Ermənilərin geriyə dönüş müəmması
Deputat: “Onlar başqa ölkələrə köçə bilmək imkanında olduqları üçün xoşbəxtdirlər”
15 Noyabr 2023
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov İtaliyanın “In Terris” nəşrinə müsahibəsində bir sıra sualları cavablandırıb.
Əmirbəyov digər məsələlərlə yanaşı, Qarabağdakı erməni sakinlərin sayı və Ermənistana gedənlərin mümkün qayıdışına toxunub. Səfir ilk olaraq xatırladıb ki, onlar hələ də vətəndaşlıq almaq üçün müraciət etmədiklərindən Azərbaycan vətəndaşı sayılmırlar:
“Onların əksəriyyətinin Ermənistan pasportu var və ən azı üçdə biri Qarabağdan olan mühacir deyil, son onilliklərdə Qarabağda qeyri-qanuni məskunlaşan ermənilərdir. Cəmi mindən də az adam Azərbaycan vətəndaşlığı üçün müraciət edib və separatçı fəaliyyətdən əl çəkəcəyi ilə bağlı öhdəlik götürüb”.
“Biz başa düşürük ki, 30 illik münaqişədən sonra bölgədən qaçmaq proqnozlaşdırılan seçimdir. Lakin bu, onların şəxsi seçimidir. Baxmayaraq ki, Azərbaycan hökuməti onları ölkəni tərk etməməyə çağırırdı. Biz onların Azərbaycana mümkün qədər tez qayıtmasına imkan verən portal yaratmışıq və bu insanların təhlükəsizliyini, hüquqlarını və iqtisadi rifahını təmin etməyi öhdəmizə götürürük. Qarabağdan köçənlərlə əlaqələrini nəzərə alaraq hesab edirik ki, orada qalan azsaylı şəxslər müsbət rol oynaya bilərlər”, - deyə Elçin Əmirbəyov vurğulayıb.
Səfirin sözlərindən belə çıxır ki, Qarabağ erməniləri arasından minə qədər adam ölkəmizin vətəndaşlığını almaq üçün Azərbaycan hakimiyyətinə müraciət edib. Erməni mənbələri isə 19-20 sentyabr əməliyyatından sonra Qarabağı 100 minə yaxın erməninin tərk etdiyini iddia edir. Üstəlik, İrəvan mediasının məlumatına görə, onlardan 30 mini artıq Ermənistanı həmişəlik tərk edib.
Yəni, son iki ayın nəticələrinə görə, yalnız minə yaxın erməni rəsmi Bakının hakimiyyəti altında yaşamaq istəyini bildirib. Əmirbəyov hesab edir ki, Qarabağda qalan (köçüb getməyən) az sayda erməni (nədənsə onların dəqiq sayı açıqlanmır) hazırda qonşu ölkədə qaçqın statusunda olan tanışlarına və qohumlarına hansısa şəkildə təsir göstərə bilərlər və onlar da Qarabağa qayıtmağa və Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşarlar. Bəs bugünkü reallığı nəzərə alsaq, onların sayı nə qədər ola bilər? Yəni geriyə qayıtmaq meylləri güclənə bilərmi? Qarabağ ermənilərinin başqa ölkələrdə yaşamağa üstünlük verərək, Ermənistanın özünü də tərk etdiyini nəzərə alsaq, o zaman çətin ki, onların əhəmiyyətli bir hissəsi Azərbaycana qayıtmaq istəyəcək. Belə olsa, Xankəndinin və Qarabağın dağlıq hissəsindəki digər şəhərlərin boşalmış mənzillərində, oradakı ətraf kəndlərdəki evlərdə kimlər yaşayacaq?
Milli Məclisin deputatı, “Region” Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev old.pressklub.az-ın suallarını cavablandırıb.
Onun sözlərinə görə, səfir Əmirbəyov o mənada haqlıdır ki, Azərbaycanda qalan Qarabağ erməniləri gedən qohumlarına burada hər şeyin qaydasında olduğunu, yaxşı yaşadıqlarını və onlara heç bir mənfi münasibət olmadığını deyə bilərlər. “Nəticədə onların bəziləri bir müddət sonra qayıda bilər. Amma yəqin ki, bu rəqəm o qədər də çox olmayacaq.
Bununla belə, gəlin bu adamların Qarabağdan getməsinə baxaq. Onlar Bakının qalmaqla bağlı çağırışlarına baxmayaraq, Azərbaycanı öz istəkləri ilə tərk ediblər. Onlara vəd edilmişdi ki, normal həyatın davam etməsi üçün hər cür şərait yaradılacaq və hətta separatçı xuntanın hakimiyyəti altında olduqlarından da yaxşı yaşayacaqlar. Amma getdilər. Niyə? Çünki əslində onlar başqa ölkələrə köçmək qərarına gəliblər. Fransaya, Amerikaya və s. Məsələ ondadır ki, onlar uzun illər – 30 il qanunsuz rejimin təzyiqi altında yaşayıblar və orada yaşayan ermənilərin sayını süni şəkildə artırmaq üçün onları Qarabağda qalmağa məcbur ediblər. Və hətta bu göstəricini qaldırmaq üçün başqa ölkələrdən – Suriyadan, Livandan erməniləri ora köçürüblər. İndi isə bu insanlar harada yaşayacaqlarını özləri seçə bildikləri üçün xoşbəxtdirlər”, - analitik bildirir.
O qeyd edib ki, daha bir nüans var və bu, Ermənistan rəhbərliyinin Qarabağ ermənilərinin vətənə qayıtması üçün beynəlxalq təminat tələb etməsidir. “Lakin Azərbaycan bu yanaşmanı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir və təbii ki, bununla razılaşmayacaq. Yəni ermənilərin Qarabağa qayıtması üçün heç bir beynəlxalq təminat mexanizmləri tətbiq edilməyəcək.
Və çox güman ki, bir çox ermənilər geri qayıtmaq istəməyəcəklər. Artıq sosial şəbəkələrdən və mediadan da gördüyüm kimi, ermənilər sadəcə olaraq Azərbaycan bayrağı altında yaşamaq istəmirlər, yaşamaq istəyənlərin sayı isə o qədər də çox deyil. Ona görə də, biz çox güman ki, geri qayıdan ermənilərin sayında artım tendensiyası görməyəcəyik”, - Nurullayev deyir.
O xatırladıb ki, hələ birinci müharibədən əvvəl, ötən əsrin 80-ci illərinin sonlarında Xankəndində 14 mindən çox azərbaycanlı yaşayıb. “Şəhərdə 4 saylı Azərbaycan məktəbi və deyəsən, başqa bir azərbaycanlı məktəbi də var idi. Beləliklə, bu insanlar, onların övladları və nəvələri (bu, artıq 25 min nəfərə yaxın edir) öz evlərinə qayıda biləcəklər. Qovulduqdan sonra onların mənzillərini ora başqa ölkələrdən və Ermənistandan köçən ermənilər zəbt ediblər.
Düşünürəm ki, Azərbaycan hökuməti ermənilərin hələ də boş qalan mənzillərinin həllini tapacaq. Çünki mənzil uzun müddət istifadə olunmadıqda, pis vəziyyətə düşür. Bir vaxtlar Ermənistandan 350 minə qədər azərbaycanlı qaçıb, indi də onların arasında evsiz, başı üzərində damı olmayan insanlar var. Evə ehtiyacı olan başqa qaçqınlar da var. Və əgər ermənilər öz evlərinə qayıtmaq istəməsələr, o zaman Azərbaycan hökuməti yəqin ki, onlarla bağlı qərar verəcək.
Xankəndidən kənarda yerləşən digər yaşayış məntəqələrinə - Əsgəran, Ağdərə, Xocavənd, Xocalı, Hadruta gəlincə, vaxtilə orada da müəyyən sayda azərbaycanlı yaşayıb. İndi onlar da öz evlərinə qayıdacaqlar, bu onların qanuni mülküdür. Təbii ki, bu şəhər və kəndlərdə çoxlu sayda erməni mülkləri, evləri boş qalacaq və onlar haqqında qərar verilməlidir. Hələlik hakimiyyət bunu etməyə tələsmir, çünki ermənilər müxtəlif beynəlxalq qurumlarda, məsələn, Avropa İnsan Haqları Məhkəməsində (AİHM) öz əmlakları ilə bağlı məsələ qaldıra bilərlər. AİHM isə belə hallarda adətən mülkiyyətçilərin hüquqlarını qoruyur. Deməli, bu, gələcəkdə həll olunacaq məsələdir”, - deyə deputat yekunlaşdırıb.
Rauf Orucov