, ABŞ-a isə cəmi 2,2 dəfə artıb. Bu isə o deməkdir ki, Ermənistan məhsullarının yeganə real və geniş bazarı hələ də Avrasiya məkanıdır. Baş nazirin müavini qeyd edib ki, Ermənistanın ixracatçılarının məhsullarını almağa real maraq məhz Aİİ ölkələrindədir.

Müsahibəsində regional logistika və nəqliyyat dəhlizləri mövzusuna geniş yer ayıran Overçuk, Ermənistan ərazisindən keçməsi planlaşdırılan kommunikasiyaların gələcəyini qaranlıq qiymətləndirib. O bildirib ki, Azərbaycanın Naxçıvanla birbaşa dəmir yolu əlaqəsi yaratmaq istəyi Türkiyənin fəal iştirakı ilə artıq praktiki mərhələyə qədəm qoyub. Baş nazirin müavini vurğulayıb ki, Türkiyə tərəfi artıq öz ərazisində 224 km-lik yeni dəmir yolu xəttinin tikintisinə 2,8 milyard dollar vəsait ayırıb və işlərə başlayıb.

Rusiya rəsmisi Vaşinqtonda imzalanan sənədlərə və "Tramp marşrutu"na toxunaraq, Ermənistanın bu layihədə cəmi 26% payla kifayətlənməsini kəskin tənqid edib. O, diqqətə çatdırıb ki, Ermənistan Üçtərəfli İşçi Qrupundan uzaqlaşmasaydı, bu yol artıq hazır olardı və tamamilə Ermənistanın suverenliyi altında fəaliyyət göstərərdi. İndi isə əsas yük axını Ermənistandan yan keçərək, birbaşa Türkiyəyə yönələcək.

Overçuk həmçinin bildirib ki, bu proses 1828-ci ildən (Türkmənçay müqaviləsi) bəri bölgədə mövcud olan regional balansı pozub. O vurğulayıb ki, Rusiyanın bu proseslərdən sıxışdırılıb çıxarılması bölgəyə sülh deyil, yeni gərginlik ocaqları gətirəcək.

Ermənistan dəmir yollarının (CQDY) idarəçiliyi ətrafında yaranan mübahisələrə toxunan Overçuk, Ermənistan mətbuatında yayılan "pis idarəetmə" iddialarını rəqəmlərlə təkzib edib. O bildirib ki, 2008-ci ildə Rusiya dəmiryolçuları gələndə orta sürət 26,4 km/saat idi, 2025-ci ilə qədər isə bu göstərici 42,3 km/saata çatdırılıb. O vurğulayıb ki, bu, Qafqaz regionunda ən yüksək orta sürətdir.

Overçuk qeyd edib ki, dəmir yoluna qoyulan milyardlarla dollarlıq investisiyaların geri qayıtması üçün sabit ticarət mühiti lazımdır. O xəbərdarlıq edib ki, Ermənistan rəhbərliyi Rusiya idarəçiliyini arzuolunmaz hesab edirsə, onda qarşılıqlılıq prinsipi işə düşəcək. "Niyə Rusiya şirkətləri Ermənistanda işləyə bilməməlidir, amma erməni biznesi Rusiyada sərbəst pul qazanmalıdır?" sualını verən Overçuk, bu məsələnin tezliklə açıq müstəviyə keçəcəyini bildirib.

Müsahibədə ən diqqətçəkən məqamlardan biri Ermənistandakı yeni texnologiya layihələri ilə bağlıdır. Overçuk bildirib ki, Qərb ölkələri özlərində enerji xərclərini və seçicilərin narazılığını azaltmaq üçün süni intellekt (Sİ) üçün lazım olan enerji tutumlu data-mərkəzləri Ermənistan kimi ölkələrə köçürməyə çalışırlar. O vurğulayıb ki, bu mərkəzlər ölkədə real iş yerləri yaratmır, əvəzində elektrik enerjisinin qiymətinin yerli əhali və biznes üçün kəskin artmasına səbəb olur.

Overçuk qeyd edib ki, Ermənistan "texnoloji sıçrayış" illüziyasına qapılaraq, əslində başqalarının enerji xərclərini ödəyən tərəfə çevrilir. O toxunub ki, bu mərkəzlərin idarə olunması üçün şaquli nəzarət tələb olunur ki, İrəvan da məhz bu məqsədlə enerji sektorunda Rusiyanın payını azaltmağa çalışır.

Metsamor AES-in istismar müddətinin uzadılması barədə danışan Overçuk, "Rosatom"un bu sahədə yeganə peşəkar tərəfdaş olduğunu bildirib. O vurğulayıb ki, atom stansiyasının təmir işlərinin seysmik zonalarda təcrübəsi olmayan Qərb podratçılarına verilməsi texnoloji və ekoloji risklər yaradır. Overçuk xəbərdarlıq edib ki, yeni blokun tikintisi ilə bağlı ilin sonuna qədər qərar verilməzsə, Ermənistan yaxın onillikdə kəskin enerji qıtlığı ilə üzləşəcək və bu boşluğu baha qiymətə idxal enerjisi ilə doldurmalı olacaq.

O diqqətə çatdırıb ki, Rusiya hazırda dünyanın 9 ölkəsində 26 böyük güclü blok tikir və bu sahədə rəqibi yoxdur. Amerikalıların və avropalıların isə hələ bir dənə də olsun tikilmiş modullu enerji bloku yoxdur. Overçuk qabardıb ki, Ermənistan rəhbərliyi siyasi motivli qərarlarla ölkənin enerji təhlükəsizliyini riskə atır.

Rusiyalı sahibkarın elektrik enerjisi sahəsindəki mülkiyyətinin müsadirə olunması məsələsinə toxunan Overçuk, bunun Ermənistanın investisiya cəlbediciliyinə ağır zərbə vurduğunu bildirib. O vurğulayıb ki, mülkiyyət hüququ istənilən iqtisadi münasibətlərin əsasında dayanır və dövlət tərəfindən bir investorun mülkiyyətinin əlindən alınması digər investorlarda ciddi narahatlıq yaradır. Overçuk qeyd edib ki, bu cür hərəkətlər ölkənin investisiya risklərini artırır və aktivlərin dəyərini aşağı salır.

Aleksey Overçuk müsahibəsinin sonunda Moskvanın mövqeyini qəti şəkildə ifadə edib. O bildirib ki, Rusiya Ermənistanın firavan qonşu olmasını istəsə də, Ermənistan rəhbərliyinin Rusiyanın işgüzar iştirakını "arzuolunmaz" elan etməsi qarşılıqsız qalmayacaq. Overçuk vurğulayıb ki, Rusiya tərəfi artıq hər şeyin qaydasında olduğu görüntüsünü yaratmayacaq: "Vəziyyət fərqli olduğu halda, biz diplomatik şəkildə hər şeyin həmişəki kimi davam etdiyi illüziyası yaratmayacağıq".

Overçuk Ermənistanın Avropa inkişaf vektoru çərçivəsində atdığı addımların nəticələrini təmkinlə, lakin dürüst şəkildə qiymətləndirməyin vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, qarşılıqlı ticarət və biznesin inkişafı yalnız qarşılıqlı hörmət və maraqların balansı şəraitində mümkündür.

Turqut