Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənilərin köhnə arzusu: Yevlaxa kimi gələ biləcəklərmi?
Rəsmi Bakı Qarabağ erməniləri ilə danışıqları harada aparmalıdır…

Azərbaycan çərşənbə axşamı Xankəndi nümayəndələri ilə Slovakiyanın paytaxtı Bratislavada keçirilməli olan görüşdən imtina edib. Bunu “Artsax prezidenti yanında anti-böhran şurası”nın rəhbəri Tiqran Petrosyan deyib.

Bundan əlavə, “Qız qalası” telegram kanalının məlumatına görə, Petrosyan bildirib ki, Moskva görüşün Yevlaxda keçirilməsini təklif edir.

Xatırladaq ki, Azərbaycan Prezident Administrasiyası reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün Qarabağın erməni icmasının nümayəndələrini iki dəfə görüşə dəvət etmişdi. Bu görüşlərin Bakıda keçirilməsi nəzərdə tutulurdu.

Amma separatçıların rəhbərləri əvvəlcə görüşün Bakıda deyil, sülhməramlıların qərargahında, sonra isə “beynəlxalq vasitəçilərin” iştirakı ilə keçirilməsini tələb etdilər. Bundan sonra prezident İlham Əliyev bildirdi ki, Bakı onları bir daha danışıqlara dəvət etməyəcək, ermənilər separatçı strukturları ləğv edərək, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Və onlar yalnız bu halda amnistiyaya ümid edə bilərlər.

Öz növbəsində Turan agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir ki, Azərbaycan hakimiyyəti avqustun 1-də Bakı və Xankəndi nümayəndələri arasında Bratislavada keçirilməsi nəzərdə tutulan görüşdən imtina edib. Agentliyin məlumatına görə, bu görüşün keçirilməsi üçün Qərb dairələri lobbiçilik ediblər.

Hazırda Hollandiyada yaşayan tarixçi Arif Yunus isə Turan-a bildirib ki, “Bakı ilə Xankəndi nümayəndələri arasında potensial görüş Avropa ölkələrindən birində, ola bilsin ki, Bolqarıstanda təşkil olunur”. Arif Yunusun Avropa institutlarındakı mənbələri bildiriblər ki, amerikalı vasitəçilər Qarabağ prosesində əhəmiyyətli, lakin gözə görünməyən rol oynayır və görüşün neytral ərazidə keçirilməsinə çalışırlar. Onlar bildiribilər ki, Azərbaycan tərəfi görüşün perspektivindən narazıdır, lakin Bakı üçün amerikalı vasitəçilərin iştirakından açıq şəkildə imtina etmək çətindir.

Lakin son qeyri-rəsmi məlumatlara görə, Bakı separatçı rəhbərliyin nümayəndələri ilə Azərbaycan ərazisində keçirilməyəcək danışıqlardan imtina etmək qərarına gəlib. Azərbaycan rəhbərliyinin bu prinsipiallığının arxasında nəyin durduğunu söyləmək çətindir. Mümkündür ki, bu, belə görüşlərin yalnız Bakıda keçirilməli olması ilə bağlı əvvəllər bəyan edilmiş mövqedən irəli gəlir.

Amerikalılar niyə Bakı-Xankəndi danışıqlarının neytral ərazidə və onların vasitəçi kimi iştirakı ilə keçirilməsini istəyirlər? Bu da başqa sualdır. Bütün bunların sonu necə olacaq? Bu cür danışıqları təşkil etməkdən kim daha çox yayınır - öz maraqlarına görə separatçılar, yoxsa Azərbaycan rəhbərliyi? Bu görüş kimə daha az, kimə daha çox lazımdır?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev deyir ki, burada hər şey kifayət qədər sadədir.

Onun fikrincə, Azərbaycan dövləti bu məsələnin beynəlmiləlləşməsində maraqlı deyil. “Yəni, təbii ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər, onların oyuncaq strukturları bu danışıqlara mümkün qədər çox dövlətin cəlb edilməsində maraqlıdırlar. Amma bu, beynəlxalq hüquq baxımından da qəbuledilməzdir. Onlar bütün bu illər ərzində bu yolla beynəlxalq hüququn subyekti olmağa layiq olduqlarını nümayiş etdirməyə çalışıblar. Təbii ki, Azərbaycan Qarabağ erməniləri ilə tamamilə başqa dövlətin ərazisində danışıqlar aparmaq təklifini tam haqlı olaraq rədd edir”, - siyasətçi deyir.

Amerikanın burada iştirakına gəlincə, onun fikrincə, prosesdə iştirak edənlər bir növ QHT-lərdir, yəni bu o demək deyil ki, danışıqları rəsmi Vaşinqton özü təşkil edir: “Təbii ki, qeyri-rəsmi danışıqlarda, görüş hazırlığında ABŞ vətəndaşlarının hər hansı iştirak ABŞ hökumətinin bununla hansısa əlaqəsi olması anlamına gəlmir”.

Ağayev hesab edir ki, söhbət Azərbaycan hakimiyyəti ilə erməni millətindən olan Azərbaycan vətəndaşları arasında gələcək münasibətlərdən gedirsə, bu münasibətlər şaquli xətt prinsipi əsasında qurulmalıdır: “Və bu “şaquli” danışıqlar yalnız Azərbaycan ərazisində aparılmalıdır. Ancaq Azərbaycan ərazisində. Bu, birincisi.

İkincisi, mən uzun müddətdir amnistiya ilə bağlı xüsusi qanunun və aktın qəbul edilməsini təklif edirəm. Bu amnistiya hansı şərtlərlə və kimə şamil edilə bilər? Belə bir qanun niyə lazımdır? Həm bütövlükdə Azərbaycanın münasibəti baxımından, həm də onun erməni vətəndaşlarının əminliyi üçün. Təbii ki, Azərbaycanın hələlik sülhməramlı missiyanın nəzarətində olan hissəsində əhalinin siyahıyaalınmasına ehtiyac yaranır. Hətta mülkiyyət, ictimai asayiş, təhlükəsizlik məsələləri də meydana çıxır. Hesab edirəm ki, belə qanun layihələrinin hazırlanması zərurəti çoxdan yaranıb. Bu sahədə kifayət qədər mütərəqqi qanunların qəbulu həm də dünya ictimaiyyəti üçün o demək olacaq ki, Azərbaycan dövləti 2025-ci ilin sonuna qədər Rusiya hərbçilərinin nəzarətində olacaq ərazi də daxil olmaqla həqiqətən də asayişi və təhlükəsizliyi, təmin etmək niyyətindədir”, - ekspert yekunlaşdırıb.

Rauf Orucov